Keçid linkləri

Təcili xəbərlər

London 2012: Boks - idmanın ən «cığal» növü


Əbdülhəmidov – Shimizu qarşılaşması
Əbdülhəmidov – Shimizu qarşılaşması
-
Əbdülhəmidov – Shimizu qarşılaşması boks mütəxəssisləri və azarkeşləri arasında çoxdan narahatlıq doğuran bir məsələni yenidən gündəmə gətirib.

Söhbət boks yarışlarında xalların hesablanması üçün yeni qaydaların tətbiqindən gedir.
Köhnə qaydalara görə, matçları izləyən 5 hakim hər bir zərbədən sonra əllərinin altındakı elektron düymələri basırdılar. 5 hakimdən 3-ü belə edirdisə, zərbə sayılırdı, üstəlik, hamının gördüyü böyük elektron tabloda işıq parıltısı baş verirdi.

Bu zaman ikinci dərəcəli zərbələr nəzərə alınmır, yalnız hədəfə dəymiş və onu silkələmiş zərbələr hesablanırdı.

Yeni qaydalara görə, 5 hakim hər raundda boksçulara 1-dən 10-dək xal verir və sonra orta hesabla nəticə çıxarılır. Xallar keyfiyyətindən asılı olmayaraq bütün zərbələrə verilir. Hakimlər yenə də düymələri basırlar, lakin informasiya xüsusi kompyuterlərə gedir.
Əslində bu minvalla Məhəmməd Əbdülhəmidov ilk 2 raundda xal hesabı ilə irəlidə olub. Üçüncü raundda o, bir neçə dəfə yıxılıb, lakin «təmiz nokaut»a düşməyib. Hakimlər 3-cü raundu 10-10 hesabı ilə qiymətləndiriblər və Əbdülhəmidov qalib elan edilib.

İndi isə AIBA bildirir ki, o, üçüncü dəfə yıxılanda, oyun dayandırılmalı idi.

Ekspertləri ən çox təəccübləndirən budur ki, türkmənistanlı referi Ishangul Meretniyazov Əbdülhəmidovun hər yıxılmasında səkkizədək saymaqdansa, onun ayağa qalxmasını gözləyib.

AĞLAMAYAN BOKSÇUYA QƏLƏBƏ YOXDUR

Britaniya mətbuatının yazdığına görə, yeni hesablama sisteminin başqa bir qurbanı da ən yüngül çəki kateqoriyasında Trinidad və Tobaqonu təmsil edən Carlos Soarez olub. O, 5 hakimin qərarı ilə türkiyəli Ferhat Pehlivan'a 16-6 hesabı ilə məğlub olub. Halbuki Pehlivan döyüş ərzində 10 dəfədən çox döşəməyə sərilib.

Jeremy Beccu - Birzhan Zhakypov döyüşü
Jeremy Beccu - Birzhan Zhakypov döyüşü
C.Soarez deyir ki, bu, dəhşətli bir qərar idi. Onun da fikrincə, həvəskar boks yarışlarında qalibin müəyyən edilməsi sistemində ciddi problem var.

C.Soarez deyir ki, türkiyəli rəqibi ona heç zərbə də endirə bilməyib, sadəcə yüngülcə yumruqlayıb və hakimlər də elə bu yumruqları sayıblar.

Təsadüfi deyildir ki, C.Soarez rinqi tərk edərkən britaniyalı azarkeşlər onun adını xorla deyərək alqışlayırdılar.

«Washington Post» yazır ki, məğlubiyyətini ədalətsiz sayan başqa bir boksçu da var. Fransanın ən yüngül çəki kateqoriyasında mübarizə aparan Jeremy Beccu qazaxıstanlı Birzhan Zhakypov'a 18-17 hesabı ilə məğlubiyyətini heç cür qəbul etmir. O düşünür ki, peşəkar boks qaydaları tətbiq olunsaydı, o, bu döyüşdən qalıb kimi çıxacaqdı.

Bundan əvvəl Hindistanı təmsil edən ağırçəkili boksçu Sumit Sangvan'ın şikayəti rədd edilib. O, braziliyalı Falcao Florentino'ya 14-15 hesabı ilə məğlub olmuşdu.
Bəzi ekspertlər bildirirlər ki, xalların hesablanma sistemindən hiyləgərcəsinə faydalana bilən boksçular bu sistemdə qalib olurlar.

AIBA həmçinin almaniyalı hakim Frank Scharmach'ı da 5 gün müddətinə hakimlikdən uzaqlaşdırıb. İranlı boksçu Ali Mazaheri kubalı Jose Larduet'lə qarşılaşmada rəqibinə yapışdığına görə Scharmach’dan bir neçə dəfə xəbərdarlıq aldıqdan sonra diskvalifikasiya olunub.

Bu zaman tamaşaçılar hakimi fitə basıblar.

Almaniyalı hakim oyunlardan müvəqqəti uzaqlaşdırılsa da, onun Ali Mazaheri barədə qərarı hələlik qüvvəsində
Ali Mazaheri - Jose Larduet qarşılaşması
Ali Mazaheri - Jose Larduet qarşılaşması
qalır.

Bəzi Britaniya şərhçiləri bildirirlər ki, ədalətin bərpası üçün oyunların nəticələrinə düzəliş edilməsinin özündə də ədalətsizliyə yol verilir.

Məsələn, necə olur ki, əslində 5 hakimin qərarını elan edən türkmənistanlı referi təcili olaraq Aşqabada qaytarılır, lakin elə həmin 5 hakimə «gözün üstə qaşın var» deyilmir?
Necə olur ki, səhvə yol vermiş alman referi cəmi 5 oyunluq cərimələnir?

AIBA ekspertlərin bu suallarına hələlik cavab verməyib.

ƏDALƏTİ BƏRPA EDƏN ƏDALƏTSİZLİK

Həvəskar boks yarışlarında kompyuter sistemi 1988-ci ilin Seul Olimpiya Oyunlarında baş vermiş dəhşətli ədalətsizlikdən sonra tətbiq edilib. Həmin oyunlarda Amerika boksçusu Roy Jones cənubi koreyalı Park Si-hun'la döyüşdə qalib elan edilib.
Halbuki cənubi koreyalı 3 raund ərzində onun 32 zərbəsi müqabilində rəqibinə 86 zərbə endirmişdi.

5 hakimdən 1-i olmuş amerikalı hakim o qədər şoka düşüb ki, öz balını koreyalıya verib. Çünki yerdə qalan dörd hakim qələbəni yekdilliklə amerikalıya veriblər.

AIBA-nın prezidenti Ching-Kuo Wu bu sistemi ötən il Azərbaycanda keçirilmiş Dünya Boks Çempionatında tərifləyib və bildirib ki, bu sistemə «barmaq etmək» mümkün deyil.
Lakin boks ekspertləri iddia edirlər ki,
Ching-Kuo Wu
Ching-Kuo Wu
zərbələrin hesablanması çox da səmərəli yol deyil.

Məsələn, bir boksçu 2-3 sanballı zərbə endirə bilər ki, bunun qiyməti rəqibin 20-30 yüngül dumbuzundan daha yüksək olmalıdır.

Prezident Ching-Kuo Wu bunu da vurğulayır ki, yeni qaydalar həvəskar boksu peşəkar boksa yaxınlaşdırmaq məqsədi güdür. Orada da bütün zərbələr hesablanır.

Lakin burası da var ki, peşəkar boksçular belə sistemin cəncəlinə düşməmək üçün rəqiblərini həmişə, necə deyərlər, tirtap və ölümcül uzatmağa can atırlar.

AIBA hətta dəbilqələrin ləğvini də planlaşdırır. Çünki mütəxəssislər bildiriblər ki, dəbilqə boksçunun beynini yox, sadəcə üzünü qoruyur.

Bütün bunların Rio de Janeyroda keçiriləcək 2016-cı ilin Olimpiadasından tətbiq ediləcəyi söylənir.

Bəzi tənqidçilər bildirirlər ki, AIBA sadəcə daha sərfəli və qazanclı peşəkar boksu ələ keçirməyə can atır.

Britaniyalı ekspert və azarkeşlərin əksəriyyəti bu dəyişikliklərin əleyhinədirlər. Onların fikrincə, yeni sistem boksun həyəcanını heçə endirib.

Onlardan bəziləri sosial şəbəkələrdə yazırlar ki, boks cığallığa ən çox meydan verən idman növüdür və bu Olimpiadadakı boks ikrah hissi doğurur.
XS
SM
MD
LG