Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Azərbaycanda respondentlərin 44 faizi özünü dindar sayır


Arxiv foto
Arxiv foto
Azərbaycanda rəyi soruşulan respondentlərin 44 faizi özünü dindar saydığını deyir. Bu, WIN-Gallup International «Din və Ateizm İndeksi»ndə qeyd olunur.

Bu sorğu 5 qitənin 57 ölkəsində 50.000-dən çox qadın və kişi arasında aparılıb.

Sorğu həmçinin 2005-ci ildən bəri dini baxışlarla bağlı münasibətlərdə yaranmış dəyişiklikləri göstərir.

Dünyanın ən müstəqil sorğu aparan şəbəkələrindən olan WIN-Gallup International 57 ölkəni təmsil edən insanlara eyni sualları verib.

MÜSƏLMANLARIN 74%-İ ÖZÜNÜ DİNDAR SAYIR

Sorğuya çəkilmiş 51 927 insandan buddistlərin 97%-i, protestantların 83 %-i, hinduların 80 %-i və katoliklərin 81%-i özlərini dindar kimi qələmə veriblər. Bu rəqəm müsəlmanlar arasında 74, yəhudilər arasında 38 %-ə düşüb.

Gürcüstanda kilsə
Gürcüstanda kilsə
Afrikalıların 89 %-i özlərini inanclı adlandırmaqla dünyanın ən dindar bölgəsi kimi qeydə alınıb. Bundan sonrakı yerdə Latın Amerikası (84 %), Cənubi Asiya (83 %) və ərəb dünyası gəlir (77%).

Şimali Asiya 17 % göstərici ilə ən az dindar region olaraq siyahıda yer alır. Onun ardınca isə Şərqi Asiya gəlir – 39 %.

DİNİ AĞIRLIQ ÖLKƏLƏRİ

Dini mənsubluq göstəriciləri Şimali Amerikada 57 %, Qərbi Avropada 51 və Şərqi Avropada isə 66 % təşkil edib.

Dini ağırlıq dünyanın «qaynar nöqtələrində» çox olub: Müsəlman İraqında 88 %, Pakistanda 84 %, Əfqanıstanda 83 %, Fələstin torpaqlarında isə 65 %.

Dinə daha çox meylli olduğunu deyən əhali:

Qana (96%), Nigeriya (93%), Ermənistan (92%) və Makedoniya (90%) özlərini dindar insan kimi xarakterizə edən insanların yaşadığı ölkələr arasındadır.

Buddist məbədi
Buddist məbədi
Bu rəqəm digər ölkələrdə belədir:

Rumıniya (89%), İraq (88%), Gürcüstan (84%), Pakistan (84%), Əfqanıstan (83%), Moldova (83%), Özbəkistan (79%), Serbiya (77%), Ukrayna (71%), Bosniya-Herseqovina (67%), Rusiya (55%), Azərbaycan (44%).

Özlərini ateist kimi təqdim edənlər:

Əminliklə ateist olduğunu iddia edənlər Çin (47%), Yaponiya (34%), Çex Respublikası (30%) və Fransada (29%) tapılıb. Azərbaycanda rəyi soruşulan respondentlərin heç biri özünü ateist saymır, sorğuda bu, 0% göstərilib.

Rusiya (6%), Moldova (5%), Bosniya-Herseqovina (4%), Ukrayna (3%), Serbiya (3%), Ermənistan (2%), Pakistan (2%), Özbəkistan (2%), Rumıniya (1%), Makedoniya (1%), Gürcüstan (1%), Azərbaycan (0 %), İraq (0 %), Əfqanıstan (0 %).

BAŞQA SORĞUNUN NƏTİCƏSİ

Dini məsələlər üzrə ekspert Elşad Miri deyir ki, Azərbaycandan sorğuda iştirak edən respondentlərin 44 faizinin özünü dindar təqdim etməsi müsbət haldır:

«Əvvəlki illərdə keçirilən sorğulara nisbətən bu, böyük irəliləyişdir. Çünki əvvəllər özlərini dindar hesab edənlərin sayı 20-21 faiz arası idi. Bu, ümumiyyətlə, dünyada gedən bir tendensiyadır. Azərbaycanda da buna uyğun olaraq bir şərait yaranıb ki, insanlar daxillərində olan boşluğu dinlə doldurmağa çalışırlar. Düzdür, burda dindarlıq o demək deyil ki, insanlar İslamı tər-təmiz, olduğu kimi qəbul edirlər. Burda təbii ki, mövhumat da var, xurafat da var, İslamın bəyənmədiyi müəyyən məsələlər də var. Lakin bütün bunların timsalında insanların özlərini dindar hesab etmələri, məncə, daha gözəl bir şeydir».

Azərbaycanda bu tip sosioloji sorğuları vaxtaşırı olaraq Siyasi Araşdırmalar Mərkəzi həyata keçirir. Mərkəzin qurucusu və vitse-prezidenti Hikmət Hacızadə deyir ki, onların keçirdiyi sorğularda fərqli nəticə üzə çıxıb:

«Bizim rəqəmlərimiz başqa cürdür. «Dindar» deyəndə, bilinmir nə deməkdir. Bir var soruşursan, adam deyir mən Allaha inanıram. Bizim sorğularda belələri 96 faizdir. 2-3 faiz ateist var. Amma «namaz qılırsızmı, oruc tutursuzmu» sualını müsbət cavablandıran 15-20 faizdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG