Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:01
-

İstedadlı gənc yazar Fərhad Mete üç il öncə avtomobil qəzasında həyatını itirdi....


Rəbiqə Nazimqızı


FƏRHAD METE - “İSTƏDİYİN KİMİ”


Biz heç vaxt imkanlarımızı düzgün qiymətləndirmirik. Olduqca vacib bir məqamı diqqətdən qaçırırıq, imkanı heç də bizim planlarımız müəyyən etmir. Biz onu yalnız arzulaya bilərik. Bu imkan bizə tanınmaya da bilər. Necə ki, Fərhad Metenin sağlığında bu yazının yazılma imkanı olmadı. Necə ki, o bu yazını oxuya bilmədi…

Mükəmməl mətn olmur, yazılanı həmişə redaktə etmək mümkündür. Bunu hamımız bilirik. Amma bilmək azdır. Tək-tük müəlliflər bu qaydanı nəzərə alır, çox yazmağa və çox dərc olunmağa can atmırlar. İldə iki-üç şeirlə kifayətlənir, qalan vaxtı yazdıqlarını təkmilləşdirməyə çalışırlar. Yaxşı şair olmağın yolu – mətnə məsuliyyətlə yanaşmaqdan – deməli, səbir və çalışqanlıqdan keçir. Şair etiraf etsə də, etməsə də, nəticə etibarilə həm də şöhrət üçün yazır. Şöhrəti qazanmaq üçün isə səni daim tələsməyə sövq edən şöhrətpərəstlik hissi – həm də içindəki eqo ilə – mübarizə aparmalısan.

O bunu hamımızdan yaxşı bilirdi.

***

Yaxşı mətn həmişəmi müəllifin yerinə danışır? İlk baxışdan, belə görünə bilər ki, mətni anlamaq üçün müəllifi tanımaq vacib deyil. Prinsipcə, onlarla gözəl mətni sitat gətirmək və oxucunu inandırmaq olar: elə belədir ki, var. Bizə qədər gəlib çıxan ən gözəl şeirlərin müəlliflərini tanımırıq. Məgər şair barədə heç bir məlumata malik olmadan onun şeirini sevə-sevə əzbərlədiyimiz azmı olub?

Fərhad Metenin “Adajio” adlı şeiri belə başlayır:

dünən…

dağıldı sevgi üçbucağı –

o getdi, ikimiz qaldıq gecə kafesində.


“Sevgi üçbucağı”nın söhbətini xırdalamağa, bəlkə də, ehtiyac yoxdur, amma konkretləşdirək: gecə kafesindəki üç nəfərdən heç biri xoşbəxt deyil. Müəllifin alter-eqosu onun dostunu qarşılıqsız sevən qadına vurulub. Mətn başqa versiyaya yer qoymur.

Halbuki, çox bəyəndiyim bu mətnlə bağlı Fərhadın özü tamam başqa şeylər söyləmişdi. Alter-eqo yalnız uğursuz eşqə düşən qadına acıyır və elə bu səbəbdən də özünü də, onu da aldadır.

Bu “sirri” biləndən sonra anlayırsan ki, lirik qəhrəman əslində özü qurbandır – mərhəmət və darıxmaq hissinin qurbanı. Şeirin bu qatına yalnız müəllifin xarakterini bilən adam enə bilərdi – təbii, mətn müəllifi unutdurmasaydı…

Fərhad Mete

Fərhad Mete

Bu haşiyəni çıxmamaq da olardı. Amma Fərhad Metenin başqa bir şeiri barədə danışmazdan əvvəl yəqin, özümü necəsə sığortalamalıyam. Çünki bəzən ən diqqətli oxucu belə şeir mətnində azır, deməli, alter-eqonu anlamaq üçün bu və ya digər dərəcədə müəllifin həyatına, onun baxışlarına, bir az da dərinə getsək, onun xarakterinə bələd olmağa ehtiyac var.

***

Təxminən bir il əvvəl çevrədəki uşaqlarla ədəbi mübahisəmiz düşdü. II Qismət qəfildən öz mövqeyini müdafiə etmək üçün Elvin Bakiroğluna sual verdi: “Səncə, Fərhad

”küçələrdə ölmüş quşlara can verdim…

ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim

divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım

sabah yenidən oxuyasan deyə”


misralarında nə demək istəyib?”.

Gerisi o qədər də maraqlı deyil.

Bir həqiqət var: həmin vaxta qədər yalnız sadə və gözəl mətn kimi qəbul etdiyimiz bu şeirdə fərqinə varmadığımız nə qədər mətləb gizlənir. Əslində, bu cəhətin Fərhadın bütün mətnləri üçün səciyyəvi olduğunu deyə bilərik.

“Ailə”

Sonra yadına düşsə ki, yuxunda qadın görmüşdün -

uşaq yerinə iri buğda dənəsi doğan

çılpaq qadın.

Qorxma, sığal çək sevgilinin saçlarına

Və də pıçıltı ilə “səni sevirəm” de

O da mütləq “mən də sevirəm” deyəcək.

“Ayin”

İşıqları yandırdılar, bir bütöv çörəyi böldülər

su içirdilər..

onun adını ucadan söylə dedilər

adının hər hərfini bir quş alıb apardı

“Həyat”

ölüm xəbəri kəsdirir qapının ağzını

bir əli zəngin üstündə, o biri əli kişi ilə qadının yuxusunda –

dən verir doğum evinin önündəki bəyaz göyərçinlərə

“Yoxluğun”

Bir azdan…

Ölüm dəyişəcək yerini,

keçəcək divarın o biri üzünə.

və s.


***

Niyə bu gün Fərhad barədə yazarkən məhz “İstədiyin kimi” şeirinin üzərində dayandım? Qismətin sualına görəmi? Bilmirəm.

Elə bircə səbəbi də əsas gətirə bilərdim – bu şeiri Fərhad xanımına yazıb. Əlbəttə, deyə bilərsiniz ki, ədəbiyyat tarixində yüzlərlə belə ithaf şeirləri olub. Amma “İstədiyin kimi” onların içərisində fərqlənir. Öncə ona görə ki, müəllif boğazdan yuxarı danışmır, mental düşüncəmizə uyğun olaraq, qadınını əzabkeş obrazında təqdim etmir. Şeir ərin arvadı qarşısındakı günahlarını (bu günah kompleksi qadına mənəvi və cismani xəyanətlər, diqqətsizlik, kişinin ailə dolanışığını təmin edə bilməməyi və s. səbəblərdən yarana bilərdi) yumaq üçün yazılmayıb. Duyğular səmimidir, amma səmimiyyət burada peşəkarlığı arxa plana keçirmir – bu, poeziya üçün olduqca vacib və xarakterik cəhətdir. Halbuki, çox zaman şeirdə bu iki kriteriyadan biri pozulur və biz səmimiyyətə görə texnikanın zəifliyinə – ya da əksinə göz yummağa məcbur oluruq…

Fərhadın gündəliklərində bu şeirin, yalan olmasın, 10-dək varinatı var. Ola bilsin ki, bir o qədəri bizə gəlib çatmayıb. Son variantla əlimizdə olan ilki tutuşdurduqda maraqlı bir mənzərə alınır: eyniadlı mətndə cəmi bir misra oxşardır. Deməli (yenə qeydlərə əsaslansaq), şeirin üzərində müəllif, ən azı, bir il işləyib və yalnız onu mükəmməl hesab edəndən sonra ictimailəşdirib. Maraqlı məqam həm də burasındadır ki, sonuncu variantın özünü də Fərhad kompyuterində “A versiya” adlandırıb. Ömür vəfa etsə, bəlkə, heç bu da sonuncu variant olmayacaqdı, kim bilir. Amma istənilən şeiri təhlil edərkən əlimizdəki mətndən çıxış etməliyik. Belə də edək…

“İstədiyin kimi oldum

İstədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan”


Şeirin adı özü fədakarlıqdan xəbər verir. Fədakarlıq isə sevginin başqa bir adıdır.

Qadın sevdiyi kişini olduğundan daha güclü görmək istəyir. Bəs “sərt” kəlməsi nəyə işarədir? Bunu müəllif yalnız “güclü” sözünün sinonimi kimi işlədib ki, fikrini qüvvətləndirsin? Ola bilər. Həqiqət belədir ki, tərəddüdlərə daha çox meylli olan qadın kişidə təbəddülatları görmək istəmir. Ən çətin vaxtlarda onun arxalanacağı dirək möhkəm olmalı, laxlamamalıdır. “Heç zaman ağlamayan” ifadəsinin üzərində də dayanmaq istəyirəm. Məsələ bunda deyil ki, ağlamaq zəiflik əlaməti kimi qəbul olunur. Fərhad Mete

Fərhad Mete

Kişinin göz yaşları adətən dərin iztirabdan xəbər verir. Sadəcə, Allahın yumşaq təbiətli yaratdığı qadın sevdiyinin bu şəkildə ağrıdığını görmək istəmir, vəssəlam…

Sevgi təbii seçmədir. Seçim uğurla aparılırsa, yəni qadınla kişinin fiziki hisləri ilə yanaşı, ruhi yaxınlığı (düz xətlər bir-birinə sarı əyilərək kəsişir) baş verirsə, bu ağır və müddətli (bu həm də səbirli olmağa işarədir) proses onların hər ikisinin böyüməsi ilə nəticələnir. Böyümək – inkişaf etmək, deməli, həm də dəyişməkdir. Böyük sevgilər xoşbəxt sonluqla bitmədikdə belə, həmin dəyişiklik yalnız sağa (müsbət istiqamətə) doğru baş verir.

“gülümsəyən gözlərində böyütdün məni”

Bioloji tədqiqatlar göstərir ki, kişilər fiziki cəhətdən güclü cins olsalar da, mənən daha zəifdirlər. Deməli, sevdiyi kişini dəyişdirmək (oxu: böyütmək) üçün qadından daha böyük səy (və səbr!), daha çox diqqət, sevgi, nəvaziş və təbii ki, təbəssüm göstərmək tələb olunur. Yalnız bunu sonadək bacaran qadın əsl xoşbəxtliyi dad bilər. Fərhadın şeiri məhz bu qadına ünvanlanıb…

Yalnız böyüyən (müsbətə doğru dəyişən) tərəf qarşısındakı üçün “hazır sabahlar” yaratmaq istəyə və bunu bacara bilər. Burada söhbət, əlbəttə ki, minnətdarlıq duyğusundan getmir. Çünki qarşılıqlı sevgidə minnət olmur, yalnız uğursuz (birtərəfli) eşqlərdə sevən tərəf (və ya əksinə sevilən adam) özünü sevdiyinə (və ya onu sevən şəxsə) borclu hiss edir. Bütün münasibətlərdə borc – asılılıqdır, xoşbəxt sevgilər asılılıq tanımır.

Hündürdən oxu (sözlər səsə çevrilməsi) qəribə prosesdir. Çox zaman tanış mətni eşitmək tamam başqa effekt yaradır. Adi oxuda fikir vermədiyin sözlər canlanır, ilk baxışdan fərqinə varmadığın mətləblərə işıq salır. Bu cür qavrama beyindəki kanalları oyadır, açır və sözlər artıq təəssüratlara çevrilir, bir-birinin ardınca yeni “mənzərələr” açılır, təxəyyüllə məntiq biri-birinə mane olmadan bir yerdə, paralel şəkildə çalışmağa başlayır, bayaq dediyim kimi, ayrı-ayrı düz xətlər bir-birinə sarı əyilir və kəsişir, birləşirlər, belə birləşmədə onların ayrı-ayrılıqda payını müəyyən etmək olmur (Bu parçanı müəllifin oxusunu dinləyərək yazıram. Arada səsə fasilə verib, fikirlərimi kompyuterin yaddaşına köçürürəm)…

“sonra hazır sabahları yaratdım sənin üçün

sən yatmışkən

qaranlıqlardan keçən hazır sabahları”


Qəhrəman “hazır sabahları” sevgilisi yatmışkən yaradır. Bu məqam yuxarıdakı qeydlərimin aktuallığını bir daha təsdiq edir. Səhər gecənin zülmətindən sonra açılır. Şeirdə müəllif bu məqamı unutmadan başqa bir məqama işarə edir – rahatlıq həmişə gərgin zəhmətin nəticəsində hasil olur. Bunlar aydındır.

Bəs müəllifin şeirə gətirdiyi obrazlar və təfərrüatlar – ölmüş quşlar, yalmanan köpək, qəddi əyilmiş ağac, rəngsiz çiçəklər (fikir verin, obrazların hamısı kontekstdə mənfi çalarlıdır), divara yazılmış “sevirəm” sözü nə deməkdir? Xırdalamağa çalışaq.

Yaxınları bilir ki, Fərhad Mete yuxularla maraqlanırdı, hətta gündəliklərindən belə məlum olur ki, o, müxtəlif günlərdə gördüyü yuxuların qeydiyyatını aparıb ( Bu şeirlə bağlı fikirlərimi yazıya köçürməzdən əvvəl Fərhadı tanıyanlardan bu obrazların nə demək ola biləcəyi ilə maraqlandım. Heç kəs dəqiq bir şey söyləmədi, dedilər ki, açar yalnız Fərhadın özünün yuxuları ola bilərdi). Şeirin özündə də obrazlar yuxu ilə əlaqələndirılir. O zaman gəlin adi yuxuyozmalardan istifadə edək.

“küçələrdə ölmüş quşlara can verdim,

ayaqlarıma yıxılıb yalmanan köpəklərin başını tumarladım

hürməsinlər deyə”


Yuxuda quş görmək xeyirə yozulur, bu tale yuxusudur. Folklordakı “padşahlıq müjdəçisi”ni, Simurq və Zümrüd quşlarını xatırlayaq. Amma Fərhad ölmüş quşlardan danışır. Ən mütəlif yuxyozmalarda bunun bircə izahı var – ölmüş quş – bədbəxtliyə, pis bir hadisənin baş verəcəyinə işarədir. Burdaca başqa bir məqamın üstündən sakitcə keçmək olmur – dostumuzun bütün şeirlərində bu qəza hadisəsinin izlərini tapa bilirik. Və hətta onun şeirdə ölmüş quşlara can verməsi də həyatda heç nəyi dəyişmir. Axı Fərhada bu qabiliyyət verilməmişdi – hətta bunu ən çox sevdiyi qadın üçün etmək istəsə belə.

Taleyi dəyişmək bizim əlimizdə deyil. Biz sevdiklərimizin xətrinə yalnız bu taledən xəbər verən yuxuları tərsinə yoza bilərik. Müəllif də yəqin şeirdə bunu nəzərdə tutur: sevgilisi yuxusunda ölmüş quş görüb oyananda bunu tərsinə yozacaq.

Yuxuyozmalar köpək obrazını birmənalı qiymətləndirmir. Istənilən halda, hürən it – yaxşı əlamət deyil, bu da xoş olmayan xəbərdarlıqdır. Yalnız şeirdə köpəyin başını tumarlamaqla onun səsini kəsməyə məcbur etmək olar.

“ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim

divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım

sabah yenidən oxuyasan deyə”


Ağacların qəddi əyilibsə, bu da taleyin qırılmasına işarədir. Çiçəklər – sevgi əlamətidir. Rəngsiz çiçəklərin, həqiqətən də, mövcud olub-olmadığını bilmirəm, internetdəki axtarışlar da birmənalı nəticə vermir. Amma normal halda çiçəyin rəngi olur. Bəs rəngsiz çiçəklər? Ümumiyyətlə fizikadan da bilirik ki, rəngləri

“yaradan” əslində Günəş şüasıdır. Adi gözlə qaranlıqda çiçəklərin rəngini müəyyən etmək çətin olur. Rəngsiz çiçəyi – qaranlıq, solğun həyatın rəmzi kimi qəbul edə bilərik. Onları rəngləmək, yəqin ki, sevdiyi qadına işıqlı gələcək qurmaqdır.

Divara yazılmış “sevirəm” kəlməsinə gəlincə, vəziyyət bir qədər qəlizləşir. Yuxuyozmalarda bu barədə heç nə deyilmir. Bunu yalnız fəhm hesabına “aydınlatmaq” olar. Cəhd edək. Hər birimiz yeniyetməlikdə bu sevgi düsturundan istifadə etmişik axı. Nə vaxtsa pəncərənin tərləmiş şüşələrində, asfaltda, dərs lövhələrində, məktəb partalarında çizdiyimiz A üstəgəl B = sevgi yazmışıq. Sonra kimsə görməsin deyə, üstünü qaralayanlarımız da az olmayıb.

Niyə müəllif divara yazılmış “sevirəm” sözünü qaralayır? Qaralamaq burada hərflərin üstünü cizərək onları qabartmaqdırmı? Yazılanlar bir gün köhnəlir, təbaşir silinir, yazıların rəngi gedir – müəllif bunu nəzərdə tutur, yoxsa, üstünü qaralamaqla guya bu kəlmələri oxunmaz, görünməz edir? Oxumaq üçün daha çox səy göstərməsi üçünmü? Fəhm hesabına anlaması üçünmü? Axı gizlədilən yazılar daha maraqlıdır.

“Bütün səsləri içimə çəkdim oyanmayasan deyə.

Sonra sənə yuxuları verdim qarmaqarışıq,

Sirrini yalnız mən bildiyim yuxuları

içində ölmüş quşlar, qəddi əyilmiş ağaclar,

rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri,

bir də bəyaz divarda “üstəgəl” və “bərabərlik” işarəsi,

sirrini tək mən bildiyim qarmaqarışıq yuxuları verdim sənə

hər sabah onları nəyəsə oxşadasan deyə”


Qadın, bir qayda olaraq qarışıq yuxular görən zaman hər birimizin etdiyi kimi, yuxuları əksinə yozacaq, sevdiyi kişi də bu cəhdində ona yardımçı olacaq təbii.

“sonra qayıdıb yatağına gəldim, uzun – uzadı üzünə baxdım

və dedim astadan, pıçıltı ilə istədiyin kimi oldum,

istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan

səni sevdiyim üçün

mən – atasız, utancaq və qorxaq yeniyetmə”…


O yuxuların (deməli, həm də bu şeirin) sirrini yalnız Fərhad bilirdi. Nə vaxtsa atasızlığın utancaq və qorxaq böyütdüyü yeniyetmə olmuş bu şair.

Bu yazıyla üç il əvvəl itirdiyimiz Fərhadı xatırlamağa çalışdım. Onun şeirin sirrini açmağa cəhd etməklə. Nə dərəcədə bacardım, doğrusunu, indi yalnız Allah bilir.

Ümid edirəm, nə vaxtsa bu barədə özündən soruşmaq imkanım olacaq…

Günün bütün mövzuları

XS
SM
MD
LG