Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:47
-

YAP-çı deputat Siyavuş Novruzov bugünlərdə müxalifəti yenə tənqid edib. Müxalifətin qarasınca deyinmək üzrə artıq “mütəxəssis”ə çevrilən S.Novruzovun son müsahibəsində diqqətçəkən məqamlar vardı.

Onlardan ən yaddaqalanı isə deputatın müxalifətin vahid namizəd məsələsinə poetik dillə münasibət bildirməsi olub.

O sitatı təqdim edirik: “Azərbaycan müxalifətində heç vaxt prezidentliyə vahid namizəd olmayıb. Hətta 1998-ci ildə indi özlərinə lider hesab etdikləri Əbülfəz Elçibəyin vahid namizəd olmasına razılıq vermədilər. Elçibəy bu barədə təklif verəndə İsa Qəmbər ona kəskin şəkildə etiraz etdi ki, hər kəs öz namizədliyini irəli sürsün. Ona görə də İctimai Palatanın seçkilərə vahid namizəd irəli sürəcəyi inandırıcı görünmür. Bizim dostumuz var, həm də şairdir. O, hər dəfə parlament seçkilərində namizədliyini irəli sürür. Hər dəfə də uduzur. Amma şair təbiətli adamdır. İsa Qəmbər kimi fikirləşir ki, namizədliyimi irəli sürüm, bəlkə seçilə bilərəm. Onun parlament seçkilərinə aid yaxşı bir şeiri var:

Bu qatar da belə getdi,
Mən atılıb minəmmədim.
Söykənmişəm mən söyüdə,
Hələ də bar gözləyirəm.
Qatarlanıb illər gedir,
Mənsə qatar gözləyirəm.


Şeirdə deyilən kimi, bunların qatarları çoxdan gedib. Amma yenə də söyüdə söykənib söyüddən bar gözləyirlər".

Müsavat başqanının müavini Tofiq Yaqublu S.Novruzovun ironiya ilə oxuduğu şeirə münasibət bildirib. O, modern.az-a açıqlamasında S.Novruzovun bu addımını müsbət qiymətləndirib: “Çox şad oldum ki, Siyavuş Novruzov şeir dedi. Çünki mən onun hüquqşünas olmağına ciddi şübhə edirəm. O adam danışıqları ilə, dedikləri ilə sübut edir ki, onun hüquq elmindən xəbəri yoxdur. Görünür, şeirə həvəsi var, gedib şeir yazsın, yeni şeirlər oxusun, əzbərləsin. Siyavuş Novruzovun hüquqla məşğul olmasına ehtiyac yoxdur. Poeziyanı çox sevsəm də, mütaliə etsəm də ona şeirlə cavab vermək niyyətində deyiləm. Siyavuş Novruzovun poeziya qabiliyyətini dəyərləndirirəm. Yaxşı olar ki, siyasəti buraxıb gedib şeirlə, poeziya ilə məşğul olsun. Bu, onun üçün daha faydalı olar”.

Müsavat rəsmisi müxalifətin prezident seçkilərində uduzacağı ilə bağlı Novruzovun səsləndirdiyi fikirlərə belə cavab verib: “Bu yaxınlarda idmançımız Maqomed Mirzə Sakit

Mirzə Sakit

Əbdülhəmidov yarışda yapona qalib gəlsə də, onu məğlub elan elədilər.


Biz də bu hakimiyyətlə mübarizədə hər zaman qalib gəlsək də Məzahir Pənahov YAP-çıların əllərini qalib kimi qaldırır. Siyavuş Novruzovun müxalifət haqda belə boş sözlər danışmasının əhəmiyyəti yoxdur”.

Belçikada yaşayan satirik şair Mirzə Sakit də deputata və onun təmsil olunduğu partiyaya ithaf etdiyi şeirlərdən birini əməkdaşımıza göndərib. Şeiri təqdim edirik:

Bədbəxt oğlu, ömrü necə yaşadın,
Diri ikən ruhunu da boşadın,
Əyri gözün, yetmiş üzün, beş adın,
Ondan varsa bircə dənə məndə - de
Nə lazımdır mən demişəm, sən də de.

***

Kimlər idi kölə dərsin oxudan,
Ayaq üstə ayılmadın yuxudan,
Haqq sözünü pıçıldama qorxudan,
Hündür yerdən qalx ucadan kəndə de
Nə lazımdır mən demişəm, sən də de.

***

Qəlb otağın qara rəngdə büsbütün
Əməllərin uçuq damdır, yox sütun,
Kəlmən zəhər, ağzında dil zəqqutun,
Şirin sözə meylin varsa, qəndə de,
Nə lazımdır mən demişəm, sən də de.

***

Öz içində çoxalmısan - bircə ol,
Kol üstündə azad yaşa, sərçə ol,
Səhər-səhər bax güzgüyə bircə yol,
Ürəklənib öz-özünə bəndə de,
Nə lazımdır mən demişəm, sən də de.


Emil SALAMOĞLU
Yeni Müsavat

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG