Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:18

Səhv hədiyyə deyil ki, kimə gəldi, bağışlayasan...


-

Xuraman Hüseynzadə



YENİ ŞEİRLƏR



Sabahım

Çək əlini əllərimdən get daha,
Mən də çəkim bu taleyin əlindən.
Ümid etmə açılmayan sabaha,
Nə mən sonra ağrımayım, nə də sən...

Hər sabahım bir gecədə boğulur-
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur,
Yarasından damcılayır dan yeri.

Yenə günüm göy əskiyə bükülü,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir-
Yaralansam, göydən duz da yağacaq.

Ölü doğub sabahımı göy üzü,
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır...


***


Gözlərimdən sevinc ayrılan kimi
ayrılıb getsəm uzaqlara
yaralı ürəyimin qaysağını qoparan kimi
qoparıb baxışlarımı gözlərindən
gedərdim
mümkün olsaydı getmək...
gedərdim yeni sevgilər olan yerə
gedərdim
məsələn
dənizlə göy üzünün öpüşdüyü üfüq xəttinə
tərəf
amma sevgilim
ordan da
ayrılıq qoxusu gəlir
orda da
sevgi var
saflıq var
ölüm var...
mümkün olsaydı getmək
ayrılığı tərk edərdim...


***


yoruldum etiraflarını eşitməkdən
yoruldum səhvlərini
bağışlamaqdan
unutma-
səhv
hədiyyə deyil ki
kimə gəldi, bağışlayasan...
XS
SM
MD
LG