Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:53

Ermənistanda «odnoklassniki» istifadəçiləri...


Arxiv foto
Arxiv foto
Lilit Harutyunyan


Bu gün Ermənistanda ən populyar sosial şəbəkə «odnoklassniki» saytıdır. Təxminən 800 min istifadəçisi var. İkinci yerdə 315 minə yaxın aktiv istifadəçi ilə «Facebook» gəlir. Digər sosial şəbəkələrdən isə daha az istifadə edirlər. Məsələn «V Konkate» saytına «Facebook»la müqayisədə 4 dəfə az adam girir. Twitter istifadəçilərinin də sayı çox hesab oluna bilməz.

Ötən il «odnoklassniki» və «Facebook» şəbəkələrindən istifadə edənlərin sayı 30 faiz artıb. Kiçik şəbəkələrdə isə istifadəçi sayının azaldığı müşahidə olunur.

Gənc rejissor Seda Qriqoryan «Facebook»dan həm şəxsi yazışmaları üçün, həm də iş fəaliyyəti ilə əlaqədar istifadə edir:

Odnoklassniki
Odnoklassniki
««Facebook»un imkanlarından istifadə edirəm, çünki media və video ilə çox əlaqəli bir şəxsəm. Kameram var, az qala hər gün ailəmlə bağlı foto və videoları, yeni zamanda təzə xəbərləri yerləşdirirəm. Fotolarımda son 2-3 illik həyatım əks olunub, hansı tədbirlərə qatılmışam, nə işlə məşğul olmuşam və s.».

«FACEBOOK»DA ŞƏXSİ AZADLIĞI SAXLAMAQ DAHA ASANDIR

Seda son 2 ilə qədər «odnoklassniki» saytından da istifadə edib, ancaq sonradan imtina edib. Səbəbini belə izah edir:

«Elə gün olmurdu ki, tanımadığım şəxslər mənə tanışlıq göndərməsin. Mənimsə sayta girməkdə məqsədim başqa idi. «Facebook»da isə şəxsi azadlığı saxlamaq daha asandır. Birincisi, tanımadığın insanlar sənin onlayn olub-olmadığını görmür, heç kim elə-belə səni narahat etmir. Həm də «Facebook»un imkanı daha genişdir».

İnformasiya texnologiyaları sahəsində mütəxəssis Samvel Martirosyan deyir ki, Ermənistanda «Facebook» daxili siyasətin, həmçinin müxtəlif məsələlərin müzakirə edildiyi platformaya çevrilib. «Odnoklassniki» isə daha çox iki tərəfli münasibət üçün əlverişlidir. Orda xüsusi bir mövzu olmur, adamlar şəxsi informasiyalarını bölüşür və qarşı cinsin nümayəndəsi ilə tanış olmağa can atır.

SİYASİ XADİMLƏR DƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ

««Facebook»da əsasən siyasi xadimlər, o cümlədən siyasət və sosial məsələlərlə maraqlanan şəxslərin səhifələri var. Odnoklassniki isə daha çox gündəlik həyatla bağlı müzakirələrin məkanıdır, ona görə də istifadəçilərinin sayı bu qədər çoxdur».

Ruzanna Qriqoryan vətəndaş cəmiyyətinin fəal üzvlərindən biridir. O, «Facebook» vasitəsilə insan haqları və ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif tədbirlər təşkil edir. Onun sözlərinə görə, «Facebook» fəallar arasında təşkilati məsələlərin müzakirəsi üçün də əlverişlidir. Ruzanna sosial şəbəkədən şəxsi ünsiyyəti üçün istifadə etmədiyini deyir:

«Əgər əvvəllər müxtəlif aksiyaların təşkili zamanı qrup emaillər, sms-lər göndərir, zənglər edirdiksə bu gün «Facebook» vasitəsilə lazımi sayda adam toplamaq olar».

ƏSAS İSTİFADƏÇİLƏR GƏNCLƏRDİR

Ruzanna «Facebook»dan informasiya alan minlərlə istifadəçidən biri olduğunu deyir.

«Əgər «Facebook»a baxsanız, xüsusilə son illər online media ilə bərabər şəbəkəyə çevrilib, ölkədə nə baş verdiyini, hansı ictimai proseslərin getdiyini, insanların nə düşündüyünü bilmək olur. Təkcə xəbəri yaymaq deyil, ona münasibəti də öyrənmək mümkündür».

Samvel Martirosyan deyir ki, Ermənistanda «Facebook» istifadəçilərinin əksəriyyəti gənclər, yeniyetmələr və məktəblilərdir. «Odnoklassniki»dən isə daha çox yaşlılar istifadə edir – valideynlər xaricdə yaşayan uşaqları ilə danışmaq üçün.

Samvelin fikrincə, «Odnoklassniki» istifadəçilərinin sayının «Facebook» istifadəçilərindən təxminən 2.5 dəfə artıq olmasının bir səbəbi də birincinin mobil versiyasının daha münasib olmasıdır.

«Odnoklassniki»nin mobil versiyası daha asandır. «Facebook»un isə ağır olduğundan xeyli şikayətlər var. Ermənistanda çoxları telefondan sosial şəbəkələrə girmək üçün istifadə edir, çünki kompüterləri yoxdur ya da sadəcə ünsiyyət qururlar. Və bu da öz rolunu oynayır».
XS
SM
MD
LG