Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:58
-
«Bax, bu, nar ağacı idi. Çürüdü getdi. Ağaclar qurudu, indi özümüz də içməyə su tapmırıq…».

Bakıdan 18 kilometr aralıda yerləşən Qobu kəndinin aşağı məhəllələri bu qızmar yay günlərində susuzdur. Susuz həyətlərin qapısını döyən kimi susuzluqdan cadar-cadar olmuş torpaq, solub-yanmış ağaclar görürsən. Kənd sakinləri deyir ki, bəzi məhəllələr 8, bəziləri isə 4 aydır susuzluqdan yanır.

«OĞUZ-QƏBƏLƏ SU KƏMƏRİNİN ADI VAR»

Kənd sakini Ələmdar Əlağayev suyu maşınla alır. Deyir bir maşın su bir həftəyə ancaq çatır:

«Kəndə guya Oğuz-Qəbələ su kəmərindən su çəkdilər. Ancaq adı var. Bu aşağı məhəllələr susuzluqdan yanır. Onsuz da işimiz-gücümüz yoxdur. Suya da 25 manat pul verib alırıq. Həftəyə bir maşın su alırıq. Kəndin yuxarı başında su var, ancaq aşağıda yoxdur».

Həsənağa Qəniyevin əkdiyi göyərtilərin isə yeri qalıb. Həsənağanın anası yuduğu paltarların suyunu atmır. Ağaclarının qurumaması üçün bu sulardan istifadə edirlər:

«Burada mən göyərti əkmişdim. Hamısı susuzluqdan qurudu. Hamamdan yığılan suları ağaclara tökürük».

Susuz məhəllələrdən birinin sakini Rasim Qəniyev isə deyir ki, 8 aydır su gəlmədiyi üçün su kranını çıxarıb atıb:
Bəzi məhəllələr 8, bəziləri isə 4 aydır susuzluqdan yanır

Bəzi məhəllələr 8, bəziləri isə 4 aydır susuzluqdan yanır


«Haradasa 8 aydır ki, bu kranı çıxarmışam. Su olsa, bu hovuz haradasa 7 kubmetr su tutur. Ona görə bu kranı çıxardıb atdım. 8 ayda bir kubmetr su yığa bilmirəm».

«BU YAY LAP DƏHŞƏTDİR»

Ayna Cəfərova da yanmış ağaclarına baxıb heyfsilənir:

«Qışdan bu yana su görməmişik. Bu yay lap dəhşətdir. Ayda dörd dəfə 25 manata su alırıq. Elə bil payızdır, ağaclarımız hamısı yarpaqlarını töküb. Şikayət edəndə deyirlər, düzəldəcəyik, ancaq düzəldən yoxdur. Bir ayda 100 manat suya veririk. Bu boyda həyətdə mən susuzluqdan heç nə əkə bilmirəm. Tez-tez işığı sönür, yolu yox, suyu yox. Bu, Qobuda yaşamalı yer deyil».

Ayna deyir ki, məcbur qalıb heyvanlara çirkli su verir.
Fuad Əliyev

Fuad Əliyev


Kənd sakini Fuad Əliyev illərdir su xətti çəkdirsə də, həmin xəttə su gəlmir:

«Bu yayı su görməmişik. Ağaclar qupqurudur. Suyu maşınla alırıq. Maşınla alandıqsa, o su xətlərini niyə çəkdirirdik? Biz də istəyərik suyumuz olsun, bir az tərəvəz əkək. Ən vacib olan sudur, o da yoxdur».

BƏLƏDİYYƏ SƏDRİ: İLİN AXIRINA PROBLEM HƏLL OLUNACAQ

Qobu qəsəbə Bələdiyyəsi kəndin su problemindən xəbərdar olduğunu deyir. Bələdiyyə sədri Ənvər Əmiraslanov qəsəbənin bəzi hissələrində suyun olmamasını elə suyun güclü gəlməsi ilə izah edir:
Ənvər Əmiraslanov

Ənvər Əmiraslanov


«İki il bundan əvvələ qədər bizim qəsəbəyə şollar suyu gəlirdi. Bir də Ceyranbatan gölündən su gəlirdi. Hörmətli prezidentimizin göstərişi ilə Qobu qəsəbəsinə Oğuz-Qəbələ xəttindən təzə xətt ayrıldı. Keçən il Oğuz-Qəbələ xəttini tam çəkib qəsəbəyə gətirdilər. İndi bizdə qalıb qəsəbədaxili küçələrdə 60-70 ilin xətləri. Hal-hazırda bu xətlər suya davam gətirmir. Köhnə borulardır, yırtıqları var. İndi «Azərsu» ilə də danışmışıq. «Azərsu» da plana salıb. Hazırda Qobu qəsəbəsində qəsəbədaxili su xətlərinin dəyişməsi ilə bağlı iş gedir. İlin axırına təhvil veriləcək».

Abşeron Su Kanal İdarəsinin 7 nömrəli su sahəsinin sahə rəisi İntiqam Əliyev də deyir ki, problemin həlli üçün ərazidə işlər gedir:

«Qobuda mövcud xətti olanların hamısına Oğuz-Qəbələdən su vermişik. Düzdür, orada elə küçələr var ki, mövcud xətt yoxdur. İndi orada «Azərsu» əməkdaşları işləyir. Hazırda anbarın biri tikilir. Qısa bir müddətdə Qobu kəndində su xətti olmayan küçələr də su ilə təmin olunacaq».

Qobu sakini Həsənağa Qəniyevin göyərtiləri, ağaclarının çoxu isə susuzluqdan quruyub. Həsənağa ilin axırına qədər bütün ağaclarının quruyacağından qorxur.

Şərhləri göstər

XS
SM
MD
LG