Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50
Günel Quliyeva

(Bir Bakı mənzərəsi)

Mən ona tez-tez rast gəlirəm... Sahil metrosuna gedərkən görürəm, ya Neftçilərdən çıxarkən…

Beli elə bükükdü ki, ona baxanda öz boynum ağrıyır.

Amma ən dəhşətlisi ayaqlarıdı - o formasız, şişkin, sarıqlı qan tuluqlarına ayaq demək olarsa…

Çox yavaş yeriyir, elə bil saat əqrəbidir.

Hm.. qəribədir… Fikir vermişəm ki, qəsdən çiyinlərimi düzəldib, şax yeriyib, beynimdə özünə əmin bir «Mən»i canlandıranda, həmişə axsaq, əlil, hansısa fiziki qüsuru olan insanlara rast gəlirəm.

Ola bilsin sadəcə onları görməyə başlayıram, bilmirəm. Amma hər zaman belə olanda içimdə ruhum bükülür, lovğalığım da iki qatlanıb, özü özünü qoyur çemodana.

Mən ona tez-tez rast gəlirəm - mərkəzdə dilənən qoca rus nənədir. Hər gün işə gedirmiş kimi az qala eyni vaxtda səhər gedir, axşam gəlir. Bir parça çörək qazanır. Ölməmək üçün…

Maraqlıdır, hardandı insanda bu qədər yaşamaq istəyi? Niyə təslim olmur? Qısılıb bir küncə ac ölümü qarşılamır? İçinə çəkdiyi hava bu qədərmi şirindi insana ki, hər addımında çəkdiyi ağrını üstələsin?

Görəsən nədir ona ayaqlarını sürüməyə güc verən? Bəlkə kiminsə qayğısına qalır? Biz başqalarının (övladın, eşin, qocanın, millətin) qayğısına qalmaqla öz həyatımıza məna qatırıq əslində.

Bəlkə onun da evdə beş dənə pişiyi var?

Bəlkə sadəcə insanlar arasında olmaq istəyir? Aldığı hər 10-20 qəpikdən sevgi parçası toplayır? Seviləndə həyatımızı daha lazımlı hiss edirik.

Bilmirəm…

O sadəcə yaşam yükünü sualsız, üsyansız daşıyır - səhər Sahilə, axşam Neftçilərə.

İnsanın hər bir hüceyrəsi «Yaşamaq!» qışqırarkən, ölmək istəyi cəsarət deyil. Ölmək istəyinə uyub həyata qarşı getmək də güclü olmaq deyil, sadəcə yorğunluqdu…

Nənə ağ bayrağı qaldırmır, vəssalam !

Şərhləri göstər

XS
SM
MD
LG