Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:48

«Prokuror köməkçisidir, ancaq özü qanunları pozur»


Foto: Arxiv
Foto: Arxiv
-
Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsindəki 44 saylı ünvanda yaşayan Yeganə Pirizadə «Qaynar xətt»ə qonşusu Çingiz Quliyevdən şikayət edib. Deyir ki, Ağsu rayon prokurorunun köməkçisi işləyən Çingiz Quliyev 5 ildir onun yaşadığı həyətdə keçmiş qonşusunun evini alaraq ora köçüb. Qonşular eyni ünvanda – yəni ümumi mülkiyyətdə yaşayırlar. Ünvandakı 1, 2, 3 saylı evlər Yeganə Pirizadənin, 4 saylı ev isə Çingiz Quliyevin həyat yoldaşı Güləbətin Mustafayevanın adınadır. Yeganə Pirizadə iddia edir ki, qonşusu Çingiz Quliyev evinin bərpası adı altında ərazidə qanunsuz qazma işləri aparır, bununla da orada yaşayanları uçqun təhlükəsi ilə üz-üzə qoyur.

«HAMININ HƏYATINI TƏHLÜKƏYƏ ATIB»

Yeganə Pirizadə:

«Ərazi sürüşmə zonasıdır, hamının həyatını təhlükəyə atıb. Neçə müddətdir həyətin arxa hissəsini qazır, pilləvarı saxlayıcı divarları, qrunt laylarını qazıb çıxardıb, deyir, evimin sahəsini artırıram. Bir sözlə, özbaşınalıq edir, bu adama «dayan», «dur» deyən yoxdur. İcra hakimiyyətindən ona yalnız evinin bərpası haqqında sərəncam verilib. Deməyiblər ki, get, sürüşmə ərazisində evini sök, təzədən tik, hələ üstəlik dayaqları da çıxart tulla kənara. O yerdə ki ev tikmək istəyir, o yer tikilmək üçün yararsızdır. Tədricən söküb götürdüyü qrunt layları ki var, onların yuxarısında 6 mərtəbəli binanın bünövrəsi var. O bünövrənin altını boşaldandan sonra bina çökəcək».

Yeganə Pirizadə deyir ki, Çingiz Quliyev onun mənzillərdən birini də zəbt edib. Hələ üstəlik onu məhkəməyə də verib:

«Mənzillərdən birini əlimdən almaq istəyirdi. Məhkəmə də araşdırdı ki, mənzilin qanuni mülkiyyətçisi mənəm. Onun saxta sənədlərini etibarsız hesab edərək iddiasını təmin etmədi».

Yeganə Pirizadə deyir ki, Çingiz Quliyev onları yaşadıqları mənzillərdən çıxartmaq üçün vəzifəsindən sui-istifadə edərək təzyiqlər göstərir:

«Oğlumu döyüb, işimiz prokurorluqdadır, indi də oğluma şər atıb tutduracağı ilə hədələyir. Bizə deyir, nə qədər ki, mən bu həyətdəyəm, siz burda yaşamayacaqsınız. Buna görə də, həyətdən qaçmışıq. Ancaq həyətdə qalmasaq da, mülkiyyətçi mənəm. Məhkəmələr, prokurorluqdakı araşdırmalar bitəndən sonra yenə həyətimizə qayıdacağıq. Prokuror köməkçisidir, ancaq özü qanunları pozur».

«EVİMİZ BAŞIMIZA UÇMALI DEYİL Kİ»

Ağsu rayon prokurorunun köməkçisi Çingiz Quliyev «Qaynar xətt»ə bildirib ki, o, köhnəlmiş evini söküb yerində yenisini tikir. Sənədlə icazəsi alınmış işlərdən kənara çıxmır.

- Mənim nəyimlə bağlı şikayət edir.

- Deyir, sürüşmə zonasıdır, qazıntı aparırsınız, təhlükə yaradırsınız.

- Əlimizdə qanuni sənəd var. Neyləməliyik? Evimiz başlımıza uçmalı deyil ki. Biz orda təzə torpaqda tikinti aparmırıq. Köhnə evimizi söküb yerində yenisini tikirik. Mülkiyyətçi mən deyiləm, həyat yoldaşımdır. O da həmin qonşumuza qarşı məhkəmədə iddia qaldırıb. Çünki qonşu həyətdə özbaşına tikinti işləri görüb. Biz heç kimin evinə iddia etməmişik. Hara gedirsə, deyir orda 3 mənzilim var. Halbuki mənzillərdən ikisi faktiki mövcud deyil. Özü söküb. Təkcə 3 saylı mənzildir, o da 13 kvadratmetrdir, özbaşına tikilidir. Biz də məhkəməyə vermişik».

2009-cu ildə Çingiz Quliyevin həyat yoldaşı Güləbətin Mustafayeva Səbail rayon Məhkəməsində iddia qaldırıb ki, ona məxsus olan 4 nömrəli mənzil Yeganə Pirizadə tərəfindən zəbt olunub. O, ərizəsində evin birmərtəbəli olduğunu göstərib. Məhkəmə araşdırarkən məlum olub ki, ev ikimərtəbəlidir və zəbt olunduğu bildirilən mənzil birinci mərtəbədə yerləşir, sənədlə Yeganəyə Pirizadənin mülkiyyətindədir. Buna görə də, məhkəmə iddianı rədd edib. Ancaq belə getsə, qonşuları hələ çox məhkəmə salonları gözləyir. Çünki onlar yenə bir-birlərinə qarşı məhkəmədə iddialar qaldırıblar.
XS
SM
MD
LG