Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:49

«Yayın istisində susuzluqdan əziyyət çəkirik»


Foto: Arxiv
Foto: Arxiv
-
Ağdam, Kəlbəcər və Zəngilandan məcburi köçkün düşüb Bərdənin Hacallı kəndində məskunlaşanlar «Qaynar xətt»ə susuzluqdan şikayət ediblər. Onların deməsinə görə, yay fəsli gələndən əməlli-başlı su qıtlığı ilə üzləşiblər. 30-a yaxın köçkün ailəsinin yerləşdiyi köhnə inzibati binada nə su, nə də sanitariya qovşağı var. Onlar suyu yaxınlıqdakı artezian quyularından götürürlər. Ancaq xeyli müddətdir ki, su motoru sıradan çıxıb. Köçkünlər deyirlər ki, susuzluq binada əməlli-başlı antisanitariya yaradıb, bu da qonşuları bir-birindən narazı salıb.

Zəngilan köçkünü Bəhmən Sadıqov:

«Belə şey olar? Natəmizlik baş alıb gedir. Bir motor nədir ki, gətirib qoşmurlar? Camaat kirin-pasın içində qalıb. Aylarla yuyuna bilmirik. Susuz həyat yoxdur».

«Azərsu» ASC-nin Bərdə rayon idarəsindən «Qaynar xətt»ə bildiriblər ki, qeyd olunan ərazidə 50 metrdən bir 3 artezian quyusu var. Su da daim axır. Köçkünlərin şikayətlərinin konkret hansı quyu ilə bağlı olduğunu bir daha araşdıracaqlar.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə dövlət komitəsinin Bərdə rayon nümayəndəliyindən isə bildirdilər ki, yay fəsli gələndə su qıtlığının yaranması bütün kəndlərdə müşahidə olunur. Bu, suyun təzyiqinin aşağı düşməsi ilə əlaqədar olur. O ki qaldı, artezian quyusundan su götürülməsində çətinlik yaranmasına, bildirdilər ki, köçkünlər belə bir problemlə bağlı onlara müraciət etməyiblər. Tezliklə deyilən əraziyə baş çəkib problemlə maraqlanacaqlar.
XS
SM
MD
LG