Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Hacıbala Abutalıbovun oğlundan 35 min manat tələb edilir


Azerbaijan - Magsud Mahmudov, businessman

Azerbaijan - Magsud Mahmudov, businessman

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iş adamı Maqsud Mahmudovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova qarşı iddiasına baxılır.

Maqsud Mahmudov İsrafil Abutalıbovdan Yasalamal rayonu, Şərifzadə küçəsində yerləşən və icarəyə götürdüyü obyektin təmirinə xərclədiyi 35 min manatı tələb edir. İddiasına görə, İsrafil Abutalıbov icarə müqaviləsinin müddəti bitməmiş onu obyektdən çıxarıb.

10 İLLİK MÜQAVİLƏ POZULUB

İcarə müqaviləsi 2009-cu ildə birbaşa İsrafil Abutalıbovla yox, onun himayəsində olan “Müstəqil Spektr” Məhdud Məsuliyyətli Cəmiyyətlə 10 illik müddətə bağlanıb. Bu ilin may ayında isə MMC məhkəməyə müraciət edərək icarə müqaviləsini pozub. İş adamı isə hesab edir ki, MMC-nin bu hərəkəti qanunsuzdur. Çünki ortada hələ onun özü ilə bağlanmış 10 illik icarə müqaviləsi var ki, onun bitməsinə də illər var.

Mahmud Maqsudov obyektin boşaldılması ilə bağlı Yasamal rayon Məhkəməsinin və 1 saylı İnzibati İqtisad Məhkəməsinin bu ilin may ayının 11-də eyni gündə bir-birinə zidd 6 qərar çıxartdığını və nəticədə obyektin icra məmurları tərəfindən boşaldıldığını deyir. O, obyekti boşaldıb təhvil versə də, Ali Məhkəməyə müraciət edib.

1 saylı İnzibati İqtisad Məhkəməsində qaldırdığı iddiasında isə obyekti icarəyə götürərkən binada apardığı təmir işlərinə görə xərclədiyi 35 min manatı tələb edir.

Maqsud Mahmudov deyir ki, obyektlə bağlı bütün işləri İsrafil Abutalıbovun adından “Müstəqil Spektr” MMC-nin rəhbəri Bəxtiyar Məmmədov həyata keçirib.

HARAM-HALAL DAVASI

Mahmud Maqsudov:

“Bu ilin aprel ayında Bəxtiyar Məmmədov mənə bildirdi ki, İsrafil Abutalıbov daha obyektdə lombardın fəaliyyət göstərməsini istəmir. Deyir ki, sələmçilik dinə zidd olduğuna görə mən obyektimdə haramçılıqla məşğul olmasını qadağan edirəm. Mən də bildirdim ki, bir halda ki, İsrafil halalçılığa başlayıb, o zaman obyektin təmirinə xərclədiyim pulları halalçılıq edib geri qaytarsın. Ancaq Bəxtiyar Məmmədov dedi ki, İsrafil sənin obyektə xərc çəkdiyini təkzib edir”.

İsrafil Abutalıbovun və “Müstəqil spektr” MMC-nin vəkili olan Ələsgər Məmmədov isə deyir ki, Maqsud Mahmudov obyektə təmir xərci çəkdiyini sübut etməlidir.

"MƏHKƏMƏYƏ SÜBUT GƏTİRİLSİN"

Vəkil:

“Binanın altında yerləşən və icarəyə verilən obyekt 2009-cu ildə Mahmud Maqsudova təmirli vəziyyətdə verilib. Onlar pəncərələrə yalnız “raşotka” vurmuşdular, obyekt boşaldılanda həmin “raşotka” da çıxarılaraq özlərinə təhvil verilib. Məhkəməyə etdikləri təmirin smetasını, alınmış tikinti materiallarına xərclənən pulların qəbzlərini, ustalara gördürdükləri işlərə görə pul ödədiklərini təsdiqləyən sübutlarını təqdim etməlidilər”.

Maqsud Mahmudov isə məhkəmədə bildirib ki, Bakı şəhərində 11 obyekti var, hamısında təmir işləri görüb və heç birinin təmirinin smetasını tutmayıb. O, məhkəməyə təmir işlərini görmüş fəhlələri və təmirə görə tikinti mağazalarından material aldığını təsdiqləyən satıcıları şahid kimi çağıra bilər.

İş adamı sonuncu məhkəmə iclasına obyektdə fəhlə kimi işləmiş iki şahid dəvət etsə də, şəxsiyyətlərini təsdiqləyən vəsiqələri olmadığına görə hakim onları avqustun 31-ə təyin etdiyi məhkəmə iclasında dindirməyi qərara alıb.

Şərhləri göstər

XS
SM
MD
LG