Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:40

Bakıda 30 manata satılan zərdab rayonlarda tapılmır...


«Bizm yol»qəzetinin baş redaktoru Bahəddin Həziyev

«Bizm yol»qəzetinin baş redaktoru Bahəddin Həziyev

«Bizm yol»qəzetinin baş redaktoru Bahəddin Həziyev ötən gün «Facebook» sosial şəbəkəsində Füzuli rayonunda yaşayan bacısı qızını ilan sancması ilə bağlı məlumat paylaşıb. Baş redaktorun məlumatında qeyd edilirdi ki, ilan zəhərini zərərsizləşdirən zərdabın tapılması müşkülə çevrilib. Baş redaktorun AzadlıqRadiosuna dediyinə görə, 2-cü sinifdə oxuyan bacısı qızını ilan vurduqdan sonra onlar əvvəlcə Füzuli rayon xəstəxanasına, daha sonra isə Beyləqana üz tutublar.

«İKİ RAYONDA ZƏRDAB TAPILMADI»

Həziyev deyir ki, çox axtarışlardan sonra 3 qramlıq ampulanı 150 manata tapa biliblər. Amma bir qədər sonra onun da köhnə olduğu üzə çıxıb:

«Beyləqandan bir nəfə dərman alverçisindən bir şüşə tapıblar. Əvvəl 200 manata deyib, sonra 150 manata razılaşmışdılar. Amma sonradan məlum olub ki, onun da saxlama müddətindən 4 ay keçib. Yəni iki rayonda zərdab tapılmadı».

BAKIDA 29 MANAT 90 QƏPİYƏ TAPILAN ZƏRDAB...

Bahəddin Həziyev deyir ki, bundan sonra o Bakıda zərdab axtarışlarına başlayıb və apteklərdən birindən 29 manat 70 qəpiyə alıb və onu Füzuli rayonun Əhmədbəyli kəndinə yola salıb:

«29 manat da ucuz deyil, amma rayonda 5 qat artıq qiymətə alverçilər satırlar. Halbuki, zərdab apteklərdə olmasa da xəstəxanalarda olmalıdır. Çünki belə hallarda insan birinci xəstəxanalara müraciət edir».

Füzuli rayon xəstəxanası ilə əlaqə saxlayıb bu deyilənlərə aydınlıq gətirə bilmədik. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseyn Ələkbərov isə deyir ki, onlara müraciət olunsaydı, Füzuli rayon sakinlərinə bir ampula borc zərdab verə bilərdilər. Baş həkimin sözlərinə görə, onlarda da zərdab çox deyil. Bütöv bir rayon üzrə cəmi 2-3 ampula zərdab ehtiyyatları var. Baş həkim deyir ki, xoşbəxtlikdən bu il onların rayonunda ilanvurma halı olmayıb.

O, 3 qramlıq bir ampula zərdabı təxminən 300 manata aldıqlarını deyir. Baş həkim bildirir ki, baha olduğu üçün çox almaq imkanları yoxdur:

«ADƏTƏN QONŞU RAYONLARLA BİR-BİRİMİZƏ KÖMƏK EDİRİK»

- Birdən ilan eyni vaxtda bir neçə nəfəri vurdu, onda nə edəcəksiz?

- Gərək onda respublikaya hay-küy salasan. Doğurdan da yoxdur. Elə olanda adətən qonşu rayonlar bir-birimizə kömək edirik, amma qonşu rayonlarda da yoxdur. Füzuli rayonunda da bilirəm zərdab yoxdur».

İlan zəhərinə qarşı zərdabın qıt, həm də baha olmasını baş həkim Azərbaycanda bu sahə ilə bağlı işləyən müəssisələrin dağılması və ölkənin idxaldan asılı olması ilə əsaslandırır:

«Əlaqədar təşkilatlar zərdabın ölkəyə idxalını çoxaltsa qiymət də münasib olar. Onda xəstəxanalar da lazımı qədər götürər. Necə ki, quduzluq iynəsi var. Ucuzdur deyə biz götürürük və hamını da təmin edirik. Hər it dişləyənə 10-15 gün iynə vururuq. Amma ilan vurmaya qarşı zərdab çox bahadır, bir ampulası 200-300 manatdır».

Zərdabın xəstəxanalardan deyil alverçilərdən tapılmasına gəlincə, baş həkim bunun hərbi hospitallardan çıxarılma ehtimalının olduğunu deyir:

«Mən eşitmişdim ki, burda rayonda hospitaldan çıxarıb hardasa 70 manata satırlar».

Rayonlarda əlaqə saxladığımız hərbi hospitallar isə belə iddiaları təkzib etdilər.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi xəstəxanaların köçürmə yolu ilə 200-300 manata aldığı dərmanın Bakıdakı apteklərdə 30 manata satılmasına isə çox təəccüblənir:

«BELƏ OLSA 50-100 DƏNƏ AMPULA ZƏRDAB ALMAQ OLAR»

«30 manata çox yaxşıdır, biz də köçürmə yolu ilə alarıq lap 50-60 manata. Belə olsa 50-100 dənə ampula zərdab almaq olar».

Arxiv foto

Arxiv foto

Azərbaycanda nə qədər zərdab ehtiyyatı olmasına, onun alverçilərin əlinə necə düşməsinə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliynə dəfələrlə müraciət etdik. Amma müraciətlərimizə cavab verən olmadı.

Nazirliyin mövqeyindən çıxış edən «Xocahəsən» sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev ilan zərdabı ilə bağlı Azərbaycanda heç bir problem olmadığını bildirir. Loğman Əliyevin sözlərinə görə, əslində həmin zərdabların saxlama müddəti çox olmadığından Səhiyyə Nazirliyi onu sifariş əsasında gətirir. Gətirilən zərdabın bir hissəsi rayon mərkəzi xəstəxanalarına verilir, qalan hissəsi isə nazirliyin İnnovasiya və Təchizat Mərkəzində saxlanlılır:


«İnnovasiya Mərkəzindən istənilən vaxt istənilən qədər gedib götürmək olar».

Rayon xəstəxanaları həmçinin bildirir ki, onlar ilan zərdabını əsasən Epidbiomed Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) alırlar.

Beyləqan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Hüseyn Ələkbərov da həmin müəssisənin adını çəkir.

Ancaq Epidbiomed Məhdud Məsuliyyətli Cəmiyyətdən isə bizə danışmaq istəmədilər.

Satınalmalar üzrə dövlət agentlyinin 2011-ci ildə keçirdiyi tenderin nəticələrində əsasən zərdab satışı ilə bağlı iki şirkətin- Epidbiomed MMC və AvroMedCompany MMC-nin adı göstərilib.

2012-ci ilin aprelindən iyul ayına qədər Azərbaycanda ilan sancması ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 106 müraciət daxil olub. Onlardan bir nəfərinin həyatını xilas etmək mümkün olmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG