Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Misir prezidenti iki generalı təqaüdə göndərdi


Hussein Tantawi, Muhammad Morsi və Sami Annan

Hussein Tantawi, Muhammad Morsi və Sami Annan

-
Misir prezidenti Muhammad Morsi deyib ki, ölkənin yüksəkvəzifəli iki generalını təqaüdə göndərməsi ilə bağlı qərarı xalqın mənafeyi üçündür:

«Mənim qəbul etdiyim qərarlar konkret şəxslərə qarşı yönəlməyib. Bu qərarlar hansısa təsisatları qaralamaq, Allahın azad yaratdığı şəxslərin azadlığını məhdudlaşdırmaq məqsədi güdmür».
Silahlı Qüvvələrin rəhbəri, feldmarşal Hussein Tantawi və qərargah rəisi Sami Annan'ı təqaüdə göndərmək barədə qərarından sonra çıxış edən M.Morsi ordunu tərifləyib. Deyib ki, indi onlar bütün diqqəti ölkənin qorunması kimi müqəddəs vəzifəyə yönəltməlidirlər.

Prezident Morsi ordunun bir müddət əvvəl qəbul etdiyi Konstitusiya Bəyannaməsini ləğv edib. Həmin sənəddə prezident səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulurdu.

Misirdə ötən ilki aksiyalarının nəticəsi olaraq Hosni Mubarak devriləndən sonra ölkəyə M.Tantawi başçılıq edirdi. Prezidentin qərarlarına hələlik nə Tantawi, nə də Annan reaksiya verib. Morsi onların hər ikisini öz müşavirləri kimi saxlayıb.

«PREZİDENT GENERALLARIN ƏMRİ İLƏ OTURUB-DURA BİLMƏZDİ»

Minlərlə misirli isə avqustun 12-də küçələrə çıxaraq prezidentin qərarlarını dəstəkləyib. Onlardan biri Sayyed Abdul Azim M.Morsi'ni tam dəstəklədiyini bildirib:

«Prezident Morsi’nin əl-qolunu bağlayan, bir çox işləri görməyə imkan verməyən Konstitusiya Bəyannaməsini ləğv etməsi çox yaxşı qərardır. Biz bütün enerjimizlə bu qərarı və prezident Morsi’ni dəstəkləyirik».

Muhammad Morsi

Muhammad Morsi

Ra'afat Abul Shenou isə deyib ki, bu qərarlar prezidentin ordu üzərində nəzarətini bərpa edib:

«Bu, çox ağıllı bir addımdır. İnsanlara öz hüquqlarını qaytarır. Aydındır ki, prezident belə bir Konstitusiya Bəyannaməsi ilə öz səlahiyyətlərini məhdudlaşdıra bilməzdi. Prezident ona tabe olan şəxslərin əmri ilə oturub-dura bilməzdi».

İyun ayında prezident seçilmiş M.Morsi «Müsəlman Qardaşları» Hərəkatının üzvüdür. Hosni Mubarak devriləndən sonra «Müsəlman Qardaşları» ilə ordu arasında münasibətlər gərgin olub. Generalların vəzifədən azad edilməsi və prezident səlahiyyətlərini məhdudlaşdıran fərmanın ləğvindən sonra Morsi həm də müvəqqəti Konstitusiyaya da dəyişiklik edib. Ordunun qanunvericilik və büdcə ilə bağlı hər hansı qərar qəbul etmə səlahiyyətini ləğv edib.

Avqustun 12-də elan edilmiş qərarlar Misirin ilk mülki prezidenti ilə ölkəni onilliklər boyu idarə edən ordu arasında mürəkkəb münasibətlərdə yeni mərhələnin başlanğıcı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG