Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:17

Viza rejimi Bakı-Naxçıvan reyslərinə təsir etməyib


Foto: Arxiv
Foto: Arxiv
-
Avqustun 5-də Naxçıvandan İrana keçmək istəyənlər naümid qalıb. Çünki sərnişinlərin bu ölkəyə daxil olmaq üçün vizası olmayıb.

İran avqustun 5-dən Azərbaycanla viza rejimini bərpa edib. İran bu ay Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının sammitinin keçirildiyi üçün təhlükəsizlik məsələlərini əsas gətirərək bildirib ki, viza rejimini bərpa etmək zərurəti yaranıb.

«DOLANIŞIĞA GÖRƏ GEDİRİK»

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, artıq avqustun 4-də yüzlərlə şəxs Astara gömrüyünə toplaşıb:

- İrana dolanışığa görə gedirik. Ərzaq alırıq ordan. Bir aydır getmirdim, indi gəlmişəm, görək, nə olur.

İran viza rejimini tətbiq etdiyi zamanlar belə Naxçıvana yaşıl işıq yandırsa, yəni, naxçıvanlılara ölkəyə vizasız girib-çıxmağa imkan yaratsa da, bu dəfə Naxçıvan kənarda qalmayıb.

Bu barədə yerli mətbuatda məlumatlar verilsə də, görünür, xəbərdən xəbərsizlər də çox imiş.

«AĞIR XƏSTƏ APARIRAM İRANA»

Naxçıvanın Şahtaxtı Gömrük İdarəsindən vizasız olduğuna görə keçə bilməyən yerli sakin Qasım Hüseynov AzadlıqRadiosuna şikayətlənir ki, xəstə xanımını İrana müalicə aparmaq istəyi baş tutmayıb:

- Bizim sərhədi keçdik, İran tərəfi isə dedi ki, gedin viza alın, sonra gələrsiz. Bizi geri qaytardılar. Gələnlərin hamısı vizasız idi. Çünki qabaqcadan elan olunmamışdı ki, bu gündən viza tətbiq olunacaq. Bu gün bir nəfər də olsun İrana buraxılmadı. Mən ağır xəstə aparıram İrana. Əvvəldən deyilsəydi, gedib viza alardım. Xəstənin vəziyyəti necə olacaq, bilmirəm.

Avqustun 4-də yüzlərlə şəxs Astara gömrüyünə toplaşıb
Avqustun 4-də yüzlərlə şəxs Astara gömrüyünə toplaşıb
Digər sakin Sabir Vəliyev isə deyir ki, yeni tətbiq olunan viza rejimi ilə İrana gedib-gəlmək onlara sərf eləmir:

Camaatın əksəriyyəti Bakıya İrandan keçib gedirdi. Çünki təyyarəyə bilet bahadır. Təkcə 15 manat verirdik, avtobus bileti alıb, İrandan rahat Bakıya gəlirdik. Vizanın qiyməti 34 manatdır. İndi heç kimə sərf eləmir ki, 34 manat vizaya, 14 manat da avtobusa versin. Ondansa 50 manat verib təyyarə ilə Bakıya uçarıq.

VİZA PULSUZDUR

Bakı Beynəlxalq Avtovağzalının dispetçerindən öyrəndik ki, İranın viza rejimini bərpa etməsi Bakı-Naxçıvan reyslərinə təsir etməyib. Yenə də avtobuslar Bakıdan səhər saatlarında çıxır. Dispetçer xanım onu da söylədi ki, vizası olmayan sərnişinlərə bilet satmayacaqlar. Onlara belə göstəriş verilib. Onu da əlavə etdi ki, viza üçün hər hansı ödənişə ehtiyac olmadığını da sərnişinlərə demək göstərişini alıblar.

Elman Abdullayev
Elman Abdullayev
Elə İranın Azərbaycandakı səfirliyindən də APA-ya bildiriblər ki, Azərbaycan vətəndaşları vizaya görə rüsum ödəməyəcəklər. Viza almaq üçün pasportun birinci səhifəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti və 2 ədəd fotoşəkil tələb olunur.

BU REJİM MÜVƏQQƏTİDİR

İranın viza rejiminin tətbiqi müvəqqətidir.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu barədə ötən həftə AzadlıqRadiosuna danışıb:

- İranın Xarici İşlər Nazirliyindən bizim oradakı səfirliyə daxil olan notada bildirilir ki, avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarına İrana səfər etmələri üçün viza rejimi tətbiq olunacaq. Bu müddətdən sonra əvvəlki rejim bərpa olunacaq.

2010-cu il fevralın 1-dən İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.

Amma viza rejiminin müddətinin müvəqqətiliyinə şübhə edənlər də var. Bəzi yerli müşahidəçilər hesab edirlər ki, Azərbaycan-İran arasındakı diplomatik gərginlik avqustun 31-dən sonra viza rejiminin uzanmasına səbəb ola bilər.
XS
SM
MD
LG