Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:15

Məşhur rejissor Azərbaycan teatrında tamaşa hazırlamağa razılıq verib


Arxiv foto
Arxiv foto
-

Sentyabrın əvvəlində teatrlar yay tətilindən qayıdacaqlar və məşqlər başlayacaq. Sentyabrın 15-dən isə səhnənin pərdələri çəkiləcək və tamaşalar göstəriləcək.

«ŞEYX SƏNAN» GÜRCÜ VƏ AZƏRBAYCAN AKTYORLARIN İFASINDA

Akademik Milli Dram Teatrı mövsümə böyük planlarla başlamalıdır. Yunanıstandan və Polşadan tamaşa hazırlamaq üçün rejissorlar dəvət olunub. Polşadan gələcək rejissor Kşiştof Zanussidir. Bilmirəm onun geniş təqdimatına ehtiyac varmı? Bu yay Bakıda yerli kino rejissorlara ustad dərsi verən Zanussi Azərbaycanın Akademik Milli Dram Teatrda da məharətini göstərəcək. O yerli teatrda tamaşa hazırlamağa razılıq verib. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov:

- Zanussi Azərbaycana gələndə bizim teatrın yaradıcı heyəti ilə də görüşdü. Dəqiqləşdirdik ki, bir tamaşa hazırlayaq. Tamaşanın məşqləri nə zaman olacaq, bilinmir. Ancaq 2012-2013-cü il teatr mövsümündə bu proyekt reallaşmalıdır.

- Hansı əsərin üstündə dayanacaq, bunu bilirsiz?
- Bir neçə variant var. Bir variant üzərində daha çox dayanmışıq. Baxaq. Milli yox, dünya dramaturgiyasındandır, klassika deyil, müasir əsərdir.

Zanussinin çəkdiyi "Konstanta" filmi 1980-ci ildə Kann kinofestivalının "Ən yaxşı rejissor" nominasiyasında mükafat qazanıb.

Onun "Sakit Günəş ili" filmi isə 1984-cü ildə Venesiya Festivalının baş mükafatına layiq görülüb.

O həm də çoxlu sayda televiziya filmləri çəkib...

Kşiştof Zanussi
Kşiştof Zanussi
Bu, teatrın əcnəbi rejissorlarla ərsəyə gətirəcəyi son layihə deyil. Ötən il həmin teatrın səhnəsində «Don Juan» tamaşasını hazırlayan gürcü rejissoru Levan Suladze indi bir qədər fərqli təkliflə gəlir. Hüseyn Cavidin «Şeyx Sənan»ını hazırlayacaq. Ancaq bu dəfə azərbaycanlı aktyorlarla yanaşı gürcü sənətçiləri də eyni səhnədə oynayacaqlar.
Mövsüm isə Akademik Milli Dram Teatrında məşqləri hələ apreldən-maydan başlanan tamaşalarla açılacaq. Elçin Cəfərov:

- Rejissor Namiq Ağayev «Napaleon»u hazırlayacaq. Rafiq Əliyev Brextin əsəri əsasında «Kuraj ana»nı təhvil verəcək.

OPERA VƏ BALET TEATRINDA İTALİYA OPERASININ PREMYERASI

Opera və Balet Teatrı isə ənənəsinə xilaf çıxmayacaq. Mövsümü yenə də Üzeyir Hacıbəylinin əsərlərindən biri ilə açacaq. Sentyabrın 18-də - Hacıbəylinin doğum günündə «Koroğu» teatrın səhnəsində cövlan edəcək. Ancaq az sonra teatrda premyera olacaq. Teatrın mətbuat katibi Şükufə Ağamirzəyevanın dediyinə görə, bu dəfə İtaliya bəstəkarlarından birinin əsəri tamaşaçılara təqdim olunacaq:

- Sonra oktyabrın əvvəllərində kollektiv Minskə yollanacaq. Orda Qara Qarayevin «7 gözəl» baleti nümayiş etdiriləcək.

Teatr bu mövsümü yarıda da kəsə bilər. Opera və Balet Teatrı təmirə bağlanmalıdır. Şükufə Ağamirzəyeva deyir ki, bu haqda çoxdan söhbət gedir. Onun deməsinə görə, sadəcə yuxarı instansiyaların qərarını gözləyirlər:

«Nə vaxt bizə desələr onda da binanı boşaldıb tərk edəcəyik. Amma ən azı bir neçə ay işləyəcəyik».

MUSKOMEDİYA DOĞMA SƏHNƏSİNƏ DÖNÜRMÜ?

Milli Dram Teatrı
Milli Dram Teatrı
3 teatr kollektivinin birləşdiyi Gənc Tamaşaçılar Teatrında isə hələlik qeyri-müəyyənlikdir. Teatrın baş rejissoru Cənnət Səlimova təqaüdə gedib, yenisi Bəhram Osmanovdur. Yeni baş rejissorun kollektivlə bağlı hansı planları var, tətildən sonra bilinəcək. Teatrın sözçüsü Hüsniyyə Mursaquliyevanın sözlərinə görə, indi bircə şey bəllidir – mövsüm hansı tamaşayla açılacaq:

«Uşaqlar üçün tamaşadır. Kamran Hacıbabayevin və Nicat Kazımovun «Rəvayəti-Şahzadeyi-Xəzər». Bu, pemyeradır. Bir də sentyabrın 22-də inşallah Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və Məstəli şah» əsəri oynanacaq. Amma digər yeniliklər barədə mövsüm açılandan sonra danışa biləcəyik.

Uzun müddətdir təmirə bağlanan və tamaşalarını Rus Dram Teatrında oynayan Musiqili Komediya Teatrı da qeyr-müəyyənlik içindədir. Kollektiv nəhayət ki, öz səhnəsinə yığışmaq istəyir. Ancaq teatrın sözçüsü Ağca Muxtarova deyir ki, bu mövsümü doğma səhnədə açıb-açmayacaqları bəlli deyil. Bu haqda onlara məlumat verilməyib.

«ATAMIZ QƏZAYA DÜŞDÜ DEYƏ TEATRA GETMİRİK»

Teatrlar yavaş-yavaş mövsümə köklənir. Bəs tamaşaçı da teatra getməyi düşünürmü? Paytax sakinlərindən Gülmira Bədəlovanın sözlərinə görə, axırıncı dəfə teatra bir neçə il əvvəl gedib.

- Tamaşalar əvvəlki kimi deyil. Bizim uşaqlıqda baxdığımız tamaşalar kimi deyil. Amma teatra getmək ayrı mədəniyyətdir.
Vəli Cəfərov:

- İşlə bağlı problemlər olur, ona görə. Vaxtımız yoxdur, büdcəmiz də imkan verir, amma nəsə alınmır...

Dilarə Nəcəfovaya yaxınlaşırıq:

- Axırıncı dəfə teatrda nə vaxt olmusuz?

- Oy çoxdan. Vaxt yoxdur, kollektiv yoxdur, maraqlanmırlar teatrla.

- Amma teatrın yaxınlığında işləyirsiz. İstək olsa getmək olar yəqin.

- Əlbəttə olar. Amma mən Milli Akademik Dram Teatrına getmərəm, gedərəm Rus Dram Teatrlına, Opera və Balet Teatrına... Nə bilim bizim bu «millidə» xoşuma gələn tamaşalar yoxdur.

Tələbələr Cavadla Sabir:

- İki il əvvəl getmişdik teatra. «Bu şəhərdə»yə.

- Yaşıl Teatrda Röyanın konsertinə getmişik. Vəssalam. İş-güc adamıyıq. Həm tələbəyik, həm işləyirik.

8-9 yaşlı Aysellə Ləman isə teatra axırıncı dəfə nə vaxt getdiklərini xatırlamadılar:

- Yadımızda deyil. Aparırdılar. Amma indi yox. Kukla Teatrına gedirdik. «Tülkü tülkü, tünbəki»yə baxmışam.

- İndi niyə aparmırlar?

- Çünki atamız qəzaya düşdü.

Bəlkə vaxt və imkan varkən özümüz də, balacalar da ara-sıra teatra baş çəkək?..
XS
SM
MD
LG