Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hövsan qəsəbəsinin Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektlərindən götürülmüş nümunələrin və istehlakçılarda «kənd toyuğu» təəssüratı yaratmaq məqsədilə toyuq ətinin üzərinə vurulan süni boyaq maddəsinin sınaqlarının nəticələri müəyyən edilib.

SMPDK-nin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasında aparılmış sınaqların nəticələrinə əsasən, toyuq ətində mikrobioloji göstəricilərdən «mezafil aerob» və «fakultativ anaerob» mikroorqanizimləri aşkarlanıb. Bundan başqa, toyuq ətinin üzərinə vurulan süni boyaq maddəsinin cücə-broyler istehsalında istifadəsinə icazə verilməyən, insan orqanizmi üçün təhlükəli hesab edilən «tartarazin» boyaq maddəsi olduğu müəyyən edilib.

Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib.

Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında reydlər aparılmış və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG