Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33
-
London Yay Olimpiadasında Ermənistandan olan idmançılar 3 medal qazana biliblər – 1-i gümüş, 2-si də bürünc medal.

Avqustun 7-də 96 kiloqram çəki üzrə yunan-roma güləşçisi Artur Aleksanyan 3-cü oldu, bürünc medal qazandı. Avqustun 5-də isə digər güləşçi Arsen Julfalakyan ilk gümüş, ağır atlet Hripsime Khurshudyan isə 2-ci bürünc medalı ölkəsinə qazandırdı. Bu göstərici ilə Ermənistan 205 ölkə arasında 60-cıdır.

Ötən olimpiada ilə müqayisədə medalların sayı azalsa da, bu il gümüş medal qazanıldığına görə dəyərdə artım var. Pekin Olimpiadasında erməni idmançılar 6 bürünc medal əldə etmişdilər.

İDMANÇILARI ÇAL-ÇAĞIRLA QARŞILADILAR

İdmançılar Londondan Ermənistana avqustun 14-də axşam gəliblər. «Zvartnots» aeroportunda idmançıların şərəfinə xüsusi mərasim düzənlənib – çal-çağır və dəfnə tacı.

Milli Olimpiya Komitəsinin prezidenti Gagik Tsaroukyan ötən olimpiadalarda ölkəyə qayıdan idmançıları həmişə aeroportda şəxsən özü qarşılardı. Amma bu dəfə o, hava limanına gəlməmişdi.

İdmançılar ölkəyə kifayət qədər yüksək əhval-ruhiyyədə döndülər, azarkeşlərin onları təmtəraqla qarşılamasından da həyəcanlanmışdılar. Hava limanında medal qazanan idmançıları azarkeşlər hətta qolları üstə də gəzdirdilər.

London Olimpiadasında bürünc medal qazanmış ağır atlet Hripsime Khurshudyan deyir ki, əldə etdiyi medal zəhmətinin bəhrəsidir:

«Həyəcan həddən artıqdır. Heç vaxt özümü belə hiss etməmişəm. Demək olar ki, bütün arzularım gerçəkləşdi. Çox sevinirəm. Hesab edirəm ki, uğur əldə etmək üçün idmançı özünə güvənməlidir. İndi öz yaxınlarımın yanına tələsirəm, qələbəmi onlarla birlikdə bayram etmək üçün».

Hripsime deyir ki, onun üçün bu il ikinci vacib iş ailə qurmaqdır. Elə aeroporta onu qarşılamağa gələnlər sırasında nişanlısı və onun ailəsi də var idi.

Gümüş medalçı Arsen Julfalakyan'ı daha təmtəraqla qarşıladılar

Gümüş medalçı Arsen Julfalakyan'ı daha təmtəraqla qarşıladılar

Bürünc medal qazanmış güləşçi Artur Aleksanyan deyir ki, gücü qızıl medal əldə etməyə də yetərdi. Amma hazırkı nəticə də onu qane edir:

NAZİR NARAZIDIR

Azarkeşlər Ermənistana 16 illik fasilədən sonra ilk dəfə olaraq gümüş medal gətirən güləşçi Arsen Julfalakyan'ı daha təmtəraqla qarşıladılar:

«Çox həyəcanlıyam, hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm. Çox sağ olun ki, gəlmisiz. Hətta medalın təqdim olunması mərasimində bu cür hisslər keçirmirdim. Əlbəttə, qızıl medal əldə etmək də real idi, kim təkbətək döyüşü görüb, nə demək istədiyimi başa düşər. Amma indi bu barədə danışmaq istəmirəm».

İdmançıları qarşılayanlar sırasında İdman və Gənclər naziri Hrachya Rostomyan da var idi. AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində nazir deyib ki, gümüş və bürünc medal qazananlara dövlət müvafiq olaraq 15 və 10 milyon dram mükafat verəcək (36 545 və 24 363 ABŞ dolları). Eyni məbləği idmançılara həm də Olimpiya Komitəsi təqdim edəcək. Nazir deyir ki, gümüş medal Ermənistanın olimpiadada vəziyyətini xeyli yaxşılaşdırdı, amma bununla da kifayətlənmək olmaz:

«Səmimi olmaq və demək lazımdır ki, idmanın müxtəlif növlərində nöqsanlar var. İndi bu barədə danışmaq istəmirəm, amma biz bu barədə düşünürük və vəziyyəti yaxşılaşdırmaq üçün konkret addımlar atırıq. Sentyabrda bütün federasiyaların prezidentlərini bir araya toplayacağıq».

«İŞİNİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMƏYƏNLƏR VƏZİFƏDƏN ÇIXARILACAQ»

Ermənistana 2-ci bürünc medalı qazandıran Hripsime Khurshudyan

Ermənistana 2-ci bürünc medalı qazandıran Hripsime Khurshudyan

Hrachya Rostomyan onu da əlavə etdi ki, vəzifəsindən uzaqlaşdırılanlar da olacaq. Başqa sözlə, kim işinin öhdəsindən gəlmir, vəzifədən çıxarılacaq.

«Büsbütün uğursuzluq». Ağır Atletika Federasiyasının prezidenti Samvel Khachatryan erməni idmançıların olimpiadada iştirakını belə xarakterizə edir. Londona getməzdən öncə daha çox gözləntilər ağır atletlərdən idi. Samvel Khachatryan deyir ki, idmançıların bəziləri, məsələn Meline Doluzyan, qələbəyə çox yaxın idi. O, Yerevanda daha yaxşı nəticə göstərib, nəinki olimpiadada. Samvel Khachatryan'a görə, eyni sözləri Arakel Mirzoyan haqda da demək olar:

«Yarış zamanı sanki bu idmançıları dəyişmişdilər, sanki başqa adamlar idi, beyinləri işləmirdi. Buna görə Milli Olimpiya Komitəsini və ya federasiyasını günahlandırmaq, işinin öhdəsindən gəlməməkdə ittiham etmək olmaz. Mən hamının qarşısında cavab verməyə hazıram. Sübut edərəm ki, həm məşqçilər, həm də Ağır Atletika Federasiyası ilə Milli Olimpiya Komitəsi öz işinin öhdəsindən gəlir».

1988-ci il Seul Olimpiadasının qalibi olmuş ağırlıqqaldıran Oksen Mirzoyan da oğlu Arakel Mirzoyan'ın Londondakı çıxışını zəif sayır:

«O, çox yaxşı hazırlaşmışdı, amma həmin gün Arakel döyüşə girmədi. Çox həyəcanlı idi və bel nahiyəsində ağrıları var idi. Burada bir çoxları onu qınayır, amma hamıdan xahiş etmək istəyirəm ki, səbirli olsunlar».

Şərhləri göstər

XS
SM
MD
LG