Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:43

Bir kəndin əlilliyi


-

«Şəffaflıq» qəzeti [Şamaxı] - 17 iyul N 10(10)


Şirvan bölgələrində elə bir kənd yoxdur ki, təpədən dırnağa qədər «sağlam» olsun. Hər hansı kənd ya yol, ya işıq, ya qaz, ya su, ya da təbii ki, canıyanan fərli rəhbər tərəfindən «şikəstdir». Kəndləri bir birindən fərqləndirən cəhətlərdən biri də, bəlkə ən başlıcası da onların «əlillik dərəcələri»dir.

DAŞ ÜSTÜNƏ DÜŞƏN TUMLAR

...Ötən il yenə də həmin «Azərbaycan» televiziyası və digər telekanallar belə bir şad xəbər yayımladılar ki, Qobustan rayonunun Bədəlli, Sədəfli, Cəm-Cəmli, Ərəbqədim kəndlərinə Təsi kəndinin yerləşdiyi çayqırağı ərazidən su çəkilir. Adamlar sevincək olub papaqlarını göyə atdılar. Papaqları günəşin qabağını necə kəsdisə, qara buludlar kəllə-kəlləyə gəlib cəm-cəmlilərin üstünə sərin yağış çilədilər. Bu gün papağını qənşərinə qoyan kişilər əyri oturub düz danışmaq istəyindədirlər. Haqlı olaraq soruşurlar: - Kəndimizdən cəmi – cümlətani 5-6 yüz metr yuxarıda 1000 tonluq sun anbarı tikildi. Təsidən çəkilən su xətti ilə dolduruldu. Bəs niyə suyu qulağımızın dibindən apardılar, bizə vermədilər? Yoxsa, biz su deyilən neməti qulağımızın dibini görəndə görəcəyik?

GEDƏR – GƏLMƏZ YOLLARI

Məhz bu quraqlıq xofu uzun onilliklər boyudur ki, cəm-cəmliləri Bakı şəhərinə və kəndlərinə, Sumqayıta və başqa yerlərə köçürlər. Kənddə isə 200-ə qədər ev, 1500-ə qədər əhali var. Heç də kiçik deyil. Düzdür, kəndin qaz və işıq sarıdan gileyi yoxdur. Amma, su dərdi onun qəddini əyib.
Cəm-Cəmliyə Bakı-Şamaxı magistralından 3 torpaq, 1 daş yolu gəlir. Bu yolların 4-ü 1-ə, 1-i heçə dəyməz. Belə yollarla kənddən getmək, kəndə qayıtmaqdan çox-çox rahatdır.

KƏNDİNƏ GƏL

Əlaqədar təşkilat məmuru, kəndinə gəl. Bu respublika aqrar ölkədir, ölkəni boşaltmağa nə hacət?

Kəndliyə torpaq kimi bax. Torpaq deyir: - öldür məni, dirildim səni.

Kəndlini mənəvi cəhətdən öldürmək intihara bərabərdir.

Kəndlini şirin vədlərlə aldatmaq el bulağındakı suyu murdarlamaq kimi çox qəbih işdir.

Bu yazı Cəm-Cəmli kəndinin simasında bütün kəndlərimizə ithaf olunur. O kəndlərdə bizim hər birimizdən nəsə var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG