Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

“Azərbaycan ayrıca İslam telekanalının açılmasına hazır deyil”


Əl-RTV-nin Moskvadakı studiyası

Əl-RTV-nin Moskvadakı studiyası

-

Avqustun 19-da Rusiyada ayrıca İslam telekanalı – Al-RTV açılıb.

Tanınmış jurnalist Rustam Arifcanovun rəhbərlik etdiyi kanal peyklə bütün ölkə ərazisinə yayınlanmaq imkanına malikdir.

Məqsədi islami dəyərlərin təbliği olan kanal müsəlmanların müqəddəs Ramazan ayında son hazırlıqlarını başa vuraraq yayıma başlayıb.

Arifcanov deyir ki, onların hədəf auditoriyası gənc müsəlmanlardır.

24 saatlıq peyk kanalı xəbər proqramları, tok-şoular, musiqili proqramlar təklif edir.

Amma telekanal rəhbəri bildirir ki, bu proqramlar təkcə müsəlmanlar üçün yox, həm də Şərq tarixi, ərəb dünyası, Türkiyə mədəniyyəti və s. mövzulara marağı olan başqa rusiyalılar üçün də baxımlı olacaq.

İLK FEDRAL İSLAM KANALI

Rusiyada indiyəcən federal səviyyəli İslam telekanalı olmayıb. Yalnız Çeçenistan və Tatarstanda lokal islam kanalları fəaliyyət göstərirdi.

Al-RTV hələ ki şəxsi iyanələr hesabına fəaliyyət göstərsə də, telekanal rəhbərləri Prezident administrasiyasından “güclü dəstək” aldıqlarını deyir, gələcəkdə Kremlin onlara ciddi maliyyə yardımı edəcəyinə işarə vurur.

Rusiyada müsəlmanlar, rəsmi statistikaya görə, əhalinin 14 faizini təşkil edirlər.

Belə bir kanalın açılması xahişi ilə Rusiya Müftilər Şurasının sədri Ravil Gaynutdin hələ 2009-cu ildə hökumətə müraciət etmişdi.

Müftilər Şurası Kremlə yaxınlığı ilə tanınır. Elə Al-RTV kanalının ictimai-dini şurasında da hökumətə yaxınlığı ilə seçilən belə ruhanilər təmsil olunur.

AZƏRBAYCANDA NECƏ?

İlahiyyatçı Elşad Miri düşünür ki, Rusiyadan fərqli olaraq Azərbaycanda ayrıca İslam telekanalının açılması mümkün deyil.

Onun fikrincə, əvvəla, ölkədəki müsəlman icmaları arasında dözümlülük çox azdır:

- Azərbaycanda müsəlmanlar başqa dinlərə dözümlü yanaşsalar da, biri-digərinin məzhəbinə, təriqətinə çox dözümsüzdür. Birinin İslam anlayışı o biri tərəfindən qəbul edilmir. Digər tərəfdən Azərbaycanda elə kadrlar yoxdur ki, bütün müsəlmanları qane edəcək söhbətlər eləsin.

TOLERANTLIQ DƏRƏCƏSİ

Elşad Miri hesab edir ki, İslam mövzulu proqramların açılmasına həqiqətən də ehtiyac var. İndi telekanallarda belə verilişlər tək-tükdür.

Elşad Miri

Elşad Miri

- İctimai Televiziyada həftədə bir dəfə efirə gedən “Din və cəmiyyət” verilişi, bir də AzTV-də Vasim Məmmədəliyevin apardığı 15 dəqiqəlik proqram istisna olmaqla bu sahədə böyük boşluq var. Ramazan ayını da yenicə başa vurduq, nə Ramazanda, nə də başqa vaxtlarda televiziyalarda demək olar ki maarifləndirici verilişlər getmir. İnsanların yorucu, darıxdırıcı olmayan dinamik və məzmunlu proqramlara ehtiyacı var.

Elşad Miri düşünür ki, ölkədə dini ekstremizm meylləri olduğu üçün hökumət İslam mövzulu verilişlərin artırılmasından bir qədər ehtiyat edir.

Onun sözlərinə görə, mühit elədir ki, İslamla bağlı deyilən hər hansı fikir birmənalı qarşılanmır. Məsələn, o, İslamda mollalıq institutunun olmaması, yaxud pirlərlə bağlı dediyi fikirlərin telekanallarda senzura edildiyini söyləyir. Elşad Miri deyir ki, onun dinlə bağlı düşüncələri məsələn, Xəzər televiziyasının xətti ilə üst-üstə düşmədiyi üçün onu həmin telenala ekspert kimi dəvət etmirlər.

“Belə bir şəraitdə isə normal dini proqramların, tok-şouların keçirilməsi mümkün deyil, nəinki ayrıca telekanalın yaradılması”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG