Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:45

Zaqatala sakini: «Möhkəm evləri söküb təzədən tikirlər»


Zaqatala, 10 may 2012
Zaqatala, 10 may 2012
-
Avqustun 16-da Zaqatala rayon Bəhmədli kənd sakini Fazilə Muradova Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məktub ünvanlayıb. Deyir televizorda eşidib ki, nazir hamıya bir gözlə baxır. «Bəlkə də o yoldaşın kasıbların başına gətirilənlərdən xəbəri yoxdur» deyən Fazilə Muradova Zaqatalada zəlzələnin nəticələrini araşdıran xüsusi komissiyanın rəyindən narazıdır. O deyir ki, zəlzələdən evləri ciddi xəsarət aldığı halda komissiya vəziyyəti «qənaətbəxş» qiymətləndirib. Halbuki, evin divarları çatlayıb. Orada qalmaq təhlükəli olduğu üçün ailə həyətdə yaşayır:

«Evim çox pis, qəzalı vəziyyətdədir. Mən onun şəkillərini çəkib bu gün Kəmaləddin yoldaşa göndərmişəm. Komissiya kəndə 4-5 dəfə gəlib. Amma mənim həyətimə 1 dəfə giriblər. Baxmırlar, çünki həddən artıq kasıbam, heç kimə şirinlik verə bilmirəm. Hazırda qızım və yoldaşımla çöldə yatırıq. Nəvəmi isə bura gətirə bilmirik ki, ev uçar, uşaq altında qalar. Kənddə tikilən evlər var. Hətta elə evlər də var ki, yaxşı vəziyyətdə və möhkəm evlərdir. Bakıda adamları var deyə, onları söküb yenisini tikirlər. Amma bizi insan gözündə görmürlər».

Fazilə Muradova deyir ki, 20 ildir xəstədir. Ölməsin deyə, qohum-qonşu onu müalicə etdirir. Ailədə işləyən yoxdur. Onlar yalnız həyətdəki fındıq ağacının hesabına dolanırlar. Fındıq yetişəndə, onu satıb dükana olan 800 manat borclarını ödəyəcəklər. Sonra növbəti fındıq mövsümünədək həmin dükandan yenə nisyə ərzaq alacaqlar. Fazilə Muradova deyir ki, bu vəziyyətdə öz hesablarına evlərini təmir etdirmələri mümkün deyil:

«Mən heç nə istəmirəm. Başımı salıb yatmağa yer olsun, yetər. Xahiş edirik bizim kimi kasıb bəndələrə də kömək edin. Prezidentim deyir ki, bu qədər yardımlar edir, camaatın qeydinə qalır. Mən istəyirəm ki, bizim kimi kasıb-kusuba da baxsınlar».

GÖZLƏ, KOMİSSİYA GƏLƏCƏK

Fazilə Muradova məsələ ilə əlaqədar rayon icra hakimiyyətində qəbulda olduğunu da deyir:

«İcra hakimiyyətindən dedilər ki, get gözlə, yenə komissiya gələcək. Amma hələ də gələn yoxdur».

Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Nizami Abdullayev AzadlıqRadiosuna bildirib ki, zəlzələdən zərərçəkmiş sakinlər tərəfindən onlara belə müraciətlər olur:

«Bizə də müraciətlər çox olur. İcra başçısının qəbuluna da gələnlər var. Ancaq məsələ ondan ibarətdir ki, rəy verən komissiya birbaşa FHN-nın komissiyasıdır. Bu, bizim komissiya deyil. Biz icra hakimiyyəti olaraq vətəndaşla FHN-nın komissiyası arasında körpü rolunu oynayırıq. Narazılar olursa, təkrar bizə müraciət edirlər. Biz də bu müraciətləri məktubla həmin komissiyaya göndəririk. Çünki birbaşa bu məsələyə təsir etmək səlahiyyətimiz yoxdur».
K.Heydərov və İ.Əliyev zəlzələ zonasında, 9 may 2012
K.Heydərov və İ.Əliyev zəlzələ zonasında, 9 may 2012

FHN-NİN SƏLAHİYYƏTİ

Nizami Abdullayev deyir ki, komissiya evlərə iki dəfə baxış keçirir. İki baxışdan sonra da narazı qalanlara icra hakimiyyəti birbaşa FHN-yə müraciət etməyi məsləhət görür. Çünki bu məsələ icra hakimiyyətinin yox, birbaşa FHN-nın səlahiyyətində olan məsələdir. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün vəsait də FHN-ə ayrılıb.

Mayın 7-də səhər saatlarında Zaqatalada 7 ballıq zəlzələ və təkrar təkanlar olub. İnsan tələfatı olmasa da, 3000-dən çox ev və 100-dən çox sosial obyekt ya uçub, ya da qəzalı vəziyyətə düşüb.

Prezident İlham Əliyev bu zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayırıb.

Zaqatala rayonunun da aid olduğu FHN-in Şimal-Qərb bölgəsi üzrə regional mərkəzindən bildirdilər ki, onlar bu cür məsələlərlə bağlı məlumat vermək səlahiyyətinə malik deyillər.
Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Tövsiyə etdilər ki, nazirliyə müraciət edək. FHN-dən isə məsələyə münasibət öyrənmək mümkün olmadı.

KÜR DAŞQINLARI VƏ ZAQATALA ZƏLZƏLƏSİ

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev isə deyir ki, Kür daşqınları zamanı yaşanan vəziyyət Zaqatalada da müşahidə edilməkdədir. Yəni, burada da məmurları daha çox korrupsiya amilləri, şəxsi mənfəətləri düşündürür:

«Zəlzələdən sonra bölgəyə səfər edən prezident və Fövqəladə Hallar naziri bildirmişdilər ki, sakinlər qışı öz yeni evlərində keçirəcəklər. Amma bu gedişlə verilən vədin gerçəkləşəcəyi də sual doğurur. Hazırda həmin insanlar çadırlarda yaşayır. Onlar taleyin ümidinə buraxılıblar. Bununla bağlı da bizə çoxlu şikayətlər daxil olur və hazırda onlar araşdırılır».

Dövlətin bu istiqamətdə böyük vəsaitlər ayırdığını xatırladan Oqtay Gülalıyevin fikrincə, həmin vəsaitlə 3 aya xeyli iş görmək mümkün idi. Amma 3 aydan çox keçməsinə baxmayaraq, hələ bölgədə əsas işlər görülüb başa çatdırılmayıb. Bu işlərin yaxın vaxtlarda görülüb başa çatdırılacağı da şübhə doğurur. Oqtay Gülalıyev həmçinin orta məktəblərin sentyabradək tikilib hazır olacağı barədə vədlərin də özünü doğruldacağına şübhə ilə yanaşır.
XS
SM
MD
LG