Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:11

Naxçıvanda Payız kəndini sel basıb


Arxiv foto
Arxiv foto
İyulun 30-da Naxçıvanda Babək rayonunun Payız kəndini sel basıb. Bu haqda kənd sakinləri AzadlıqRadiosuna məlumat verib. Onların bildirməsinə görə, təxminə 40 dəqiqə davam edən leysan yağışı çökəklikdə yerləşən Payız kəndini sel suları altında qoyub.

Sakinlərinin sözlərinə görə, bir neçə ev zədələnib, yardımçı binalar uçub, bir neçə baş xırdabuynuzlu heyvanı sel aparıb, əkin sahələrinə ciddi ziyan dəyib.

Sakinlər bildirir ki, sel kəndə ciddi ziyan vursa da müvafiq qurumlar onlarla maraqlanmaq istəmirlər. Kənd sakini Əsgər Orucov deyir ki, güclü sel həm özünün, həm də yaxın qohumlarının yardımçı binalarını uçurub:

«DEDİLƏR HEÇ KİMƏ HEÇ NƏ VERMƏYƏCƏYİK»

«Həyət-bacanı təmiz sel aparıb. Həyətlərdəki yardımçı binaları su basıb, uçurub. Düzdür, evlər uçmayıb. Ancaq, evlərin əşyalarını sel aparıb. Hökumət adamları gəldi, dedilər heç kimə heç nə verməyəcəyik. Deyirlər ki, nə sığorta olunubsa ona görə pul ödənəcək. Bizdə də yalnız evlər sığorta olunub. Bəs qalanları necə olacaq? Dedilər ki, nə sel aparan əşyalara, nə uçan yardımçı evlərə, nə də ki, bağ-bağçaya dəyən ziyana görə də heç nə verilməyəcək. Mənim bağçama ciddi ziyan dəyib. Kənddəki su kranları qırılıb, qalmışıq susuz. Nə bir texnika göndərirlər, nə də bir şey».

«TAXILIMIZI SEL YERLƏ YEKSAN ETDİ»

Arxiv foto
Arxiv foto
Təsərrüfatlarına ciddi ziyan dəydiyini bildirən kənd fermerləri də deyir ki, müvafiq qurumlar onlarla maraqlanmır. Fermer Qasım Hüseynov 3 hektar ərazidə əkdiyi taxıla ciddi ziyan dəydiyini bildirir:

«Taxılımızı sel yerlə yeksan etdi. İcra nümayəndəsinə dedik, heç bizim üzümüzə də baxmadı. Deyirlər ki, qəpik də verilməyəcək. Bütün əkin sahələrini bu il məcburi sığorta elətdirdilər. Ziyana gələndə ödəmək istəmirlər».

«KİMİN SIĞORTASI VARSA ÖDƏNƏCƏKDİR»

Məsələyə münasibət öyrəndiyimiz Payız kənd icra nümayəndəsi Xətai Əliyev kəndə sel gəldiyini təsdiqlədi. İcra nümayəndəsinin sözlərinə görə, Babək rayon icra hakimiyyətindən nümayəndələr bu gün hadisə yerinə gəliblər:

«Dəymiş ziyanları çıxarırıq. Kimin sığortası varsa ödənəcəkdir. Sığortası olmayanlara yüngülvarı kömək etməyə çalışacağıq».

Bununla belə Xətai Əliyev «yüngülvarı köməyin» nədən ibarət olduğunu dəqiqləşdirmək istəmədi.
XS
SM
MD
LG