Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:49

Murtuz Ələsgərov yaddaşlarda necə qaldı?


Fuad Ağayev
Fuad Ağayev
-
Avqustun 7-də Azərbaycan Milli Məclisinin keçmiş spikeri, hüquqşünas-alim Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Murtuz Ələsgərovun Bakı Dövlət Universitetində çalışdığı illərdə orada təhsil almış vəkil Fuad Ağayev onun barəsində fikirlərini AzadlıqRadiosu ilə bölüşüb:

- 1980-ci illər idi. Universitetin Hüquq fakültəsində oxuyurdum. Murtuz Ələsgərov bizdən imtahan götürürdü və mən əla qiymət aldım. Bir mütəxəssis kimi ona hörmətim var idi. Yəni, Murtuz Ələsgərov zamanının əsl peşəkarlarından idi. Hesab edirəm ki, Azərbaycan hüquq elmi üçün o, çox işlər görüb. Qiymət verirkən obyektiv olmaq lazımdır.

- Nə idi həmin vaxtlar Murtuz Ələsgərovda Sizi cəlb edən keyfiyyət?

- Bilirsiniz, o, «Dövlət hüququ», «Konstitusiya hüququ», «Beynəlxalq hüquq» sahələrində ixtisaslaşmış və püxtələşmiş bir mütəxəssis idi. Bundan başqa, uşaq vaxtlarımdan mənim yadımdadır ki, 60-cı illərdən Azərbaycan Televiziyasında beynəlxalq icmalı da aparırdı. Yəni, Murtuz Ələsgərov kifayət qədər geniş diapazonlu bir alim, mütəxəssis idi. Gözəl natiqlik istedadı var idi. Bu kimi keyfiyyətləri ilə xatırlayıram Murtuz Ələsgərov

Murtuz Ələsgərov

MURTUZ ƏLƏSGƏROV

1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Universitetdə kafedra müdiri, rektor olub.

Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır.

O, 1988-ci ildə başlanan Xalq Hərəkatının iştirakçılarından biri, AXC Ali Məclisinin üzvü olub. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün imza atmış 91 nəfərdən biri, YAP İdarə Heyətinin üzvü olub.

Murtuz Ələsgərov 1996-cı ildən 2005-ci ilədək Milli Məclisin sədri vəzifəsində çalışıb.
u.

- Onun xalq hərəkatında iştirakı barədə nə deyə bilərsiniz?

- Xalq hərəkatında da o, kifayət qədər fəal iştirak edirdi. 1990-cı illərədək. 1990-cı ildə də, səhv etmirəmsə, Azərbaycan Xalq Cəbhəsi Məclisinin üzvü idi. İctimai fəallığı ilə seçilən alimlərdən idi. Yəni, bizim professor-müəllim heyətində fəalları da, qeyri-fəalları da olurdu. Amma Murtuz müəllim elə fəalların arasında da seçilən idi.

- Murtuz Ələsgərov həm də Heydər Əliyevin hakimiyyətə gəlməsinə imza atan «91»lərdən biri olub. Onun bu istiqamətdə fəaliyyəti necə təsir bağışlayırdı həmin dövr Sizin üçün?


- Bu, artıq bilavasitə başqa bir siyasi qüvvənin daxili işlərinə qarışmaq olar. Amma hər halda kənardan görünəni odur ki, həmin təşkilatın (YAP nəzərdə tutulur - Red.) ən azı yaranmasında Murtuz Ələsgərov aparıcı rol oynayan şəxslərdən biri idi. Yəni, kənardan görünən bu idi. O prosesdə də ən güclü natiqlərdən biri məhz Murtuz Ələsgərov idi.

- Murtuz Ələsgərov əvvəl universitetin rektoru, sonra da parlamentin sədri olub. Sizcə, o, hansında daha çox sizin tanıdığınız Murtuz Ələsgərov idi?

- O, mənim xatirəmdə hüquqşünas-alim, professor Murtuz Ələsgərov kimi qalır.

- Bəs bir siyasətçi kimi necə dəyərləndirirsiniz onu?

- Gəlin bu gün onun siyasi fəaliyyətindən danışmayaq. Ən azı, mən danışmayım onun rektor, yaxud spiker kimi fəaliyyətindən.

- Belə hüquqşünaslar varmı indi?

- Bilirsiniz, 1980-ci və ondan əvvəlki illərin müəllimləri, professorları ilə indikiləri müqayisə etsək, qeyd-şərtsiz üstünlük keçmişdəkilərdə olacaq. Misal üçün, indiki Hüquq fakültəsinin məzunları arasında Murtuz müəllim səviyyəli şəxslərin ortaya çıxması çox problemlidir. Yəni, belə şəxslərin sayı sözsüz ki, azalır.

- Və nəhayət, Murtuz Ələsgərovun vəfatını eşidəndə nə düşündünüz?

- Düşündüm ki, ağıllı və istedadlı bir alim-hüquqşünası itirdik.

P.S. Onunla eyni vaxtda universitetdə çalışmış və ya deputat olmuş bəzi şəxslərə müraciət etsək də, heç kim vəfatı günü Murtuz Ələsgərovun siyasi fəaliyyətindən danışmaq istəmədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG