Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:16

Tağı Şahbazi (Simurğ). Qayçı


-

(Hekayə)

Məşədi Salmanın arvadı Gülcahan yoğurmuş olduğu xəmirin "gəlməsini" gözləyir və hər yarım saatdan bir xəmirin üzərindəki isti parçaları qaldırıb, əli ilə xəmirdən bir çəngə dartıb baxırdı. Axırıncı dəfə yenə baxdı.
- Hələ bir az qalıb, - deyə xəmiri bərk-bərk basdırdı. Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odununu kösövlə qarışdırdı.
Məşədi Salman evin qarşısındakı daş üzərində oturub, atın yüyən və cilovunu təmir edirdi. Birdən Məşədi Salman yüyəni, cilovu və iynəni daş üzərinə qoyub qalxdı və sürətlə evin içərisinə getdi. Bir azdan sonra Məşədi Salman arvadı səsləyib qayçının yerini sordu. Arvad cavab verdi. Məşədi axtardı, tapılmadı. Onda Məşədi Salman başını qapıdan çıxarıb, arvadı tərəfə dedi ki:
- Bu xarabada heç bir vaxt heç bir şey tapmaq mümkün olmayır; qayçı yoxdur!..
Gülcahan yanındakı yorğançanı da tələsik xəmirin üzərinə salaraq, qayçını axtarmağa getdi.
Baxılmamış yer qalmadı - qayçı tapılmadı. Məşədi Salmanın ovqatı yavaş-yavaş acılaşmağa başladı.
Gülcahan bilirdi ki, axırda qayçı tapılmasa, evdə bir qiyamət qopacaq və nəticədə Məşədi Salman acığını Gülcahanın kürəklərindən çıxarmaq istəyəcəkdir. Ona görə də Gülcahan Məşədi Salmanı sakit etmək istəyirdi:
- Nə olub, a kişi, bir az səbir elə, salavat çevir, görəsən haradadır, tapılar; bəlkə Məhəmməd bilir, bu saat gələr; oduna göndərmişəm, gələr, soruşarıq.
Məhəmməd Zəngəzurun qaçqın yetimlərindən idi. Kəndləri dağılıb talan edilən zaman bacısı Zeynəblə bərabər baş götürüb qaçmış və Məşədi Salmanın yaşadığı kəndə pənah gətirmişlərdi. O il ata və anasız qalmış bir çox yetim balalar kəndlərini tərk edib yaxın kəndlərə gəlmişlərdi. Onlardan bir qədəri küçələrdə, yollarda tələf olmuşdu. Bir neçəsini də övladsız kəndlilər yanlarında saxlayırdılar.
Məhəmməd də belələrindən idi. Məşədi Salmanın arvadı Gülcahan ona təsadüf edib, evinə gətirmiş və ərinin narazılığına baxmayaraq saxlamışdı. Məhəmmədin bacısını da qonşu Şahpəri arvad qızlığa götürmüşdü. O vaxtdan Məhəmməd Gülcahanın yanında və bacısı da Şahpəri arvadın yanında qalırdılar.
Səkkiz yaşında Məhəmməd və yeddi yaşında bacısı Zeynəb -yaşadıqları evlərdə səhərdən axşamadək çalışır, ev sahiblərinin bütün əmrlərini icra edirlərdi. İndi də Gülcahan Məhəmmədi meşəyə göndərmişdi.
- Get meşənin ətrafından quru odun budaqlarından bir şələ topla, gətir.
Məhəmmədə hər bir qulluq buyurulanda cavab verdiyi kimi, bu dəfə də:
- Baş üstə, xala, - deyib meşəyə getmişdi.
Yolda bacısı Zeynəbi arxın kənarında görmüş, yanına gəlmişdi; bacısı qab-qaşıq torpaqlayırdı.
- Hara gedirsən?
- Meşəyə, odun yığacağam. Çörək bişiririk!
- İşim olmasaydı, mən də səninlə gedərdim.
- Eybi yoxdur, sonra gedərik.
- Sağ ol! - deyə fıt verə-verə Məhəmməd Zeynəbin ardınca baxıb, yollanmışdı. Bacısı Zeynəb də bir neçə dəqiqə Məhəmmədin ardınca baxıb, sonra yenə öz işinə davam etmişdi.
İndi Məhəmmədin adını çəkərkən, Gülcahan fıkrinə belə gətirməyirdi ki, Məşədi Salman pis gümana düşsün. Amma Məşədi Salman Məhəmmədin adını eşidərkən, yalnız bir şey zənn etdi: "Məhəmməd qayçını oğurlamışdır".
Doğrudur, Məşədi Salman bilirdi ki, Məhəmməddən bu vaxtadək oğurluq baş verməmişdir, amma bununla belə, Məşədi Salman fıkir edirdi ki, qayçmı Məhəmməd oğurlaya bilər:
- Kimə inanmaq olar? Düz adam varmı? O da anası və atası naməlum bir yetim ola?
Məhəmməd - yetim, ata və anası da Məşədi Salmandan ötrü naməlum! Elə isə, Məhəmmədin qayçnı oğurlamasına Məşədi Salmanın nə şübhəsi ola bilər?
Ağır bir surətdə nəfəs alaraq, Məşədi Salman Məhəmmədin yolunu gözləyirdi. Məşədi boylanaraq, meşəyə doğru gedən yola baxdı, çox uzaqda bir yer qaralırdı. O, Məhəmməd idi. Böyük bir şələ altında əsla görünməyirdi. Ancaq qaralan şələnin hərəkət etməsindən ən axırda adam olduğu düşünülürdü. Şələ yavaş-yavaş yaxınlaşırdı. Qüvvəsindən artıq üzərinə odun şələsi almış Məhəmməd, uzaqdan Məşədi Salmanı görüncə, fıkir etdi ki, Məşədi tələsir, onu gözləyir; ona görə də addımlarını tez-tez atmağa başladı.
Yazıq çocuq elə zənn edirdi ki, Məşədi Salman indi ona bir "sağ ol" deyəcəkdir. Haqqı da var idi, çünki bu dəfə odun yığarkən, çox əziyyət çəkmişdi. Hətta əlini də yaralamışdı. Məhəmməd çatan kimi Məşədi Salman ondan:
- Adə, a qoduq, qayçı hanı? - deyə sordu.
- Hansı qayçı, əmi?
- Ay gözünə batsın, neçə qayçı var? Götürdüyün qayçı, de, hanı?
- Bilməyirəm, mən götürməmişəm...
- Ay səni bilməyirəm kəssin, hara qoymusan, de!
- Vallah ki, bilməyirəm.
Odun şələsinin altında ikiqat bükülmüş Məhəmməd Məşədi Salmanın sorğularına cavab verərək yalvarıcı bir baxışla qayçıdan xəbəri olmadığmı bildirdi.
Məhəmmədin bu cavabı, Məşədi Salmanın əsəblərini daha da qaldırdı: "Aha, inkar edir, məni aldatmaq istəyir", - deyə fikir edərək, Məşədi Salman çocuğa yaxın gəlib, yenə qayçını sordu.
- Vallah ki, bilməyirəm, əmi!
Bu cavabı eşidər-eşitməz Məşədi Salman odun qarışıq Məhəmmədə bir təpik vurdu. Çocuq şələ ilə bərabər yerə yıxıldı və yıxıldığı vaxt odun parçası üzünü cırdı, bir dəqiqədə Məhəmmədin üzünü al qan bəzədi.
Məşədi Salman Məhəmmədin başı üzərində durub:
- İt oğlu, de görüm, qayçı haradadır? Bax, deməsən, bil ki, səni öldürəcəyəm... - deyə çığırdı.
Məşədi Salmanın gözləri həlqəsindən çıxmış, üzü o qədər qabarmışdı ki, tanınmaz bir hala gəlmişdi.
Məhəmməd üzünün yeni yarasından axan qanı çirk əlləri ilə silərək ağladı.
- Vallah ki, xəbərim yoxdur, - deyə yalvarmağa başladı. - Mən oduna getmişdim; bilməyirəm, sən allah, əmi, məni döymə, qayçını görməmişəm. Gülcahan bu əhvalatı görüb yaxın gəldi.
- Ay kişi, yetimdir, elə vurmaq olmaz; doğrudan da, xəbəri yoxdur, - dedi.
- Danışma, vallah səni də ona qataram!..
Gülcahan Məşədi Salmanı yaxşı tanıyırdı. Belə hallarda ona yaxın durmaq mümkün deyildi. Heç bir vasitə ilə onu sakit etmək olmazdı. Məhəmməd Gülcahanı gördükdə, kömək dilər kimi:
- Ay xala, vallah ki, xəbərim yoxdur; qayçını görməmişəm, - dedi. Lakin qayçmın itməsinə Məşədi Salman şərik ola bilməyirdi.
- Hara itəcək? Yəqin ki, oğurlayıb, indi də boynuna almaq istəməyir. - Məşədi Salman Məhəmmədin qolundan yapışıb qaldırdı və əli ilə onu hədələyərək: - Deyirəm ki, səni öldürərəm, yandıraram, bu saat qayçının yerini söylə, de görüm! - deyə bağırdı.
- Vallah ki, əmi, xəbərim yoxdur.
Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə, Məhəmmədə bir şapalaq vurdu. Məhəmməd qışqırdı, ağladı. Məşədi Salman Məhəmmədin ağlamasına baxmayaraq, qolundan tutub təndirin yanına çəkdi.
Gülcahan Məşədi Salmanın nə edəcəyini düşünməyərək:
- Ay kişi, burax, incitmə, yetimdir, yazıqdır... - deyə yalvarırdı. Təndirin yanında Məşədi Salman Məhəmmədin belindən yapışıb qaldırdı və Məhəmmədi yanar təndirin içinə atdı. Məhəmmədin səsi ərşə çıxdı:
- Vay yandım, aman yandım, öldüm!
Məhəmməd elə çığırdı ki, bütün qonşular eşidib töküldülər. Məşədi Salman bir yana çəkilib durdu. Gülcahan özünü itirib:
- Vaxsey, uşaq yandı, - deyə çığırmağa başladı.
Qonşular Şahpəri ilə Rəcəb kişi hamıdan əvvəl təndirə doğru yüyürdülər və iki tərəfdən Məhəmmədi təndirdən çıxartdılar. Şahpəri mətbəxə yüyürüb xəmir üzərindən yorğançanı alıb çocuğa sarıdı. Beləcə Məhəmmədin odunu söndürdülər. Yenidən yorğanı Məhəmmədə sarıyarkən, yorğanda bir şey cingildədi. Baxdılar - qayçı idi.
- Ay Gülcahan, qayçı yorğanın içində, ala bax! – deyə göstərdilər.
- Vay, yorğanı sırıyanda yaddan çıxıb içində qalıbdır.
- Bunun üçün yazıq uşağı yandırdınız?
Gülcahan Məşədi Salmana baxdı. Məşədi başını aşağı dikmişdi. Görünürdü ki, gördüyü işdən narazı və pərişandır.
Haman saat kənd şurası sədri gəlib protokol yazdırdı. Uşağı təcili bir surətdə atla şəhər azarxanasına göndərdi və protokolu da dairə icraiyyə komitəsinin sərəncamına verdi.
Bu əhvalatdan neçə ay keçmişdi. Məhəmməd sağalmışdı. Ayaq barmaqları yanmış və ayaqları da topal bir şəkil almışdı. Məhəmməd müalicə edildiyi xəstəxanadan çıxarılıb, yeni açılmış qəza çocuq evinə verilmişdi.
Burada Məhəmmədə təzə paltar və ayaqqabı göndərilmişdi. Məhəmməd bu ayaqqabılardan çox razı idi. Həm rahat idilər, həm də ayaqlarının barmaqsız olduğu bəlli olmayırdı.
Bir gün küçəyə gəzməyə gedəndə, Məhəmmədin çəkməsi üzərindən bir də bir qaloş geydirdilər. Məhəmməd ayaqqabı üzərindən bir də bir ayaqqabı gördükdə, mürəbbisindən:
- Niyə bəs iki ayaqqabı? - deyə sordu.
- Çəkmən palçığa batmasın, həm də ayaqlarına soyuq olmasın, həkim tapşırıbdır! Yaxşıdırmı?
Məhəmməd güldü. Razı idi.
Məhəmməd çocuq evində ən sevimli çocuq idi. Onun şirin-şirin danışması, hər bir işin qayğısına qalması çoxunu xoşlandırırdı. Bir gün çocuq evini yoxlamağa gəlmiş icraiyyə komitəsinin sədri, Məhəm-məddən əhvalatı sormuş və o da cavabında:
- Çox razıyam, amma bir xahişim var, - demişdi.
- De görək nədir?
- Bir mirzə göndər, kağız yazdıracağam.
Yarın icraiyyə komitəsinin sədri idarədən bir kargüzar göndərmişdi.
Məhəmməd onu görcək, yamnda əyləşdirib və Məşədi Salmana bir kağız yazdırmışdı. Kağızın məzmununu Məhəmməd özü belə söyləmişdi:
"Məşədi Salman əmi, məni niyə yandırdın? Niyə məni təndirə atdın? Mən demədimmi ki, qayçıdan xəbərim yoxdur? Nə oldu, qayçı yorğanın içindən çıxdımı? Daha niyə məni yandırdın? Mən sənə nə etmişdim? Eybi yoxdur. Mən ki ölmədim. Şura hökuməti məni sağaltdı. İndi məni hökumət özü saxlayır. Təzə paltar da veriblər, ayaqqabı da veriblər. Hələ ürəyi sakit olmayıb əmr edib, ayaqqabının üstündən bir də ayaqqabı geydiriblər. Qoy, deyir, düşmənin canı çıxsm!..
Bax, bu saat buradaca rahat yaşayıram. Sənin kimi deyiləm, bir qəpik də bir adama borcum yoxdur. Səninlə də böyüyəndən sonra danışacağam. Özüm də böyüyüb hökumətə qulluq edəcəyəm və avtomobil maşınına minib gələcəyəm kəndə və səninlə də danışaca-ğam. Niyə sən məni yandırdın?.. Niyə sən məni təndirə saldın?"
- Yazdınmı, əmi?
- Yazdım.
- Yaz adımı Məhəmməd.
Kağızı yazandan sonra Məhəmməd onu alıb, bir az fıkir etdi və sonra balıncın altında gizlətdi. Kargüzardan da çox razılıq edib:
- Çox sağ ol. Mən bu kağızı Məşədi Salmana göndərəcəyəm. Qoy bilsin ki, mən ölməmişəm. Bir vaxt ondan əvəzini çıxacağam, - dedi.
Bir dəqiqə kargüzara baxıb və bir şey xatırlayırmış kimi sordu:
Niyə məni təndirə atdı?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG