Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25
-
Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin Geofizika Elmi Tədqiqat İnstitutu sentyabrın 1-dən bağlanır. Bu xəbər institutun əməkdaşlarını təşvişə salıb: kim işsiz qalacaq? Kimə iş düşəcək? İnstitutda avqustun 17-də keçirilən iclas da işçilərin rahatlığını təmin etməyib. Qarşıdakı 15 gün ərzində onların taleyi hər istiqamətdə dəyişə bilər.

«BU İNSTİTUTU BAĞLAMAQ CAHİLLİKDİR»

Geofizika Elmi Tədqiqat İnstitutunun mühəndisi Natəvan Səlimzadə deyir ki, o, öz ixtisasına uyğun iş tapa bilər, amma bu qurumun bağlanmasını Azərbaycan elminə ciddi zərbə sayır:

«Bizim institut Cənubi Qafqazda yeganə institutdur. Bu institutu bağlamaq elmə qarşı çox böyük cahillikdir, elmi boğmaq deməkdir. Neft Şirkəti nəqliyyat departamenti yaradır, iqtisadi qurum yaradır, amma elmi tədqiqat institutunu – geofizikanı bağlayır. Bu institut öz hesabına işləsə də, kontraktları da var, maliyyə hesabı da var, pul da verir. Vallah, çox böyük bir itkidir bu Azərbaycan üçün».

İki il əvvəl İnstitutda ixtisarlar aparılıb, 2000-ə yaxın işçidən indi 150-si qalıb. Onlara isə ARDNŞ-in digər strukturlarında iş söz verildiyi deyilir.

«GEOFİZİKANI QOYMAYAQ TAPDALANSIN»

Geofizika İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Kərim Kərimov da ixtisara düşənlərdəndir. O deyir ki, Azərbaycanda yeni neft yataqlarını proqnoz etmək, tapmaq geofiziklərin işidir – həm çöl işi, həm də elm işi. Belə olan halda professor düşünür ki, institutun saxlanması Azərbaycan elminə faydalı olardı:

«Dövlətin siyasəti var ki, re-orqanizasiya olsun, daha da səmərəli işləsin o təşkilat. Amma mənim ağlım kəsmir, bu böyük təşkilat necə olsun? Nə qədər olsa, onun geofizikanın inkişafına çox da belə faydası olmayacaq. Azərbaycan geofizikasını dəstəkləmək lazımdır, geofizika Azərbaycan xalqına və dövlətinə lazım olan elm və istehsalat sahəsidir. Geofizikanı qoymayaq tapdalansın».

BİR MÜDİR, ÜÇ MÜAVİN

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, 2006-cı ildən bəri Dövlət Neft Şirkətində işçilərin sayı təxminən 50 min nəfərdən 70 minə qalxıb, bu da dünya standartlarına cavab vermir. Amma ekspert bu problemin çözümünün insanların işsiz qalması hesabına aparılmasını düzgün Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

saymır:

«Kimisə - vəzifəli şəxsi müdir qoyublar, sonra ona 3 dənə müavin qoyublar qohum-əqrəbasını. İş icraiyyə xidmətində həddən çox adam var. Vitse-prezidentlərin sayı həddən çoxdur. Beynəlxalq təcrübədə belə bir şey yoxdur. Vitse-prezidentin həm katibəsi var, həm köməkçisi var, bir qalıb aşpaz da götürə özünə».

Rəsmi məlumata görə, Geofizika Elmi Tədqiqat İnstitutu bağlandıqdan sonra onun işçiləri digər quruma – «Neftqazelmitədqiqatlayihə» İnstitutuna işə götürüləcək.

Dövlət Neft Şirkətinin insan resursları departamentinin rəisi Asif Bəkirli AzadlıqRadiosuna deyib ki, quruma beynəlxalq standartlara uyğun bir şirkətə çevrilmək tapşırılıb. Onun fikrincə, ARDNŞ-dəki son dəyişikliklər qurumun fəaliyyətində səmərəliliyi artıracaq, işçilərin maaşları qalxacaq:

«Dövlət Neft Şirkətində söhbət ixtisarlardan getmir, İxtisar başqa şeydir, struktur dəyişikliyi başqa bir şey. Struktur dəyişikliyi o deməkdir ki, 3 müəssisədən, 4 bölmədən ibarət olan institut başqa ad altında daha məntiqli, daha real bir quruma çevriləcək. Həmin işçilərdən də istifadə etməklə daha effektli fəaliyyət göstərəcək».
XS
SM
MD
LG