Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:06
-
Status yazmaq, bəyənmək, şərh yazmaq, dürtmələmək, videolar, şəkillər paylaşmaq - sosial şəbəkələr artıq həyatın hər addımını özündə ehtiva edir. İstifadəçilər artıq keflərinin necə olmasından tutmuş, həmin dəqiqə harada nə olmasını sosial şəbəkələr vasitəsilə dostlarına çatdırırlar.

Təkcə az qala yatmaq üçün real həyata qayıdan 18 yaşlı Tofiq Məmmədli artıq 2 ildir həyatını virtual yaşayır. Günün 13-14 saatını «Facebook»da keçirən Tofiq üçün sosial şəbəkə yeni tanışlıqlar və çoxlu «Like» deməkdir:

«Bir dəfə 10 dəqiqəyə 82, 15 dəqiqəyə 130 «Like» yığmışam. Duel statusu yazırıq, duel statusu görən kimi hamı «Like» eləmək istəyir, istər istəməz hamının marağı artır. Çünki mənim dostluğumda hamı «Like» vəhşiləridir. Demək olar ki, hamı «Like» üçün girir. Özüm YT adlı bir qrup var «Facebook»da ordayam. «Yırtıcı team» deməkdir. Əsasən onların duel statusların, yaxınların konkursların paylaşıram ki, azdan-çoxdan köməyim dəysin».

213 ÖLKƏ İÇİNDƏ 84-CÜ YER

Tofiq Məmmədlinin «Facebook»da 3500 dostu, 3500 abunəçisi var. O, Azərbaycandan olan 854160 istifadəçidən biridir. Socialbakers.com saytının məlumatına əsasən, son 6 ayda Azərbaycanda «Facebook» sosial şəbəkəsinin istifadəçi sayı 10 faiz artıb. ABŞ, Braziliya və Hindistanın başçılıq etdiyi ölkələr üzrə cədvəldə Azərbaycan 213 ölkə içində 84-cü yeri tutur.

«HƏR MƏQSƏDLİ İSTİFADƏÇİ VAR»

İnformasiya Texnologiyaları üzrə mütəxəssis İlqar Mirzənin fikrincə, sosial şəbəkələrin populyarlığı insanların internetə çıxış imkanları ilə paralel gedir. Onun dediyinə görə, Azərbaycanda ən populyar sosial şəbəkə «Facebook»dur. İstifadəsinə görə ikinci yerdə isə odnoklassniki.ru gəlir. İlqar Mirzə deyir:

«Hər məqsədli istifadəçi var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da əsas istifadə səbəbi əyləncə və digər insanlarla ünsiyyətdir. Yerdə qalan səbəb informasiya əldə etməkdir. Maraqlı tendensiyalardan biri budur ki, şirkətlər də «Facebook»dan öz imkanları üçün istifadə edirlər. Azərbaycanda bir çox şirkətlər «Facebook»da öz səhifəsini yaradırlar. Bir çox şirkətlərin hətta bununla məşğul olan xüsusi personalı var, onlara sosial media meneceri deyirlər. Populyarlığın əsas göstəricilərindən biri budur. Şirkətlər pul sərf edirlərsə ki, burdan biznesləri üçün üstünlük əldə etsinlər, deməli, bu kifayət qədər populyardır».

«FACEBOOK» REKLAM ÜÇÜN DAHA SƏRFƏLİDİR

İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Hacı Hacıyev də deyir ki, bizneslərin reklamında sosial şəbəkələrin rolu böyükdür. Onun fikrincə, şəbəkələrdən ən effektivi isə «Facebook»dur. Baxmayaraq ki, sosial şəbəkədə reklamlar hərəkəsizdir, «Facebook» hətta Azərbaycanın bir çox böyük milli saytlarından da effektivdir. Buna səbəb isə:

«İstifadəçi sayının çox olmasıdır, səhv etmirəmsə, bir milyona yaxınlaşıb. Bundan başqa, «Facebook»da insanlar daha çox vaxt keçirir. Başqa saytlarda bir səhifəni açır və keçir, «Facebook»da isə uzun müddət vaxt keçirir deyə, o reklamı görmək şansı çox olur. Həm də platforma baxımından «Facebook» digər analoqları, xüsusən rus analoqlarını ona görə üstələdi ki, orada pulsuz xidmətlər daha çox idi və ümumiyyətlə, reklam özü çox ucuz idi. «Odnoklassniki»də bir milyon baxış sayı üçün reklam vermək 510 manat idi, «Facebook»da isə həm baxış, Azərbaycanda istifadəçilər «Facebook»a üstünlük verirlər

Azərbaycanda istifadəçilər «Facebook»a üstünlük verirlər

həm tıklanmaya görə pul ödəyirsən və büdcəni reklam verən özü müəyyənləşdirir».

ALIŞ-VERiŞDƏ «FACEBOOK»UN ROLU...

İstər sosial şəbəkələrdə, istərsə də KİV-də reklam yerləşdirən şirniyyat, fast-fud üzrə mağaza-kafenin İctimaiyyətlə Əlaqələr meneceri Vüqar Babayev deyir ki, «Facebook» səhifələrini bəyənənlərin sayı 10 min nəfərə çatır:

«Sosial şəbəkələrdən ən çox «Facebook»dan istifadə edirik, çünki o, Azərbaycanda daha populyardır. «Twitter»də də varıq, orda da bəzi hallarda məlumat yayırıq. Bundan başqa, YouTube-da kanal açmaq, «Vikipediya»da məlumat yerləşdirmək fikrimiz var. Amma şirkətin daimi təbliğatını «Facebook»da aparırıq. Onu da deyim ki, əvvəllər bu işi mən özüm həyata keçirirdim, amma artıq bu işə ayrıca diqqət ayırdığımız üçün bunu ayrıca kadr həyata keçirir».

Vüqar Babayev deyir ki, əsasən bayramlar ərəfəsində məhsulların reklamı üçün «Facebook»dakı pullu xidmətlərdən istifadə ediblər. Onun fikrincə, hələ ki, bu tip reklamlar şirkətə sırf imic baxımından kömək edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏN XƏBƏR ALMAQ...

Pərviz Əzimov

Pərviz Əzimov

Sosial şəbəkələrdən «Facebook» və «Twitter»dən istifadə edən jurnalist, bloqqer Pərviz Əzimov isə istər mobil telefon, istərsə də kompyuter vasitəsilə gün ərzində 4-5 saatını sosial şəbəkələrdə keçirir. O, sosial şəbəkələri bəzi xəbər agentliklərindən daha operativ sayır.

«Mən artıq bir neçə aydır, heç bir informasiya agentliyinin saytına girmirəm, daha çox «Facebook»a girirəm. Çünki onsuz da maraqlı olan xəbərlər «Facebook»da paylaşılır. Hansısa sayta girib yüz xəbərin içində bir maraqlısını axtarmaqdansa, «Facebook»a girib ən maraqlı xəbərləri ordan oxuyuram. Nəsə bir hadisə barədə birinci xəbəri yazanda da, tez «Facebook»da paylaşıram ki, mənim kimi ilk olaraq «Facebook»a girənlər ordan sayta keçid eləsinlər».

Pərviz Əzimov deyir ki, «Facebook»da insanlar öz çevrələrini özləri seçdiyi üçün ora fikrilərini ifadə etmələri üçün daha yaxşıdır.

Rəqəmlərə əsasən, Azərbaycanda istifadəçilər «Odnoklassniki», «Vkontakte», «Twitter», «Google+», «LinkedIn» saytlarına nisbətən «Facebook» sosial şəbəkəsinə daha çox üstünlük verirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev nazirliyin sosial şəbəkələrin birbaşa statistikasını aparmadığını dedi. Onun fikrincə, bunu ancaq sosial şəbəkələrin özləri aparır. Şöbə müdirinin məlumatına əsasən, Azərbaycanda hər 100 nəfərdən 65-i internet istifadəçisidir və internet istifadəçilərinin 25 faizinin «Facebook»da hesabı var.

Şərhləri göstər

XS
SM
MD
LG