Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14

Şahnaz və Lin cütlüyü [Video]


-
Şəkidə doğulub-böyümüş Şahnaz Çin vətəndaşı ilə ailə qurmaq qərarı verəndə qohum-əqrəbası özünə borc bilmişdi ki, onu bu yoldan çəkindirsinlər. Amma 23 yaşlı Şahnaz da sevib-seçdiyi Linlə birlikdəliyini davam etdirməkdə israrlı idi.

Uzun çək-çevirdən sonra ailəsi daşı ətəyindən töküb Şahnazla Linin evliliyinə «hə» deyib.

«HAMI SUAL EDİR Kİ, NECƏ DOLANIRSIZ?»

Çinli kürəkənə baldızlıq etmək ən çox Şahnazın bacısı Elnarənin ürəyincə olub:

«Mamam çox ağladı. Atam da gah deyirdi «verirəm», gah deyirdi «vermirəm». Atam razılaşandan sonra daha başqaları nə desin... Nənəm incidi. Dayılarım incidi. Nənəm hətta dedi ki, bir də mən gəlməyəcəyəm sizə. Küsdü».

Bu umu-küsü ab-havası Şahnaz İbrahimxəlilovaBinqlian Linin evliliyindən az sonra dəyişsə də, sorğu-sual davam edir:

«Xarici vətəndaşla evləndim. Hamı sual verir ki, necə yaşayırsız, nə yemək bişirirsiz, necə dolanırsız? Belə-belə şeylər. Amma mən elə bil əvvəldən onu tanımışam. Gedib-gəlmişəm. Onların yeməklərini bilirdim. Yəni, mənimçün sürpriz heç nə olmadı».

Şahnazla Linin toyu 6 il əvvəl olub. Lin isə Azərbaycana 16 yaşı olanda – 2000-ci ildə qardaşının burdakı işinə kömək etmək üçün köçüb. Bu köçdən sonra o, din kimi islamı qəbul edib. Bura gələndə Azərbaycan dilində bir kəlmə də kəsə bilməyən Lin elə danışa-danışa bu dilə hakim olub.

AYIRAN DEYİL, BİRLƏŞDİRƏN DƏYƏRLƏR

Şahnazla Linin 4 övladı var. Elə ki Linin qardaşıgillə bir yerə toplaşırlar, ev dönüb olur səsli-küylü uşaq bağçası. Adları da Azərbaycan mənşəlidir, ancaq çinli nənə-babalarını çətinə salmamaq üçün uşaqlara Çin adları da qoyublar. Hər iki çinli qardaşın uşaqları azərbaycanca danışırlar, Çin dilindən xəbərsizdirlər.

Fərqli mədəniyyət, fərqli dil, fərqli din, fərqli mətbəx... Çin və Azərbaycan cəmiyyətləri arasında fərqlərin çoxluğu, özlərinin dediyinə görə, Şahnaz və Lin cütlüyündən yan keçib: onlar bir-birini ayıran deyil, birləşdirən dəyərlərdən danışırlar:

Lin və Şahnaz

Lin və Şahnaz

«GƏRƏK HƏMİŞƏ GÜLƏSƏN»

Lin: - Çox istəyirəm ki, Şahnazın kefi hər gün yaxşı olsun. Dalaşmaq, kefini pozmaq, mən elə şeylər xoşlamıram. Çalışıram xoşbəxt olsun, narazı olmasın.

Şahnaz: - Ən çox istədiyi şey odur ki, gərək həmişə güləsən. Hər gün evdən çıxanda gərək gülə-gülə onu yola salım, işdən qayıdanda da gülərüzlə qarşılayım.

«AZƏRBAYCANDA BELƏ GÖYƏRTİ YOXDUR»

Şahnaz İbrahimxəlilova Linlə ailə qurduqdan sonra zəngin bir yemək mədəniyyəti ilə də tanış olduğunu deyir. Çindən gətirilən ədvalar, xüsusi ərzaqlar mətbəxdə xüsusi yer tutur:

«Bu göyərti Çindəndir. Azərbaycanda belə göyərti yoxdur. Toxumları Çindən gətirilib. Ordan gətirib, burda da əkib. Özü əkir, bişirir, yeyirik».

Azərbaycanda yaşadığı 12 il ərzində Lin milli yemək bişirməyi ən azı yerlilər qədər bacardığını deyir. Elə ona görə də Şahnaz mətbəxə tək girmir:

«Kabab Azərbaycanda ən xoşuma gələn yeməkdir. Demək olar ki, çox Azərbaycan yeməklərini bişirə bilirəm».

Kababın ləzzəti Linin damağında qalıb, Çinin ləzzətisə Şahnazın. Şahnaz İbrahimxəlilova həyat yoldaşının dilini başa düşsə də, ərinin vətəninə səfərdən sonra bu dili mükəmməl öyrənəcəyini söz verib.

Şərhləri göstər

XS
SM
MD
LG