Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

Sabiq baş prokuror ləyaqətinin təhqir olunduğunu iddia edir


Aslan İsmayılov
Aslan İsmayılov
-
Səbail rayon Məhkəməsində sabiq Baş prokuror İxtiyar Şirinin vəkil Aslan İsmayılova qarşı iddiasına baxılır. Məhkəmə iclasına hakim Famil Məmmədov sədrlik edir.

Sabiq Baş prokuror vəkilə qarşı şərəf və ləyaqətə, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb.

İxtiyar Şirin iddia qaldırıb ki, vəkil 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qiyam barədə «Azadlıq» qəzetinə verdiyi müsahibələrində onun ünvanına əsassız ittihamlar səsləndirib. Onu Baş prokuror işlədiyi dövrdə rüşvətxorluqla məşğul olmaqda günahlandırıb.

Avqustun 10-da keçirilən məhkəmə iclasında Aslan İsmayılov vəsatət qaldırıb:

«1992-ci ili oktyabr-noyabr aylarında Gəncə şəhər Prokurorluğuna yoxlamaya gedən briqadanın rəhbəri olmuşam. Aşkar olunmuş qanunsuzluqlarla bağlı 30 səhifəlik arayış hazırlayaraq Baş prokuror İxtiyar Şirinova təqdim etmişəm. Qanunsuzluqlarda adları çəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişəm. İxtiyar Şirinov isə arayışı ortalığa çıxartmadı, müzakirə etmədi və mənim tələblərimə baxmayaraq, heç bir tədbir görmədi. İndi vəsatət verirəm ki, həmin arayış ortaya çıxarılsın. İxtiyar Şirin aydınlıq gətirsin ki, nəyə görə o vaxt qanunsuzluqlarla bağlı tədbir görməyib?».

Hakim vəsatəti təmin etdi və bildirdi ki, qeyd olunan arayışı almaq üçün Baş Prokurorluğa sorğu göndəriləcək. Sonra isə tərəflərə barışıq təklif etdi.

İxtiyar Şirin:

«Aslan İsmayılov ya gətirsin rüşvət faktlarını qoysun ortaya, ya da qalxsın desin ki, barəmdə dediklərinə görə peşmandır, məsələ həllini tapsın».

Aslan İsmayılov:

«Mən heç vaxt boş yerə söz danışmamışam. Demişəmsə, deməli əsası var ki, demişəm».

Tərəflərin barışığa gəlmədiyini görən hakim Aslan İsmayılovun vəsatətinin araşdırılması üçün məhkəmə iclasını qeyri-müəyyən vaxtadək təxirə saldı.

İxtiyar Şirin vəkillə yanaşı, «Azadlıq» qəzetinə də qarşı iddia qaldırıb. O, hər iki tərəfdən təkzib verilməsini və üzr istənilməsini tələb edir.

Aslan İsmayılov 1990-cı illərin əvvəllərində baş vermiş Gəncə hadisələri ilə bağlı bu ilin may ayında «Azadlıq» qəzetinə müsahibə verib. Müsahibəsində İxtiyar Şirinlə bağlı ittihamlar səsləndirib. Aslan İsmayılov məhkəmədə bildirdi ki, onun məqsədi kimisə təhqir etmək yox, Gəncə hadisələrini bir daha yada salmaq olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG