Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:15

Bakının mərkəzində ağ və boz çadırlarda yaşayanlar


Dərnəgül qəsəbəsində yanmış yataxananın qarşısında qurulan çadırlar
Dərnəgül qəsəbəsində yanmış yataxananın qarşısında qurulan çadırlar
- Ay nənə necə yaşayırsız?

- Nə yaşamaq ay bala, istidir. Deyir elə sir-sifətimə bax, halımı soruş.

20 İL YATAQXANADA, SONRA ÇADIRDA

80 yaşlı Cəmilə Abbasquliyeva Fizuli rayonun işğalından sonra 20 il Dərnəgül qəsəbəsindəki tələbə yataqxanasında yaşayıb.

21 gün əvvəl 33 ailə ilə birlikdə Bakının mərkəzində salınmış çadır düşərgəsinə köçürülüblər. Deyir yataqxanadan köçüb öz doğma yurdlarına dönəcəkləri günü səbirsizliklə gözlədikləri bir vaxtda yataqxananı bürüyən alov onları yenidən ev-eşiklərindən edib. İndi 5-6 nəfərlik ailə üzvləri ilə yanan yataqxananın bir neçə metrliyində salınmış çadırda yaşayırlar.

- Nə yeyir, nə içirsiniz?

- Azdan-çoxdan yeyirik, Allah dadlarına yetsin. Ac qalmırıq ha...

- Kim sizə yemək verir?

- Əsgərlər bişirirlər, yeyirik.

«YANĞIN ELƏ GÜCLÜ İDİ Kİ...»

Avqustun 1-də Dərnəgül qəsəbəsindəki tələbə yataqxanalarından birində baş verən yanğın 33 ailəni evsiz qoyub. Ailələrin bəziləri yaxınlarının evinə köçsə də qalan ailələr ağ və boz çadırlara sığınıb. Yanğın güclü olduğundan adamlar evlərindən heç bir şey çıxara bilməyib. Füzulidən olan məcburi köçkün Esmira Əliyeva:

Yanğından sonra qurulan çadırlardan biri
Yanğından sonra qurulan çadırlardan biri
«Burda yaşayanların demək olar ki, hər şeyi yandı. Təsəvvür edin, əgər kimsə yorğan-döşək çıxarıbsa, onun da yarısı yanıb. Heç kim gözləmirdi ki, alov belə sürətlə evlərə keçəcək. Ona görə heç kim heç nə götürə bilmədi. Mənim qızım nişanlıdır, aldığımız bütün cehizlər yandı».

Esmira Əliyeva deyir ki, onları çadırda yerləşdiriblər, amma nə yemək bişirməyə qabları var, nə baxmağa televizorları, nə də yemək saxlamağa soyuducuları.

«800 MANATIN YARISINI ƏYİN-BAŞA VERDİK»

Esmira Əliyeva:

«Boş çadırda qalırıq. Düzdür prezident bizə, hər adama 800 manat yardım verdi. Əynimizin paltarları da yandığından o pulun yarısını elə özümüzə əyin-baş aldıq. Burda yemək verirlər, pis deyil, amma oğlum cavan uşaqdır, onu yemir. Mağazadan nə isə alırıq, bax elə indicə zibilliyə tökdüm aldıqlarımızı. Soyuducu yoxdur. İsti olanda istidən yata bilmirik. Bir neçə gündür küləkdir, bütün çadır qumla dolub, yata bilmirik».

Ancaq çadırlarda yaşayanlar onlara göstərilən xidmətdən narazı deyillər. Hər gün 3 dəfə isti yeməklə təmin olunduqlarını deyirlər. Düşərgədə Fövqəladə Hallar Nazirliyinin çöl mətbəxi, sanitar-tibb məntəqəsi fəaliyyət göstərir.

Avqustun 1-də yanan yataqxananın 40-a yaxın mənzilində təmir işləri tamamlanmaq üzrədir. Fəhlələrdən aldığımız məlumata görə, onlara təmir işlərini avqustun 20-nə qədər tamamlamaq tapşırılıbmış, amma problemlər çox olduğundan işi deyilən müddətə bitirə bilməyiblər. İş icraçılarının dediyinə görə, uzağı bir həftəyə bütün işləri tam başa çatdırmalıdırlar.

TƏMİR İŞLƏRİNDƏ BƏXTİ GƏTİRMƏYƏN QAÇQINLAR

İndi yanmış yataqxananın 5 mərtəbəsinin hamısında iş gedir.

Çadırlar
Çadırlar
Amma yanğından zərər çəkməsinə baxmayaraq bir neçə mənzildə təmir işlərinin aparılmaması diqqətimizi çəkdi. Fəhlələrdən öyrəndik ki, onlara həmin evlərin təmiri ilə bağlı heç bir tapşırıq verilməyib.

Yanğından zərərçəkən mənzilini özü təmir edən Füzulidən olan məcburi köçkün Azad Quliyev də evlərin təmiri ilə bağlı müşahidə olunan ayrı-seçkilikdən şikayətləndi. Dediyinə görə, evlərinə baxanlar evin az yandığını əsas gətirərək təmirdən imtina ediblər. Amma Azad Quliyev deyir ki, mətbəxləri tam yanıb, yanğın güclü olduğundan temperaturdan yaşadıqları otaq da yararsız hala düşüb:

«Gəldilər, baxdılar, dedilər ki, sizin otağınız tam yanmadığı üçün təmir aparılmayacaq».

«TƏMİR OLUNSA DA BİZ HƏMİN YATAQXANAYA KÖÇMƏYƏ QORXURUQ»

Amma təmiri başa çatan mənzillərin sahibləri həmin mənzillərə köçmək istəmirlər. Səbəb də həmin binanın yaşayış üçün təhlükəli olmasıdır. Esmira Əliyeva deyir ki, onların yaşadıqları yataqxana yanmazdan əvvəl də qəzalı olub, yanğından sonra vəziyyət bir qədər də pisləşdiyindən təmir başa çatsa belə onlar həmin binaya köçməyə qorxurlar:

«Mən prezident İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya müraciət edirəm. Onlarınkı kimi mənim də ailə qurası oğlum, ərə gedəsi qızım var. Mən ortalıqda qalmışam, elçilərimi, bayrama gəlmək istəyənləri bilmirəm harda qarşılayım. Mən ona ana kimi müraciət edirəm ki, mən də anayam, sən də. Sən aldığın savadı mən də almışam. Çadıra sığınan 32 ana adından müraciət edirəm ki, biz anaların səsinə səs versin, bizi bir bağçada, köhnə məktəb binasında yerlə təmin etsinlər. Təmir olunsa da biz o binaya köçmək istəmirik».

12 yaşlı Xəyal (sağ) dostuyla birlikdə
12 yaşlı Xəyal (sağ) dostuyla birlikdə
YANĞINDAN VELOSİPEDİNİ XİLAS EDƏN XƏYAL

Yanğın zamanı gərginliyə, həyəcana baxmayaraq 12 yaşlı Xəyal velosipedini alovun cəngindən qurtara bilib. Buna görə məmnun görünsə də deyir çantasını, qələm-dəftərini çıxara bilməyib. Amma qohumlarından kimsə ona «sənə təzə çanta alacam» deyə söz verib.

Elə buna görə də heç bir şey olmamış kimi Xəyal gününü həmyaşıdları ilə boz-ağ çadırlar arasında futbol oynamaq, velosiped sürməklə keçirir.
XS
SM
MD
LG