Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:08

Gənc şairlərin məhkəməsinə necə hazırlıq görülür?


Şəhriyar Hacızadə və Fərid Hüseyn
Şəhriyar Hacızadə və Fərid Hüseyn
-
«Mən hamıya minnətdaram ki, hər gün bu məsələ ilə maraqlanırlar. Amma danışmağa halım yoxdur. Hal-hazırda da sistemin altındayam. Müsahibə verəsi halda deyiləm».

Bu, İranda həbsdə olan şairlərdən Fərid Hüseynin anası Tahirə Hüseynovanın dedikləri idi. Tahirə Hüseynova və İranda həbsdə olan digər şair-Şəhriyar Hacızadənin atası Mail Hacızadə iyulun 28-də Təbrizdə övladları ilə görüşüblər. AzadlıqRadiosuna oğullarının səhhətlərində problem olmadığını bildirən Tahirə Hüseynova İranda gördükləri barədə əlavə heç nə danışmaq istəməyib.

Valideynlərin övladları ilə görüşü Azərbaycanın Təbrizdəki baş konsulluğunun nümayəndəsinin iştirakı ilə keçirilib. Bundan 2 gün əvvəl-iyulun 26-da isə Təbrizdəki vitse-konsul Nəriman Orucəliyev şairlərlə görüşüb.

ŞAİRLƏR İRANA İCAZƏSİZ GƏLMƏKDƏ GÜNAHLANDIRILIRLAR...

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzadlıqRadiosuna bildirib ki, konsulluğun nümayəndəsi şairlərin hərəsi ilə ayrı-ayrılıqda söhbət edib. Elman Abdullayev deyir ki, onlar ölkəyə qayıtmaq və ailələrinə qovuşmaq istədiklərini bildirirlər:

«Bizim baş konsulluq Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşüb, danışıb. Onlardan soruşub ki, siz nədə ittiham olunursunuz? Deyiblər ki, biz ölkəyə icazəsiz gəlməkdə ittiham olunuruq. Hələ ki, səhhətlərində hər hansı problem olması barədə baş konsulluğa hər hansı məlumat verməyiblər».

«KONSULLUĞUMUZ LAZIM OLAN DƏSTƏYİ VERMƏYƏ HAZIRDIR»

İyulun 7-si şairlərin məhkəməsi olacaq.

AzadlıqRadiosunun «Şairlərin müdafiəsinin təşkili üçün hansı işlər görülür» sualını cavablandırarkən Elman Abdullayev deyib ki, hələlik bu barədə danışmaq tezdir. Amma konsulluq bu məsələləri nəzarətdə saxlayır:

«Konsulluğumuz şairlərin müdafiəsi ilə bağlı lazım olan dəstəyi verməyə hazırdır. İndi İran tərəfi ilə buna dair müəyyən məqamlar razılaşdırılır. İstəyirik ki, məhkəmədə bizim konsulluğun nümayəndəsi də iştirak eləsin. Eyni zamanda Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideynləri də prosesə qatılsınlar».

«AZƏRBAYCAN İRANDA İXTİSASLI VƏKİLLƏRƏ MÜRACİƏT ETMƏLİDİR»

Hüquqşünas Fuad Ağayev isə deyir ki, hazırda İranda da vəkillik fəaliyyəti göstərməyə lisenziyası olan Azərbaycan vəkili yoxdur. Digər tərəfdən, belə bir vəkil olsaydı da, o, İran qanunvericiliyini yüksək səviyyədə bilən birisi olmalı idi. Fuad Ağayev qeyd edir ki, İran qanunvericiliyi Azərbaycan qanunvericiliyindən əhəmiyyətli dərəcədə fərqlənir.
Fuad Ağayev
Fuad Ağayev
Onun fikrincə, bu xüsusiyyətləri bilmədən işi kiminsə öz üzərinə götürməsi prosesə xələl gətirə bilən özündənrazılıqdan başqa bir şey olmazdı:

«İlk növbədə Azərbaycan dövləti İranda fəaliyyət göstərən ixtisaslı vəkillərə müraciət etmək yolu ilə şairlərin müdafiə hüququnu təmin etməlidir. İkinci növbədə buna paralel olaraq diplomatik addımlar atılmalıdır. Yəni, şairlər aşkar qanunsuz saxlanıb cinayət məsuliyyətinə cəlb ediliblərsə, müvafiq diplomatik addımlar atılmalıdır. Üçüncüsü isə, baxılmalıdır ki, onların hüquqlarının təmin edilməsi üçün hansı qaydada beynəlxalq hüquqdan, məhkəmədən və sairdən istifadə oluna bilər».

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş şairlər Fərid HüseynŞəhriyar Hacızadə mayın 2-si, Bakıya qayıdarkən Təbrizdə həbs ediliblər.

Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildiriblər. Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyədək İrana 5 nota göndərib.
XS
SM
MD
LG