Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:48

Təyyarə biletləri niyə bahalaşıb? [Video]


Təyyarə biletləri niyə bahalaşıb?
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
-
Əfrahim Abdullayev
Əfrahim Abdullayev
«Səməd Vurğun bağı» boyunca sıralanmış aviakassalarda yayın istisinə baxmayaraq, işgüzarlıq hökm sürür. Qışı işləyib yayı ölkədən və ya paytaxtdan kənarda keçirmək istəyənlərin sayı iyul ayında bir az artıb. Elə qiymətlər də buna düz mütənasib olaraq dəyişib.

XABAROVSKA 360 MANATDAN 840 MANATADƏK

Xabarovska, qardaşıgilə ildə azı bir dəfə qonaq gedən Əfrahim Abdullayev deyir ki, aviakassaları bir-bir gəzib-dolaşıb, hərəsində ona bir qiymət «oxuyublar»:

- Mən bileti həmişə burdan alıram. Amma müxtəlif qiymətlərdir. Bu gün soruşmuşam, 360 manata da deyiblər, 450-yə də, 650-yə də. Hətta 720-yə də, 840-a da deyiblər. Belə izah ediblər ki, «sezon»dur. 400 manatdan o tərəfə mənə sərf etmir.

- Amma bir qədər əvvəl dediniz uyğun qiymətlər var. Bəs nə əcəb almadınız?

- İnanmaq məsələsi də var. Elə kompaniyalar var ki, inanmırsan. Elə təyyarələr var, elə xidmətləri olur ki, heç minməyə dəymir».

Rəna Nəzərova isə bir neçə günə müalicə üçün Moskvaya yola düşəcək. O da biletlərin qiymətində bahalıq müşahidə edib, amma indi aviakassada cibinə münasib qiymətə bilet aldığını deyir:

«Qışda daha yaxşı, daha rahat qiymətlər olur, amma bu «sezon»da çox adam getdiyi üçün qiymətlərdə fərq olur. Amma kassaya gəlmişəm. Gözlədilər, bir neçə reysə baxdılar, mənə münasib qiyməti soruşdular və onu düzəltdilər mənim üçün. Biletim oldu 200 manat».

MÖVSÜMƏ GÖRƏ SIXLIQDIR, QİYMƏT QALXIB

«Royal Travel» şirkətinin direktoru Mərdan Əsgərovun fikrincə, azərbaycanlılar bu yay əsasən Türkiyədəki istirahət bölgələrinə və Rusiyaya uçurlar.
Mərdan Əsgərov
Mərdan Əsgərov
O deyir ki, təyyarəyə bahalı bilet almaq elə sərnişinin günahıdır:

«Təyyarədə bir qiymət olmur, bir neçə qiymət olur deyə, onunla tənzimlənir. Bu vaxt ucuz biletlər qabaqcadan götürülür. İrəli düşən udur. Baha yeri də alan bu gündən sabaha alır deyə, ona görə elədir. Əvvəlcədən götürsə, ucuzunu alar. Mövsümlə əlaqədar sıxlıq var. Ucuzlar götürülüb. Qalıb bahaları. Amma elə də baha deyil. Moskvanın qiyməti 200 manat idi bir gedişli, indi 260 manatdır».

TƏK BİLET BAHADIR, SƏYAHƏT TURU İLƏ UCUZ

«Mimino» aviakassasının direktoru Ədalət Qarayev də deyir ki, mövsümlə əlaqədar uçuşların sayı artıb, ona görə də, qiymətlərdə də cüzi bahalanma var:

- Gediş-dönüş turla bir yerdə 500 manatdan tutmuş 680 manata qədər var. O, otellərə baxır. Tək bilet götürəndə bilet baha çıxır. Amma turla götürəndə ucuz olur, güzəşt verilir. Artımlar da çox deyil, normal qiymətlərdir. 50 manat.

- Məsələn, may ayındakı qiymətlə müqayisə edə bilərsizmi?

- May ayında Antalyaya 4-5 ulduzlu otel daxil olmaqla 500 manat gedə bilərsən, indi olub 650 manat.

AZƏRBAYCANDA QİYMƏTİ BİR QURUM DİKTƏ EDİR

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, biletlərə tələbin çox olduğu bir vaxtda qiymətlər dünyanın hər yerində qalxır. Amma ekspert Azərbaycanda qiymət artımının başqa səbəblərindən danışır:
Natiq Cəfərli
Natiq Cəfərli


«Avropada, elə Türkiyədə bir çox başqa – birbaşa və dolayı sistemlər fəaliyyət göstərir ki, insanlar daha asan və daha ucuz biletlər tapa bilsinlər. Məsələn, təyyarələrin dolma nisbəti 60 faizə qədərdirsə, uçuşa 6-7 saat qalmış qiymətlərdə kəskin endirimlərə gedirlər. Saytlar vasitəsilə onlayn-bilet almaq mümkün olur. Azərbaycanda bu yoxdur. Azərbaycanda standart, qaldırılmış qiymətlər var. Azərbaycanda bir şəxsin, bir qurumun diktə etdiyi qiymətlər var».

Natiq Cəfərli Gəncədən İstanbula uçuş həyata keçirən «OnurAir» şirkətinin Bakıda işləməməsini də bununla əlaqələndirir. «OnurAir»in saytında Gəncədən İstanbula tək gedişli biletin qiyməti 79 avro olaraq göstərilib.

AZAL: QİYMƏTDƏ ARTIM YOXDUR

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti prezidentinin köməkçisi Məhərrəm Səfərli isə Azadlıq Radiosuna bildirib ki, AzAL-ın həyata keçirdiyi uçuşlarda heç bir qiymət dəyişikliyi yoxdur. O, bəzi endirim kampaniyalarının da başlandığını açıqlayıb:

«Yay ərzində heç bir dəyişiklik yoxdur. Əksinə, indi bizdə Kiyev-Bakı marşrutu üzrə aksiya keçirilir – rüsumsuz, yığımsız bir tərəfə 100 manat. Başqa hamısı qaydasındadır. Bakıda 100-dən çox aviakassa var. Biz öz müqavilə bağladığımız «Silkway Travel» aviakassaları ilə bağlı söz deyə bilərik».

«Budget Travel Adventures» saytı bir müddət əvvəl yazırdı ki, bu yay dünyada təyyarə ilə səyahət edənlərin sayında artım gözlənilir və bu da qiymətin bahalığında özünü büruzə verəcək.
XS
SM
MD
LG