Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Məmurlar gəlirlərini niyə açıqlamırlar?


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda vəzifəli şəxslər hələ də gəlirlərini açıqlayıb hesabat vermirlər. Hələ 2004-cü ildə qəbul edilən «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda məmurların özlərinin və ailə üzvlərinin gəlirlərinin bəyan edilməsi ilə bağlı öhdəlik qoyulub. Amma sonradan aydın olub ki, gəlirləri açıqlamaq üçün lazım olan bəyannamə forması hazır deyil. 2005-ci ilin avqustunda prezident fərman verərək Nazirlər Kabinetinə tapşırıb ki, bəyannamə formasını 3 aya hazır eləsin.

Amma 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə forma hazırlanıb, nə də hansısa məmur gəlirlərini açıqlayıb. Hərçənd, prezident çıxışlarında dəfələrlə bəyan edib ki, ölkədə korrupsiyaya qarşı amansız mübarizə gedir. Halbuki, Nazirlər Kabineti həmin formanın hazır olmaması səbəblərinə indiyə qədər heç aydınlıq gətirməyib. Nazirlər Kabinetinin sözçüsü Akif Əli:

«Deyə bilmərəm, onu mütəxəssislər bilərlər. Siz yazılı sorğu göndərin, verək şöbələrə baxsınlar, sonra sizə cavab verərik».

«VACİB MƏSƏLƏLƏRDƏN BİRİ VƏZİFƏLİ ŞƏXSLƏRİN GƏLİRLƏRİNİN AÇIQLANMASIDIR»

Təxminən 5 ay əvvəl qeyri-hökumət təşkilatı olan «Konstitusiya» Araşdırmaları Fondu bəyannamə formasını hazırlayaraq hökumətə təqdim edib.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
Fondun prezidenti Əliməmməd Nuriyev deyir ki, yalnız Vergilər Nazirliyindən onlara bildirilib ki, bu sahədə iş gedir və Fondun təqdim etdiyi layihə də nəzərə alınacaq. Ə.Nuriyev qeyd edir ki, korrupsiyaya qarşı mübarizə üzrə 2013-2015-ci illəri əhatə edəcək yeni Fəaliyyət Planının ilkin variantında da bu təkliflər nəzərə alınıb:

«Bundan başqa, Azərbaycan BMT-nin Açıq Hökumət Təşəbbüsünə qoşulub və bununla bağlı işçi plan hazırlanır. Burda vacib məsələlərdən biri vəzifəli şəxslərin gəlirlərinin açıqlanmasıdır. Yəni, Azərbaycan iki istiqamətdə öhdəlik götürüb. Digər tərəfdən, korrupsiyaya qarşı mübarizə ilə bağlı hazırlanan yeni Fəaliyyət Planında da bu məsələlər nəzərə alınıb».

«NİYƏ BU, BÜTÖVLÜKDƏ MƏMUR ŞƏBƏKƏSİNƏ AİD OLMASIN?»

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə bəyannamə formasının indiyə qədər hazırlanmamasını hansısa məsələlərdə konsensusun əldə olunmaması ilə izah edir:

«Mənə elə gəlir ki, bu məsələdə hansısa nöqtədə konsensus tapılmayıb. Ya hökumətin, ya da kimlərinsə məsələyə baxışı müxtəlif olub. Amma konkret bu vəziyyətin diaqnozunu qoymaq mənim üçün çətindir.
Zahid Oruc
Zahid Oruc
Onu deyə bilərəm ki, bu məsələdə dövlətin iradəsi var və arzulayıram ki, bu yöndə addım atılsın. Onsuz da müəyyən siyasi iddialılar seçki vaxtı belə bir məlumatları açıqlayırlar. Niyə bu, bütövlükdə məmur şəbəkəsinə aid olmasın və bütövlükdə idarəçiliyə şamil edilməsin?».

Azərbaycanla müqayisədə nəinki aparıcı Qərb ölkələrində, hətta Rusiyada bu baxımdan vəziyyət bir xeyli fərqlidir. Rusiyada deputatlar və dövlət məmurları Dumaya və Prezident Administrasiyasına hesabat verilər. «Kommersant» qəzetinin yazdığını görə, iyulun 26-da Rusiya Dövlət Dumasına məmurların xarici banklardakı pul yatırımları və daşınmaz əmlaklarının internetdə yerləşdirilməsi ilə bağlı layihə təqdim olunub. Layihəni Vahid Rusiya və Ədalətli Rusiya partiyalarından olan deputatlar təqdim edib.

Layihədə məmurların üzərinə xarici banklara hansı səbəbdən pul qoyulmasını aydın şəkildə izah etmək öhdəliyi də qoyulur. Gecikmiş və yalan məlumata görə 500 min rubldan 1 milyon rubla qədər cərimə və 1 illik vəzifədən azad edilmə cəzası nəzərdə tutulur.
Azər Mehdiyev
Azər Mehdiyev

«BU HÖKUMƏTİN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ APARMAQ İSTƏMƏMƏSİ İLƏ BAĞLIDIR»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədri Azər Mehdiyev isə hesab edir ki, Azərbaycanda gəlir bəyannaməsinin forması hazır olsa da, həmin məlumatların ictimaiyyət üçün açıqlanması nəzərdə tutulmursa, heç belə bəyannaməyə ehtiyac yoxdur:

«İndiyə qədər bəyannamənin təsdiq olunmaması, bu sahədə addımların atılmaması hökumətin korrupsiyaya qarşı mübarizə aparmaq istəməməsi ilə bağlıdır. Korrupsiyaya qarşı mübarizənin əsas atributlarından biri dövlət qulluğunda olan hər bir məmurun illik gəlirlərini cəmiyyətə açıqlamasıdır. Bu, yoxdursa, demək, hökumətin belə istəyi də yoxdur».

Azər Mehdiyev deyir ki, Azərbaycanda ölkənin birinci şəxsindən tutmuş hamı, hansı məmurun harada hansı obyektə sahib olduğunu yaxşı bilir. O hesab edir ki, bunun qarşısı alınmırsa, xarici banklardakı hesabların və əmlakların bəyan edilməsi heç inandırıcı görünmür.
XS
SM
MD
LG