Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:25

Abdulla bəy Divanbəyoğlu "Can yanğısı" (davamı)


-

Abdulla bəy Divanbəyoğlu


CAN YANĞISI


əvvəli


VII

Qoca kişi ilə arvad axşamlar tez yatırdılar. Ruqiyyə ilə mən ocağı qalayıb gecənin bir müddətinə qədər söhbət edirdik. Mənim nə halda olduğum Ruqiyyəyə məlum deyildi və aləmi-məhəbbətdən buna bir kəlmə də deməzdim. Belə məsum cənnətdəki huri kimi bir zatə məhəbbətdən söz deyib könlünü bulandırmağa cürət etmirdim. Başım bəlalı idi. Bəlalı başıma gələndən söyləyirdim, diqqətlə qulaq asırdı və can yaxan yerində özünü saxlaya bilməyib ağlayırdı.
Ruqiyyə ağlayırdı... Bəli, Ruqiyyə ağlayırdı.
Zalımlar əlində sıxıntımı, namus və qeyrətimin ləkələndiyini, qan ilə onu təmizlədiyimi eşitdikdə, bir necə dəfə dedi: "Yazıq Əhməd, yazığım necə gəlməsin... axırda ürəyim yandı..."
Zindana düşüb əlim, ayaqlarım zəncirdə, qaranlıq, rütubət bir küncdə ac və susuz işlədiyimi eşitdikdə dedi:
- Ciyərim başı yandı, az qaldı ki, ağlayım...
Bu zindandan o biri zindana keçən vaxt yolda gecə vapordan suya düşüb, üzüb çayın kənarına çıxana qədər dalımcan tüfənglər atıb, məni fəna halda yaraladıqlarını, sonra üç gün, üç gecə səhralarda qalıb, ölüm ilə əlləşdiyimi biləndə tab eləməyib "füqəra, zavallı oğlan, məni ağlatdın", - deyib ahəstədən ağlamağa başladı...
- Bizim aramızda belə zülmü özünə iş-peşə edən adam yoxdur, - dedi.
- Ruqiyyə, elə fikir etmə ki, başqa yerdə adamlar zülm, zillətdən qeyri özgə bir şey bilirlər... Siz burada Allahın qoltuğunda, dağların başında hər kəs özünə şad kimi dolandığı halda, orada "varlılıq, yoxsulluq" bir-birinə dolaşaraq əhalinin bir hissəsini edib soltan, o biri hissəsini qul, möhtac... bundan da zülm törəyir. Bu səbəbə adam adamı canavara dönüb yeyir, - dedim.
Ruqiyyə cavab verdi:
- Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür...
Bir necə gün bundan sonra Ruqiyyə ilə ocağın qırağında söhbətə məşğul idik, birdən Ruqiyyə məndən sordu:
- Əhməd, sən öz vətəninə gedəcəkmisən?
Sözümü deməyə, ürəyimdəkini açmağa yaxşı məqam düşdü, dedim:
- Sənə bağlıdır...
Ruqiyyə təəccüblə dedi:
- Necə mənə bağlıdır? Kef sənindir.
- Xeyr, əzizim, Ruqiyyə, mən sənə bağlıyam. Bu bağı kəssən, gedərəm. Yox daha məni bərk bənd etsən, qalaram.
- Mən anlamayıram nə deyirsən, Əhməd...
- Mən səni çox-çox istəyirəm...
- Mən də səni çox istəyirəm. Nə olsun?
- Mənə yar ol, Ruqiyyə...
Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı.
- Böylə sözü qızamı deyərlər? - deyib durdu ki, getsin, mən əlindən tutub əylədim.
- Ruqiyyə, mən deməyirəm ki, ana və babansız mənə yar ol... Bir söylə, gözəlim, baban izn versə, mənə gələrsənmi?
Ruqiyyə gözlərini yerə dikib xeyli müddət cavab vermədi, axırda iki gül dodaqlarının arasından bu kəlmə çıxdı:
- Babam verirsə, mən...
Ruqiyyənin yarpaq kimi titrək əlindən mənim əlimə bir atəş və yaxud göydə oynar şümşada bənzər bir şey keçib varımı yandıra- yandıra ürəyimdə yanan alova qarışdı. Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. Gözüyaşlı, ciyəri atəşli ocağın qırağında qaldım. Bir azdan kişinin gülüşünü eşitdim. Qulaq verdim. Qoca kişi: "Allah belə yazıbsa, mən nə deyim", - dedi.
Görünür, Ruqiyyə əhvalatı atasına deyibdir, şadlığımdan az qaldı ürəyim partlasın. Qoca kişi çıxdı:
- Oğlum! Ruqiyyəyə "mənə gəl" demisən, onun da sənə meyli var. Mənim də sözüm yoxdur. Təəccüb qalmadınmı? Sizlərdə qərib bir adama qız verməzdilər. Amma bizlərdə görürsən, verirlər. Bizim üçün şah və gəda təfavütü yoxdur. Bunların mənası nə olduğunu bizlərdə tək-tək bilən var, o da bu axır zaman şəhər ilə bizim aramızda əlaqə düşəndən bəri bizim də aralığımızda adamdan adama təfavüt qoymaq hasil olur... Ruqiyyə sənə gedir, həmişə qalarsan, Ruqiyyə arvadın olar, gedərsən, kağızını verərsən. Biz sənə ixtiyar işlədə bilmərik.
Şadlığımdan gözlərim yaşarıb bir kəlmə söz deməyə qüdrətim çatmadı. Qocanın əlindən öpüb kənarda dayandım. Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstanı Ruqiyyə idi, Ruqiyyə!..
Məhəbbət coşdu, məni bürüdü, "Ruqiyyə! Ruqiyyə!" dedirtdi. Ömrümün şişəsi Ruqiyyə idi. Ruqiyyə... sınar isə xakistər olaram, fikrimdə idi. Bəli!.. Ömrümün şişəsi sındı. Amma mən...
Qəzanın işi, çərxi-fələk peşəsi! Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır: qanxor, rəhmsiz, ikibaşlı əjdahadır, - deyib bağırırıq. Bağırmağa haqqımız varmı? Mən özüm-özümə etdim, buna qəza nə etsin?

VIII

Qulaq as, gör, özüm-özümə nə etdim.
Dərviş dayandı, könlü təlatümə gəlmiş dərya kimi daşıb nitqi bağlandı, boğazı boğuldu, nəfəs nəfəsə macal vermirdi, kəsilə-kəsilə zor ilə qəlbindən çıxırdı.
Nökərçəmiz bir cam buğlana-buğlana bişmiş süd gətirdi, başladım qaşıq ilə içməyə. Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə də danışmağa başladı:
- Bilirsən canımda nə yanğın var? Ruqiyyə məni, mən Ruqiyyəni gündən-günə artıq bir-birimizi sevirdik. Məhəbbət gülü könül bağında dərin kök atdı, nə mən, nə də Ruqiyyə buna mane olmadıq. Zəhmətimiz əfvayi getmədi. Dilədiyimiz arzuya nail olduq. Bir gün Ruqiyyə mənə birdən-birə dedi:
- Babam sənə söylədi razıdır, məni al, mən sənə gedirəm.
Mən mat-məbhut qaldım. Bilmədim röyamda bunu görürəm, yaxud zahirdə qulağım səsə düşdü? Ətrafa boylandım. Dünyanın üzərinə südrəngli ağ pərdə çəkilmişdi. Aya baxdım. Ay gülümsünürdü. Ulduzlara baxdım, yerlərində oynaşırdılar. Ocağa baxdım, qəhqəhəli gülürdü, alovumu oynadırdı. Meşə, gecə. Sirləri örtən, günah işi basdırıb dəfn edən gecə birdən-birə qulağıma pıçıldadı: "Durma, hərif, məhəbbət bazarı açılıbdır, bəxtin yuxudan oyanıbdır, tez xiridar ol."
Ruqiyyənin üzünə baxdım. Yanaqları rəng verib rəng alırdı. Köksü yuxarı qalxıb aşağı enirdi, bədəni əsim-əsim əsirdi.
"Səni aldım, yarın oldum" - qışqıraraq ağuşumu açdım. Ruqiyyə ilan kimi qolumun arasından züyüldəyib çıxdı və ilan kimi ayaq üstə durdusa da, ləngərləyib qucağıma yıxıldı. Lakin tez ayağa sıçrayıb durdu və çıxıb getdi.
Özümü itirdim, nə etməliyəm bilmədim, əhvalım təğyirləşdi, huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum. "Ruqiyyə!" deyib bağırdım. Şikarını itirmiş səyyad kimi boynuburuq məlul və miskin, ocağın qırağında qaldım...
Ay qara buludun dalına girdi, yenə qara pərdə çəkildi, ocağın alovu söndü, meşədə xışıltı artdı, quşlar sakit oldular.
Bir zaman eşitdim:
- Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər!
Bu, qoca kişi idi, durdum. Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. Qoca kişi ilə qoca arvad ocağın qırağında oturmuşdular. Kefləri yox idi, nə var idisə, ürəyimə qan damdı, qoca arvad mənə dedi:
- Balam, Ruqiyyə naxoşlamış, güyümü apar bulaqdan su gətir!
Ruqiyyə günortaya yaxın durdu, amma kefi yox idi.
Üzünə baxdım, üzümə baxmayırdı. Üç gün kefsiz dolandı. Gecələr oynamağa gedirdi. Amma oynamazdı, gülməzdi, köksünü ötürürdü. Yoldaşı Ayişənin "Ruqiyyə, niyə kefin yoxdur?" - sualına "Sonra sənə söylərəm", - cavab verirdi. Ruqiyyənin belə süst halı qarını qorxudurdu. Ruqiyyəyə cin dəymiş hesab edirdi. Evdə davam edən belə bir hala tab eləməyib, bir sabahı mal arxacının qulağında fıkrimə nə gəldisə, birdən-birə qoca kişiyə dedim:
- Dayı, mənə rüsxət ver, mən gedim, - və özüm də təəccüb etdim. Amma söz ağzımdan çıxmışdı. Fəqir kişi lap mat qaldı:
-Necə, oğlum? Burda məgər... Mən anlamayıram.
- Yox, dayı, sizdən mən çox razıyam. Atadan, anadan görmədiyim hörməti, məhəbbəti mən sizdən gördüm.
- Özgə nə səbəb var isə söylə!
- Səbəbi özünüzə məlumdur.
- Məndən aşan iş isə, oğlum, qət-ümid olub, bizi atıb getmə.
- Bəxtimə ümidim yoxdur, dayı. Bəxt dediyin kəsilməmiş, zahiri gözəl bir almadır, birdən çürük çıxdı. Onda sən nə edəsən, mən nə edim?
- Burdan getmək sənə bəxt açan isə mən nə deyə bilərəm, oğlum, ixtiyarın var.
Evə gəldik. Ruqiyyə də evdə idi. Qoca kişi arvadına dedi:
- Əhməd gedir.
- Hara gedir?
- Vətəninə gedir.
- Hara gedir?
- Bilmirəm. Bizi qoyub gedir. Hara gedir, özü bilir, Allah yaxşı yol versin!
Ruqiyyə dəli kimi üzümə baxdı. Nərgiz gözləri yaş ilə dolub həlqələndi, rəngi-ruhu qaçdı. Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldadı. Az qaldı canıma yanğı düşsün.
Qoca arvad dedi:
-Qoyma getsin, üzümüz-gözümüz öyrənibdir. Oğul gözündə görmüşük, biz ki ona bir yamanlıq etməmişik, niyə gedir?
- Kefi elə istəyir, mən nə eləyim?
Mən istədim ki, "salamat qalasınız" deyim, yaş məni boğdu, deyə bilmədim, ağladım. Qoca kişi də, qarı da ağladılar. Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. Qoca kişi də, qarı da oraya yüyürdülər. Mən də özümü oraya saldım... Ruqiyyə yaralı ahu kimi özündən getmişdi.
Ruqiyyə özündən getdi...
Qoca qarı özünü yola-yola mənim qabağımda dayanıb dirənmiş, lap gözümün içinə baxdı və sonra dedi:
- Səs ver, səs ver, cana gəlsin...
Özümə gəldim, toxtaqlanıb özümü Ruqiyyənin üstünə saldım, əlimi aynalıya uzadıb dedim:
- Dayı, dur məni öldür, dur məni buna qurban elə, mənim qanım, canım Ruqiyyənin yolunda qurbandır!
Qoca kişi geriyə sərpilib əqli başından sıçramış, təngildəyə-təngildəyə dala duraraq əlini belindəki əyri xəncərə uzatdı.
- Əlini saxlama dayı, öldür məni...
- Yavaş! Yavaş! Ya yuxudayam, ya divanəyəm. Yavaş! Yavaş!
- Ya öldür məni, yaxud Ruqiyyəni mənə ver. Bu ikisindən biri olmasa, dünya mənə haramdır!
Qoca kişi qeyzə gəldi:
- Nəməkbəhəram, şeytan, dala çəkil!
Xəncəri çıxardı.
- Ruqiyyə mənə qismət deyil, öldür...
Başımı Ruqiyyənin döşünə qoyub ölümümü gözümün altına gətirdim, qoca xəncəri endirən zaman qarı qolundan yapışdı:
- Qoca kafır, saqqalını qana bulamaqda nə var?
Ruqiyyənin bəxtinə çıxıbdır, ver getsin.
- Qoca şeytan, dala dur, səni öldürərəm!
- Öldür, amma özün fikir elə, bir həftə bundan qabaq Ruqiyyəni Əhmədə verək deyən sən deyildinmi? Əhməd qızını intihasız, hədsiz-hesabsız sevibdir. Sidqi dildən gələn məhəbbət ağaclar dibində, kol dalında burma qaranlığından izah olmayıb, igid oğlu kimi meydana çıxdı. Əhməd Ruqiyyənin kişisidir.
Qoca kişi əllərini saldı, xəncər əlindən yerə düşdü. Ruqiyyəni özünə gətirdikdən sonra bizi qucuyub "Allah sizə yar olsun, Allah sizə pənah olsun", - deyib bizimlə bərabər ağladı... Ruqiyyə ağladı... Mən ağladım... Dördümüz də ağladıq. Bu ağlamaq ayrı ağlamaq idi... Belə ağladıqca yenə ağlamaq istəyirsən, yaşın hər bir qətrəsi sənə təsəlli verir. Yağış nə qədər gurultulu yağsa, sonra hava o qədər xoş və aydın olur...

IX

Dərviş bir stəkan da çay istədi və söyləməyə davam etdi. Dünyanın yolları çırpılı, işdəkləri çəlpə şəkillidir. Düz yol ilə getdiyin yerdə dünya ağzını yoxuşa salsa yaxşıdır. İnsanın peşəsi dünyanın yoxuşlarını dırmanmaqdır. Böylə zəhmətə dayanmaq mümkündür. Yox, adamı gətirib qayaya dirəyir. Burada nə etməli? Nə çarə var? Gərək qayaya da dırmaşasan, daş altında yatmaq ölülərə yaraşar. "Bir canım var, ruhum var, sahibi ixtiyaram", deyən kəs daş dibində oturub, daş başına gözünü dirəməz. Ağıl azır, göz kor olur, daş qopub başımıza düşür. "Qəzadandır, olacağa çarə yoxdur" və yaxud "Çıxan qan damarda durmaz", deyib özümüzü təskin edirik. Mən də öz əlim ilə daşı öz başıma salıb, "qəzanın təqdiri imiş", xalqlar kimi deyib, uzun-uzun müddət özümü təskin edirdim. Sonra ağlım tarazüləndikcə ağlın çaşması qəza imiş. Mənim də ağlım çaşdı, olmazmı olar, oları olmaz tanıdım, gözümə dəyən tərsinə göründü. Arzusunu çəkdiyim zad məni doldurdu, könlüm usandı, özgə bir ərməğan axtarmaq xəyalından nə xilas və nə də doya bildim.
Vətən... Əvvəl dünyanı gördüyüm yer, əvvəl canım, ruhum və bədənim gün-gündən açılıb, düzəlib, doğrulub, var-yoxu, dünyanın dadını və ləzzətini duyduğum, növbənöv duyğuları və rəngbərəng sifətləri hifz edib, zehnim aləmimdə və işıqlı dünyada kara mindirdiyim məkan, Ruqiyyənin mahi-liqasına, günün şəfəqinə boyanmış al-qırmızı içərimə çəkdi. Ruqiyyə əvəzində duman arasında sayə gördüm... Məni qınamağa ixtiyarın var... Hərçənd batini axtarsan, insanın hissiyyat tərəfinə nəzər atsan, məni qınamağı özünə bilmərrə haqq-hesab eləməzsən... Nə deməkdir, vətənim yadıma düşübdür... Çox da vətənim mənə zillət verdi; zəhmət çəkdirdi, axırda didərgin saldı, çöllərə buraxdı, qürbət qapısını üzərimə açıb məni qərib etdi! Nə etməli? Balası yolunda canını oda yaxsa, "uf' deməz ana, acığı tutanda, canı-ciyəri, ruhu olan, qanından olan, cismindən hasil olan, fərzəndini döyür, yenə sonra ağuşuna çəkir... Vətənim anamdır, incitdisə, indi ağuşunu açıb "gəl" deyir. Mən getməzdim, amma qan çəkirdi, qan aparırdı, ruh parübal açmışdı, könül cuşa gəlmişdi, qəlbim "vətən, vətən" vururdu.
...Getdikcə qəm qəlbimə uğradı. Ruqiyyədən gizlədim, istədim vətən məhəbbətini Ruqiyyə məhəbbətində qərq edim, bacarmadım. Vətən məhəbbətini Ruqiyyə eşqi-atəşində yandırmaq istədim, qəsdim yerimədi, Ruqiyyənin zülfləri ilə dolaşmadı, tora düşmədi.
Hər növ xilas olmaq fıkrinə düşmüşsə, daha da artacaq. Daha da hirslə vətən məni özünə tərəf çəkirdi... Fikrim-zikrim Ruqiyyədən vətənə getdi... Mən də məğlub oldum. Vətən məhəbbəti aşıb-coşub ləpəsi məni arxasına aldı. Qəm və qüssə canıma düşdü, Ruqiyyə agah oldu.

X

Bir dəfə dedi:
- Nədir dərdin, Əhməd? Dərdinə məni də şərik et.
Əvvəl bir istədim deyəm ki, bir dərdim yoxdur, amma aldatmağı rəva görmədim və dedim:
- Dərdim böyükdür, sən çəkə bilməzsən.
Cavabında:
- Səninlə bərabər birə on da olsa, taqətim var, - dedi.
- Böylə dərd üçün yaranmayıbsan, əzizim, sən dərd bilməz idin, mən səni dərd bilən etdim. Bu özü böyük xətadır, - dedim.
- Yox, özgə bir dərdin olsa idi, deyərdin... Sən məni dəxi sevmirsən, - deyib əlləri ilə üzünü tutub ağladı. Barmaqlarının arasından mərmər arasından su tökülən kimi yaş axdı. Ürək verib, Ruqiyyəni kiritdim...
- Ruqiyyə, mənim vətənim yadıma düşübdür, divanə olmuşam, amma sən məni zəncir ilə bağlanmış kimi bağlayıbsan, - dedim.
- Vətən... orada kimin var?
- Heç kəsim, Ruqiyyə! Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də "bəsti" deyib, ona həmdü səna dedim...
- Bəs belə olanda səni oraya nə çəkir? - deyə sordu.
- Havası, suyu, dağları, daşları... torpağı... ömrümün ibtidası, nə bilim səbəbi nədir, anlamıram... Mən gedəcəyəm, Ruqiyyə, - dedim.
- Bəs mən nə qayırım?
- Sən də gedək!
- Mən də gedim? Necə ola bilər?
- Gördün, Ruqiyyə? Vətənindən, bu dağlardan, bu daşlardan ayn düşmək fikri necə səni yaman xofa saldı...
- Atam, anam var, - dedi.
- Sən elə xəyal edirsən ki, mən buranı qətiyyən tərk edirəm? Nahaq! Buranı mən tərk edə bilərəmmi? Özün fikir elə!
- Burada nəyin var? Var-yoxun bir mənəm, məndən də usanıbsan, məhəbbət atəşi sönübdür, - dedi.
- Ruqiyyə! Ruqiyyə! Böylə demə, demə. Burada, Ruqiyyə, canımın yarısı var! Canımın bir hissəsi vətənimdə hasil olubsa, o biri ləzzətli, dadlı hissəsi bu dağların aralarında mey verib, kök atıbdır! Bunu bil ki, yarı hissəm buraya, yan hissəm oraya bağlıdır. - Ciyərimdən bağlıyam, qoparmaq istərsəm, ömrüm bitər, həyatım uçar, viran olar. Bir tərəfdə vətən isə, o biri tərəfdə mənim dayanacağım: ömrümün dirəyi, həyatımın işığı, günəşi sənsən, Ruqiyyə... Gedək, üç, dörd aya səni buraya gətirərəm. Gəlməz isəm də, bu yerlər, bu dağlar məni çəkib gətirəcəkdir. Çünki səni mən burada tapmışam. Mən sənə bağlı, sən də bura bağlı. Sən mənə bağlı, mən də oraya bağlı.
Vətən məni çəkəndə, sən gedəsən, səni çəkəndə, mən gedəm. Sən olan tərəzi ağırdır... Mənimlə gedərsənmi, gözəl yarım?
Dodaqları açılar-açılmaz sabah yeli dəymiş gül yarpağı kimi tərpəndi.
- Gedərəm, - dedi.
- Qalma, yarım, qalma, qalsan, bivəfa yar deyərəm, - deyə ürək verdim.
- Qala bilmərəm, qala bilmərəm, qalsam səndən ayrı olaram, - deyib Ruqiyyə gülümsündü, sonra boynumdan qucaqlayıb zar-zar ağladı.
O yaşlar indi də o yan-bu yana axıb ürəyimi yandırır!
Yaşın içərisində hıçqıra-hıçqıra dedi:
- Apar, haraya aparırsan apar! Amma məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm.
- Həvva anamız bilsəydi ki, nəvəsi mənim əlimdə zəlil və miskin, ixtiyarıma bağlı, əmrimə müti, hökmüm yanımda müqəddəs olacaqdır, yəqin ki, babamız Adəmin başına elə bir qəziyyələr gətirərdi ki, arvadlar həmişə bizim üstümüzdə sahibi-ixtiyar olardılar...
Ruqiyyə məlul və məhzun evə getdi. Bunun pərişan halını anası görüb, xəbər aldısa, bir şey duya bilmədi. Mən də məqam axtarırdım ki, fikrimdə olanı bir yol ilə qoca kişiyə deyəm... Bir neçə məqamı mən özüm qəsd ilə ötürdüm. Bu binəvaların övlad sarıdan tək bir qızları var idi... Bunu da mən əllərindən alıb, aparsam, bunlar dərdü qəmdən və qüssədən təklikdən məhv olarlar deyirdim. Ömrümü Ruqiyyənin ömrünə bağlayaraq dünyanın var-yoxunu duyduğum yurddan daşınıb, meşənin başını yurdda dəyələri düzmüşdük.
Vətənin "gəl, gəl" sədası qulaqlarımda zəng kimi çalınırdı, "gedimmi, getməyimmi?" sualından daşınıb "gedirəm" qət etmişdim.
İşin gedişi qoca kişi ilə arvadına qəsdimi söyləmək idi... Bu da çox çəkmədi.
Sabah idi, gün çıxıb xeyli qalxmışdı, mallar yavaş-yavaş sağına gəlirdilər. Ruqiyyə ilə mən də gələn inəkləri sağırdıq. Ruqiyyə özünün inəklərindən Qaragöz adlı inəyi eydirdi. Buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi, mən domuşub sağmağa başladım.
- Bu inəyi çox artıq həvəslə sağıram, - dedim.
- Niyə? Mənimdirmi, deyin?
- Həm sənindir və həm də yadındadırmı, bu inəyi sağarkən bir- birimizin adını çəkdik?
- Yadımdadır!
Ruqiyyənin gözləri süzüldü, özü də xəfif köksünü ötürdü. Badya doldu. Köpüyü aşıb yerə tökülə-tökülə südü qazana tökdüm. İnəyi sağarkən dedim:
- Ruqiyyə, səndə eşq, məhəbbət, inəyində süd həddən ziyadədir. Sənin kimi arvadı, Qaragöz inəyi kimi inəyi olana bəxtəvər demək həmişə yaraşar.
Ruqiyyə cavabında bunu söylədi:
- Bir aşıq bizim yurdumuza gəlib çıxmışdı. Kişilər getməyə qoymadılar. Gecə qaldı, mərəkə yığıldı, bu da aşıq Qəribdən, Koroğludan, Kərəm ilə Əslidən danışıb türkü söylədi. Hərdənbir aşıq söyləyirdi: "Məhəbbətin toru var, düşən çıxmaz". O zaman mən balaca idim, məhəbbətdən, yardan, yoldaşdan xəbərim yox idi. Bu sözlərin məzmununu qanmadım, amma nə isə, bu ana qədər fikrimdə davam edir. Səni sevdikdə məhəbbət nə imiş qandım və toru olduğuna da inandım. Amma bu axır zaman məhəbbətin toru yox imiş. Var isə davamsızdır...
Artıq deyə bilmədi. Səsi boğuldu, amma ağlamağını mənə bildirməmək istədi. Ruqiyyənin nə demək istədiyini qandım.
-Ruqiyyə, and olsun o günün şöləsinə! Bu malın bərəkətinə! And olsun o gözlərindən axan yaşlara!.. Ruqiyyə, Ruqiyyə, məni yandırma... canımdan əl çəkərəm, səndən əl çəkmərəm. Sən mənim ruhumsan! Kim ruhuna qəsd eylər? Səninlə gedib, səninlə gələcəyəm.
- Onda ban tez gedək ki, tez də gələk, - dedi.
- Bu gün qoca dayıma deyərəm, - dedim.
Buna Ruqiyyə cavab vermədi. Atasından, anasından ayrılmaq Ruqiyyəyə ölümə bərabər idi. Məndən ötrü böylə bir artıq zillətə Ruqiyyə razı oldu.
İnəkləri sağıb üç qulplu qazanı doldurduq, hərəmiz bir qulpundan yapışıb, qazanları ocağın qırağına gətirdik. Qoca arvad ilə qoca kişi bizə baxıb fərəhlənirdilər.
- Qoçaq qızım, ərindən cansız deyilsən!
Həqiqətdə Ruqiyyədə bir pəhləvan qüvvəti var idi. Bir dəfə meşədən bir maral vurmuşdum, yekə buğa kimi bir şey idi. Ortasından şaqqaladım, yarısını Ruqiyyə, yarısını da mən dalımıza alıb evə gətirdik. Söyləyirdilər ki, Ruqiyyə toyda özü yaşında canlı dayısı oğlunu yıxmış. Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. Düyün atın boğazında irəlidən hazır idi. At nə ki gücü var idi dartındı. Ruqiyyə ayaqlarını yerə dirədi, atı geri çəkdi, at dal ayaqları üstündə göyə qalxdı, ona qədər özümü yetirib atı tutdum. Ruqiyyə belə Ruqiyyə idi.
Qərəz, qoca arvad qızının üzünə baxdı, tez halı pərişan oldu. Ruqiyyənin kefsiz olduğunu ana gözü seçdi. Sordu və dedi:
- Ruqiyyə, qızım, səndə nə var, kefin yoxdur?
Onun əvəzində qoca kişi:
- Nə var, əlbət, əri ilə dalaşıbdır, - dedi.
- Yox, əri ilə dalaşana oxşamır.
- Bir şey yoxdur, ana can, - dedi.
- Allah elə eləsin, balacığım!..
Ruqiyyə alaçığa getdi, ocağı qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq, üçümüz də əyləşdik. Qoca arvad yenə dedi:
- Əhməd də kefsizdir, üzünə baxanda ürəyimə qan damdı. Bunlarda nə var isə, xeyir işə, xeyir xəbərə bənzəmir.
Mən dedim:
- Hə var, anam? Mən bir vətəni yoxlamaq istəyirəm.
- Bu azından bir ay çəkər, belə uzun ayrılığa necə dözək!
Qoca kişi pozuldu, tükləri qabarıb biz-biz oldu, qaşları sürüşüb az qaldı gözlərini örtsün. Arvad heyran-heyran baxırdı, bir xeyli müddətdən sonra dedi:
- Axırı belə olduğunu mən özüm yaxşı bilirdim...
Qoca dillənmədi. Ürəyim vurunurdu, gözlərim qocanın ağzında idi, axırda dedi:
- Get, biz səni güc-bəla ilə saxlaya bilmərik...
- Dayı, mən tək gedə bilmərəm.
- Yoxsa, Ruqiyyəni də aparmaq istəyirsən?
- Bəli!
Kişi qəti surətdə:
- Ola bilməz, baxıb-baxacağımız bir qızdır. Onu da sən apar qürbətə tulla... Yox, oğul, dilim quruyar, buna "hə" deyə bilməz, - dedi.
- Bir aya qədər ikimiz də qayıdıb gələrik.
- Yox, qızımı bir gün də desən gözümdən o yana buraxa bilmərəm. Bizim həyatımız ona bağlıdır, dartıb üzməyə bizdə nə ixtiyar var, nə də güc var!
Qoca qarı tab eləməyib ağladı. Kişi dedi:
- Ağlama, ağlama, Əzrayılın özü Ruqiyyənin canını almağa gəlsə, onun özünü də yaxın qoymaram.
Bu əsnada Ruqiyyə kirpiklərini aşağı salmış, yavaş-yavaş qədəmini ata-ata gəlib dayanaraq:
- Baba, məni öldür, amma Əhməddən cida salma, ayrılığına dözə bilmərəm, - deyib çəkildi.
Qoca arvad kişi ilə acılı ilan kimi dik qalxdılar, qoca arvad bağırmış dedi:
- Allah amandır! Ruqiyyə, belə söz!
Qoca kişi acıqdan əsdi, bir söz deməyə nə qədər qəsd etdisə, nitqi bağlandı. Xeyli vaxtdan sonra özünü yığıb bir dəfə "Ruqiyyə adlı balam yoxdur", - dedi.
Ruqiyyə bunu alaçıqdan eşitdi.
- Allah, hay dur!
Səsi bizim qulağımıza gəldi, qarı balasının imdadına çatmaq qəsdi ilə timsindi. Amma qoca kişi əli ilə işarə etdi, arvad yerində qaldı. Qulağımıza xırıltı gəldi, qoca qarı "biinsaf, balam ölür, mən necə baxmayım", - deyə alaçığa yüyürdü.
Alaçıqda sürüntü bərkidi. Bir də qarı özünü eşiyə saldı.
- Ruqiyyə boğulur! - deyərək bağırdı.
Məndən qabaq qoca kişi özünü yetirdi. Nə var, nə yox bilmədim, ancaq onu gördüm ki, qoca kişi xəncəri çəkdi, qaldırdı ki, endirsin, dal tərəfdən xəncərin tiyəsindən yapışdım, iki-üç dəfə dartındı, tiyəni əlimdən buraxmadım və bağırmış dedim:
- Qoca, nə qayırırsan, əvvəl məni öldür!
- Oğlan, burax, balam ölür! - dedi.
Birdən gördüm Ruqiyyə alaçığın sənəcəsindən çatı ilə asılıbdır. Qoca xəncəri endirdi. Ruqiyyə qucağıma yıxıldı. Bir neçə gün Ruqiyyə özünə gəlmədi. Düşəndə sayıqlayırdı. Can yanğısından atım-atım atılırdı, ovçu əlindən qurtaran maral kimi döyünüb töysünürdü. Gecələr çalım-çalım çalxalanırdı. Qoca arvad lap özünü itirmişdi. Qoca kişinin də özündən xəbəri yox idi. Qulağının dibində top atılsa idi, əsla qırpınmazdı. Mən özüm yuxuda idim, süst idim. Gözlərimiz qupquru qurumuşdu. Can evimiz elə bir mərama düşmüşdü ki, ətrafımızı qaplayan kainatdan bir əsər duymayırdıq. Bu törəmə, hətta qonşuların da hallarını pozub xarab elədi.
Bizə baxaraq heç kəs bir şey deməzdi, hamı məndən üz döndərirdi. Qız və gəlinlər rast gələndə, qorxa-qorxa mənə baxıb tez keçirdilər.
Hamının məndən zənd ilə zəhləsi getmişdi... Deyirdilər, bu hərifdən sakın dolanmaq lazımdır, bundan xəta əskik deyil!
Ruqiyyənin yaxın bacılıqlarından biri olan Ayişə rast gələndə məni dindirmirdi. Bir dəfə mən onu danışdırmaq istədim, olmadı. Bir qoca qarı öz gəlini ilə bulaqda mənə rast gəldi. Gəlin mən tərəfə baxmadı, baxmağı o yana dursun, hələ bədəni irpə getdi, deyəsən, sinəsinə xəncər çaxdılar. Qoca arvad nuru sönmüş gözlərini örtər-örtməz mənə sarı oynadıb dedi:
- Bu adam gələn yollara niyə daşlar döşənmədi?
Mən də eşitdim.
Ruqiyyədən çəkinməsəydilər, dəliqanlı oğlanlar məni tikə-tikə edərdilər. Onlar deyirdilər: "Nə qədər olsa, yenə Ruqiyyənin əridir..." Bundan çox əziyyət çəkirdim, canım qayət sıxılırdı və gah-gah da gözlərimə zinrik çökürdü, başım gicəlib hərlənirdi...
Bu dəliqanlılar məni dərimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım... Hərdənbir elə bir fəna hala uğrayırdım ki, az qalırdı deyim: "Allahını sevən, məndən bir qırıq qurğuşunu əsirgəmə..."
Ruqiyyənin yanında məlul, miskin başına pərvanə kimi dolanırdım...
"Ruqiyyəmi, vətənimi?" sualı ürəyimin tellərindən bir cürə səda ilə qopurdu. "Əlbəttə, vətən" cavabı şiddətlə cismi-canım evində dövran edirdi. Amma "Ruqiyyə" cavabı viranəyə dönmüş könlümün uzaq bir guşəsində zar-zar zarıldayırdı...
Yavaş-yavaş Ruqiyyə özünə gəldi, gözlərini açdı, məni gördü, gözlərini yenə yumdu. Gül kimi solmuş dodaqlan tərpəndi, amma söz deməyə qüdrəti olmadı. Bunun sabahkı günü Ruqiyyə yenə gözlərini açdı, məni görcək gözlərindən gülümsündü və zəif səs ilə dedi:
- Mənim arzum ölmək idi, bu da başa gəlmədi. Mən Əzrayıla qismət deyilmişəm.
- Yox, Ruqiyyə, sən tək mənə qismətsən.
- Öylə imiş, yoxsa mən fikir edən kimi olardım.
Çox qismətlərimi qəza mənim əlimdən alıbdır. Və çox gözümü dikdiyim qismətlərdən, murazlardan məni binəsib ediblər. Daha bəsdir, nə xəbərdir? Zillətlər ilə mən muraz bəsləyəcəyəm, arzu gözləyəcəyəm, o da ümidim evini bərbad edəcəkdir? Mənim ömrüm mübarizə meydanıdır. Qəzanın işi-peşəsi mənim ömrümdə cövlan edib, mənim ilə cəng və cidalə çıxıb pişik siçan oynadan kimi oynatmaqdır. Bəsdir, artıq dözməyə məndə nə səbir var, nə də qərar. Durmuşam fələyin qabağında, səni mənə rast gətirdi, istədi sənə göstərib, mənə bir gözəl ümid bağçası bağışlayıb, yenə onu od vurub yandırsın mənə can ağrısı versin, məni can yanğısına salsın... Fələyin böylə fikri başa gəlmədi, çünki mən də cana doymuşam.
- Səni qəzanın əlindən dartıb aldım, sən oldun mənim. İndi başıma bir ayrı fənd qurur, ayrı dolamalı yollara salır. Mənim bir tərəfimdə vətən, o biri tərəfimdə sən... Ruqiyyə, vətən könlümü... yox cəmi varımı tutubdur... Vətən coşur, daşır, Ruqiyyə! Coşur, yandırır, vətən qanıma vurub, Ruqiyyə, vurub ürəyimə!
Ruqiyyə gözüyumulu idi, nəfəsi tez-tez işləyirdi, sözlərim bir az onu pərişan elədi. Dayandım, gözlədim, Ruqiyyə gözlərini açmadı.
Axşam düşdü, yerə qaranlıq çökdü, qoca kişi ilə qoca qarı namaz qılmağa məşğul olanda, alaçığa girdim. Ruqiyyə sordu:
- Əhməd, sənsənmi?
- Mənəm, - cavab verdim.
- Bu sabah dediyin sözlər məni pərişan elədi. Fəna bir halda olduğunu anladım... Zərər yoxdur, nə etməli? Arvad deyən bitməyibdir, nə deyəsən, razıyam, nə dərəcədə zəhmətlərə buyursan, düçar olmağa hazıram. Bu gündən sonra Ruqiyyə sənə pərvanədir, yandır, yax, qovur, hər nə bəlalar olsa, hər nə xətalar olsa, hər nə əziyyətlər olsa, boynuma alıb, sənin uğrunda durmuşam.
Dərvişin dili dolaşdı, əlilə gözlərini örtdü, əlini gözlərindən çəkməyib dedi:
- Görən ins və cins arasından arvaddan yazıq, hər dürlü dərdlərə, azarlara qarşı bir zəvəyyül həyat varmı?.. Əşhədü billah, əgər var isə... Tez dişarəyə baxdım. Qoca kişi ilə arvad hələ namazdan fariq olmamışdılar.
- Haraya gedirsən?
Qayıtdım. Ruqiyyə oturmuşdu, qara şəvə kimi zülfləri ətrafına tökülmüşdü, yanında əyləşdim.
Dedi:
- Haraya istəyirsən, məni özünlə apar, səndən cida düşməyə məndə hərəkət görmədim, özümü həlak etmək qəsdinə düşdüm, amma bu sabahdan bəridir ki, nə burada qalmaq ilə və nə də özümü vurub öldürmək ilə səndən ayrı düşmək mümkün deyil, anlamışam... Gərək mən sənin yanında olam, hicran atəşinə dözəcək hal məndə yoxdur, apar öldür... Sən öldür.
Ruqiyyə başını çiynimə söykədi... Bir-iki günə özünü lap düzəltdi, durdu. Qoca arvad bir az açıldı, üstünə gün düşmüş kimi oldu. Amma qoca kişi kefsiz idi, qaşqabağı yer ilə gedirdi, rəng-rəmzindən zəhər damırdı. ARDI
XS
SM
MD
LG