Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Whitney Houston-un son filmi nəhayət ki ekranlara çıxır (Video)


 Whitney Houston

Whitney Houston

-

Avqustun 17-də ABŞ-da rejissor Salim Akilin “Sparkle” musiqili dramı kinoteatrlarda nümayişə çıxır.

Oxu zalı xəbər verir ki, filmdəki əsas rollardan birini bu ilin əvvəli dünyasını dəyişmiş məşhur müğənni Whitney Houston oynayıb. Filmin çəkilişləri müğənninin vəfatından üç ay əvvəl başa çatıb.

“Sparkle” hələ 1976-cı ildə ekranlara çıxmış bir filmin rimeykidir. Bu film Harlemdə atasız böyümüş 3 bacı haqqındadır. Onlar bir müddət sonra məşhurlaşır, ancaq alışmadıqları şöhrətə tab gətirə bilmirlər.

Bu film Whitney Houston-un ən sevimli filmlərindən biri olub. Filmin qəhrəmanı Sparkle kimi Houston da afroamerikalılar məhəlləsində kasıb bir ailədə doğulub boya-başa çatıb. Onun şöhrətə gedən yolu filmdəkinə çox bənzəyir.

Salim Akil 50-ci illər Harlemdəki mənzərəni 60-cı illər Çikaqoda cərəyan edən hadisələrlə əvəz edib. Filmdə istedadlı, gənc müğənni narkotika ticarətinin qurbanı olur. Houston atasız böyüyən və musiqi qrupu yaradan 3 qız uşağının anası obrazını yaradıb.
Filmin saundtreki məşhur Amerika mahnısı olan “Celebrate”dir. Bu mahnını vaxtilə Houston da ifa edib.

Bundan başqa, filmdə Hyustonun Amerika estradasının parlayan ulduzu Jordin Sparksla dueti də səslənir. Filmdə Sparks baş rolu ifa edir.

Filmin büdcəsi 17 milyon dollardır.

Avqustun 10-da Houstonun 49 yaşı tamam olacaqdı. Müğənni bu il fevralın 12-də vəfat edib. Onun cəsədi Los-Ancelesdəki “Beverly Hilton” otelində tapılmışdı. Həkimlər onun ölümünün səbəbləri arasında ürək xəstəliyini, kokain və anti-depressant qəbulunu göstəriblər.

Houston 400-dən artıq musiqi mükafatı, o cümlədən 6 “Gremmy”, iki “Emmy” mükafatı alıb. O, nə az-nə çox, düz 21 dəfə “Amerika Musiqi Mükafatı”na layiq görülüb.

Filmin treyleri

Günün bütün mövzuları

XS
SM
MD
LG