Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15
-
- Salam uşaqlar!
- Salam!
- Telefonda nə oynayırsız elə?
- «İqra».
- Oyun necə adlanır?
- «Real Sosedad».
- Qalib gəldin?

Novxanı kəndi ilə Sumqayıt şəhərinin arasında, Xəzər dənizinin bir neçə metrliyində yerləşən pansionata çatanda, qapı ağzında oturan uşaqlar mobil telefonda oyun oynayırdılar. Başları oyuna necə qarışmışdısa onlara yaxınlaşmağımdan çox gec xəbər tutdular. Uşaqlardan soruşub öyrəndim ki, onların hamısı Azərbaycanın işğal olunmuş rayonlarındandır. Uşaqlar Xocalı, Ağdam, Füzuli, Cəbrayıl və Kəlbəcərdən olduqlarını desələr də, amma həmin rayonların başına nə gəldiyindən xəbərsizdilər:

KEÇMİŞDƏN XƏBƏRSİZLƏR...

- Adın nədir?
- Rəşad.
- Neçə yaşın var?
- 11..
- Haradansan?
- Xocalıdan.
- Bilirsənmi Xocalı nə vaxt işğal olub və harada yerləşir?
- Bilmirəm.
- Bəs sizə məktəbdə bu barədə demirlər?
- Deyirlər, amma yadımdan çıxıb.

Pansionat

Pansionat

Söhbətimi 7 yaşlı Aidə ilə davam etdirdim. O da mənsub olduğu Ağdam rayonu ilə bağlı nə baş verdiyini bilmədi. Aidəni çox çətinə salmayıb bu dəfə ondan hansı şeri bildiyini soruşdum:

- Müəllim o dəfə bizə «Mənim 7 yaşım olur» şerini oxudu və yadımda qaldı. O, belədir.

İndi mənim 7 yaşım var ana
Sən də məni məktəbə yazdırsana.
Get anacan ora bax qızlara, oğlanlara,
Çantamı ver, qoy qoşulum onlara

Uşaqlarla söhbəti bitirib pansionatın yuxarı mərtəbələrinə böyüklərlə danışmağa qalxıram. 2-ci mərtəbədə ilk rastlaşdığım Xocalıdan olan məcburi köçkün Zeynəb Məmmədova oldu. O, qonşu qızının cehizlik yorğan-döşəyinin yununu didirdi. Dediyinə görə, Xocalının işğalından sonra bir müddət Bərdədə yaşayıblar, sonra «Sarıqaya» adlanan bu pansionatına sığınıblar. Zeynəb Məmmədova deyir ki, ilk illər onlara ara-sıra baş çəkən olsa da, son 6-7 ildə nə bir icra hakimiyyəti nümayəndəsi görüblər, nə də bir vəzifəli şəxs:

UNUDULMUŞ PANSİONAT...

Bura heç bir yanda siyahıda da yoxdur.

- Heç kim gəlmir ki?
Nuridə xanım

Nuridə xanım


- Yox, bircə Xocalının ildönümündə bir gənclər təşkilatı var, onlar gəlmişdi. Sumqayıtın icra başçısı heç Xocalının işğal günü gəlib bizə baş çəkmədi. Demədi ki, Allah ölənlərinizə rəhmət eləsin. Amma köhnə icra başçısı gəlirdi, baş çəkirdi, yardım verirdi.

«ELƏ OLUR Kİ, AYLARLA EVİMİZƏ 10 QƏPİK QAZANC GƏLMİR»

Pansionata 44 yaşında gələn Ağdamlı məcburi köçkün Nuridə xanım indi 64 yaşın içindədir. Deyir, yurd dərdi, dolanışığın çətinliyi onu vaxtından əvvəl qocaldıb. Mirvari kimi dişlərinin hamısı tökülüb:

«11 nəfərlik ailə ancaq çörəkpulu və pensiya ilə dolanır. Elə olur ki, aylarla evimizə 10 qəpik qazanc gəlmir. 30 gün orucluq olur, sonra bayram olur heç kimi görmürük. Televiziyalar göstərir ki, filan yerə yardım aparılıb, amma bizim məskunlaşdığımız bu iki binaya heç kim gəlib baş çəkmir».

Əslində Nuridə xanım deməsinə görə, heç kimdən - nə hökumətdən, nə də imkanlı şəxslərdən özü üçün ərzaq, pul yardımı umur. Onların 20 ildə 11 nəfərə çatan ailə üzvləri, nəvə, nəticə hamısı 2 otaqlı mənzilə sığınıb.

Tahir Qəhrəmanov

Tahir Qəhrəmanov

«O UŞAQLARA MƏKTƏB LƏVAZİMATI ALMAĞA YARDIM OLUNSUN»

Bu 2 otaqlı evin divarını xeyli medal bəzəyir. Həmin medalları qaydasız döyüş növü ilə məşğul olan 11 yaşlı nəvəsi qazanıb. Nuridə xanım idmançı nəvəsinin yatdığı küncü göstərib, onun tavanı daman, pəncərəsi sınıq bir yerdə yatdığını deyir. Yeni dərs ilində evlərindən 5 uşağın məktəbə gedəcəyini bildirən nənə yardımı da yalnız onlar üçün istəyir:

«5 uşaq az deyil. Mən öz dolanışığıma görə ağlamıram, bircə onu istəyirəm ki, o uşaqlara məktəb ləvazimatı almağa yardım olunsun. Əsas uşaqlardır».

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən olan Tahir Qəhrəmanov isə heç bir şeydən şikayətçi deyil. Deyir ki, arzuları, istəkləri yalnız torpaqların işğaldan azad olunmasıdır:

«Hansı gün torpaqlar alındı, biz həmin gün orda olacağıq. Bizim orda atamızın, babamızın, qardaş –bacılarımızın qəbirləri var».

«BU DÜNYANI DAĞIDAN QORBAÇOV OLDU»

Tahir Qəhrəmanov Qarabağ münaqişəsində və torpaqların işğalında xalqları günahkar saymır. Deyir, dünyanı qarışdıran Qorbaçov olub: Aqil

Aqil


«Bu dünyanı dağıdan Qorbaçov oldu. Rəhmətlik Heydər Əliyev ona dedi ki, bütün bu işləri quran sənsən. Qarabağın yiyəsi ölməyib, axır-əvvəl onun yiyəsi gələcək».

«TELEVİZOR İSTƏYİRƏM»

Üzüm çardağı altında məcburi köçkünlərlə söhbətimi başa vurub Sumqayıt-Bakı yoluna çıxanda, bayaqdan bizi kənardan dinləyən Aqil adlı oğlanın arxadan məni çağırdığını eşitdim. Ayaq saxlayıb nə istədiyini soruşdum:

- Televizor istəyirəm.
- Yoxunuzdur?
- Yox, həmişə qonşuda baxıram, o da ağ-qara göstərir.

Balaca Aqil yenə nə isə demək istəyirdi, amma bu dəfə anası imkan vermədi, qolundan tutub onu evə apardı.

Şərhləri göstər

XS
SM
MD
LG