Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32
-
«Mən 5-6 gün əvvəl eşitdim ki, əmanət qoyduğumuz bankın lisenziyası ləğv edilib. Getdim filiala, dedilər hər şey yaxşı olacaq. Nə bilim, başımızın altına yastıq qoyurlar ki, narahat olmayın».

«BİLMİRİK BU İŞİN AXIRI NƏ OLACAQ»

Canqara Əliyevlə lisenziyası ləğv edilən «RoyalBank»ın baş ofisinin qarşısında görüşdüm. Dediyinə görə, 2011-ci ilin oktyabrında banka 24 min manat pul qoyub və cəmi 3 ay faiz götürüb. İndi ona nə bankda, nə də digər qurumlarda bir söz deyən var:

«Konkret söz deyən yoxdur. Deyirlər ki, indi ləğvetmə komissiyası işləyir və sonra əmanətçilərə məlumat veriləcək. Bilmirik indi bu işin axırı nə olacaq?».

Əmanətçi ilə söhbəti başa vurandan sonra banka girib vəziyyətin nə yerdə olduğunu öyrənməyə cəhd etdim. Amma polis və bir neçə mülki əməkdaş çəkiliş aparmama icazə vermədi. Onlar Mərkəzi Bankın razılığı olmadan danışa bilməyəcəklərini dedilər. Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyev isə AzadlıqRadiosuna deyib ki, mətbuatda bu məsələ ilə bağlı yanlış məlumatlar getdiyindən, onlar «RoyalBank»la proseduraları aydınlaşdıracaq yeni məlumat yaymağa hazırlaşırlar:

«Belə vəziyyətlərdə nəyin necə olması ilə bağlı proseduraları çoxları səhv başa düşür. Elə bu səbəbdən də biz həmin qaydalara aydınlıq gətirəcək məlumat yayacağıq».

LİSENZİYANIN LƏĞV EDİLMƏ SƏBƏBLƏRİ...
Mərkəzi Bank

Mərkəzi Bank


Mərkəzi Bank «RoyalBank»ın lisenziyasının ləğv edilməsini onun bəzi öhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırır. Onun iyulun 13-də yaydığı məlumatda deyilir ki, «RoyalBank» məcmu kapitalının minimal məbləği və adekvatlığı tələblərinə əməl etməyib, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməyib, idarəetməni və cari fəaliyyəti etibarlı qaydada həyata keçirməyib. Səbəblərdən biri kimi də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsi göstərilir.

Artıq avqustun 1-dən Əmanətlərin Sığortalanması Fondunun seçdiyi 3 agent bank «RoyalBank» müştərilərinin əmanətlərinin verilməsi üçün sənədlərin qəbuluna başlayıb. Fondun seçdiyi «MuğanBank», «Bank Respublika» və «AGBank» öz saytlarında bununla bağlı elan da yerləşdiriblər. «MuğanBank»dan AzadlıqRadiosuna verilən məlumata görə, artıq onlar əmanətlərin verilməsinə başlayıblar. Gün ərzində nə qədər əmanətçinin müraciət etdiyini isə bank əməkdaşı açıqlamadı.

30 MİN MANATDAN ÇOX OLAN ƏMANƏT ÖDƏNİLMİR...

Agent banklardan onu da dedilər ki, əmanətlər 30 min manatdan çox olmamaq şərtilə ödənilir. «Niyə 30 min manata qədər» sualına isə nə banklardan, nə Əmanətlərin Sığortalanması Fondundan, nə də Mərkəzi Bankdan konkret cavab ala bildik.

APA Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadova istinadən yazır ki, ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17 milyon 300 min, bankın əmanətlər üzrə məcmu öhdəlikləri isə 58 milyon manata bərabərdir.

ƏMANƏTLƏRİN 71 FAİZİ BATDI?

Mövcud vəziyyəti şərh edən iqtisadçılar belə olan halda əmanətlərin 71 faİzinin batdığını deyirlər. İqtisadçı Qadir İbrahimli yaranmış vəziyyətə görə daha çox Mərkəzi Bankı günahlandırır. Qadir İbrahimli

Qadir İbrahimli

O hesab edir ki, əmanətçilərin hüquqlarının müdafiəsi baxımından «RoyalBank» əmanətlərin qaytarılması üçün möhlət verə bilərdi:

«Əmanətlərin cəmi 30 faizi verilir, 70 faizi isə batır. Bu, ölkənin bank sektoruna, biznes mühitinə sarsıdıcı zərbə olacaq».

Qadir İbrahimli hesab edir ki, yalnız 30 min manata qədər əmanətlərin qaytarılması digər banklara qoyulan iri məbləğlərin geri götürülməsi ilə nəticələnə bilər. İqtisadçıya görə, bu, ölkədə bankların bir-birinin ardınca müflisləşməsinə gətirib çıxara bilər:

«Tutaq ki, ölkədə bir orta biznes zümrəsi var. Onlar banklara 500 min, 1 milyon manat pul qoyublar ki, onun faizi ilə müəyyən gəlir əldə etsinlər. İndi o biznesmenlər banklarla işləməkdə maraqlı olmayacaqlar. Onlar ildə 10-15 min depozitə görə 500 minlik və ya 1 milyonluq vəsaitini təhlükə altına ata bilməzlər».

Qadir İbrahimli baş verən hadisələri bankların bir əldə cəmlənməsi, hakimiyyətdəkilərin himayəsindəki bankların yolunun təmizlənməsi kimi dəyərləndirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG