Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29
-
Azərbaycanda məscidlərə «vahid xütbə» mətinləri verilə bilər. Belə bir fikir Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının son toplantısında səslənib. Bunu öz çıxışında İdarənin rəhbəri Hacı Allahşükür Paşazadə bildirib.

Amma hələ ki bunun necə həyata keçiriləcəyi bəlli deyil. Bəzi məlumatlara görə, indiyə qədər namaz prosesində hər məscidin axundu ölkədə, dünyada baş verən məsələləri öz təhlilində ibadət əhlinə çatdırırdısa, «vahid xütbə»nin tətbiqindən sonra bu sərbəstlik mümkün olmayacaq. Bütün məscidlərdə eyni mövzudan danışılacaq, özü də yazılı formada. Bundan kənara çıxmalara isə yol verilməyəcək.

«EYNİ ŞABLON FİKİRLƏRLƏ VƏTƏNDAŞLARI NECƏ TƏRBİYƏ ETMƏK OLAR?»

Hər gün Hacı Sultanəli məscidinə ibadətə gələn Səfər Həmidov belə bir qaydanın tətbiq olunacağından çox narahatdır. Deyir, onsuz da maraqlı olmayan xütbələr bundan sonra bir qədər də şablonlaşar:

«Eyni şablon fikirlərlə vətəndaşları necə tərbiyə etmək olar? Əlbəttə olmaz».

MƏSCİDLƏR İCAZƏSİZ DANIŞMAQ İSTƏMİR...

Bakıdakı bir neçə məscidə baş çəkib bu məsələyə münasibət öyrənmək istədik. Hacı Sultanəli və Təzə Pir məscidlərindən Qafqaz Müsəlmanları İdarəsinin razılığından sonra danışa biləcəklərini dedilər. Adıçəkilən İdarədən isə çox çalışsaq da, belə bir icazəni ala bilmədik. İdarədən bu məsələ ilə bağlı növbəti günlərdə danışa biləcəklərini dedilər.

«BİZİM XÜTBƏLƏRİMİZDƏ ONSUZ DA İNSANLAR DÜZ YOLA DƏVƏT EDİLİR»

Bakının Müşfiqabad qəsəbəsindəki məscidin imamı Mübariz Qaçayev isə «vahid xütbə» məsələsini yolverilməz sayır:
Mübariz Qaçayev

Mübariz Qaçayev


«Bizə də xəbər çatıb, əksər namaz qılanlar da buna narazılıqlarını bildirirlər. Bizim xütbələrimiz onsuz da başdan ayağa islahdır, insanları düz yola dəvət etməkdir. İnsanlara islamdan danışırıq. Hər şeyi elmi baxımdan izah edirik. Bizdə şiə və əhli sünnə əqidələri mövcuddur, indi onlara «vahid xütbə»lər necə və kim tərəfindən veriləcək? Bu, müəyyən deyil».

«SÖHBƏT «VAHİD XÜTBƏ»DƏN YOX, VAHİD MÖVZUDAN GEDİR»

Lənkəran şəhər Mərkəzi Cümə məscidinin axundu və Hacı Allahşükür Paşazadənin səlahiyyətli nümayəndəsi Sədi Axundzadə «vahid xütbə» məsələsində mətbuatın və bəzi dindarların yanlış şərh verdiyini deyir. O, Qazilər Şurasının toplantısında iştirak etdiyini və İdarə rəhbərinin çıxışını diqqətlə dinlədiyini deyir:

«Əslində söhbət vahid mövzudan gedir. Mövzu qoyulacaq və tutaq ki, 1 ay həmin mövzu ilə bağlı xütbələr olacaq. Bu o demək deyil ki, mən kimlərinsə fikirlərini şablon şəkilində ifa eləməliyəm… Hər ruhani özü o mövzu üzərində işləməlidir. Mənin öz şəxsi məfkurəm var, düşüncə tərzim var. Mənə yalnız mövzu verilə bilər ki, bununla bağlı çıxış elə. O mövzunu kim necə çatdıracaq, bu həmin ruhaninin savadından asılıdır».
Bakıda İlahiyyat məscidi

Bakıda İlahiyyat məscidi


LƏNKƏRAN AXUNDUNDAN TƏKLİF: MƏSCİDLƏR INTERNET VƏ VİDEOKAMERALARLA TƏMİN EDİLSİN

Sədi Axundzadə hələ bir qədər də irəli gedir. Deyir, o, Qafqaz Müsəlmanları İdarəsinə təklif edib ki, bütün məscidlər internetləşdirilsin və xütbələr videolentə yazılsın:

«Mənim təklifim odur ki, bütün məscidlər internet vasitəsilə bir-biri ilə əlaqələndirilsin. Lap canlı bağlantı olunsun ki, nəzarət etsinlər, baxsınlar ki, məscidlərdə xütbələrdə nələrdən danışılır, nə iş gedir və s. İki ilə yaxındır biz bütün xütbələrimizin hamısını videolentə alırıq. Kamera quraşdırmışıq və bütün çıxışları çəkib saxlayırıq».

DİNİ KOMİTƏ BUNUN ƏLAMƏTDAR GÜNLƏRƏ AİD OLDUĞUNU DEYİR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən «Yeni Müsavat»a verilən məlumatda isə deyilir ki, bu məsələnin «vahid xütbə» anlayışı kimi təqdim olunması yanlışdır.

Komitə hesab edir ki, söhbət əlamətdar günlər və tarixi hadisələrlə əlaqədar verilən tövsiyə xarakterli xütbə və moizələrdən gedir. Yəni, həmin xütbələrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərin təbliği, tarixi-mədəni irsə sədaqət, dinlər və məzhəblərarası münasibətlərdə tolerant yanaşma kimi mühüm Hacı İlqar İbrahimoğlu

Hacı İlqar İbrahimoğlu

məqamlara xüsusi diqqət çəkilə bilər.

«HƏR ŞEY ÜMUMİ BIR STANDARTA UYĞUN OLACAQSA...»

Dini Etiqad və Vicdan Azadlığı Mübarizə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu isə belə bir məsələnin gündəliyə gətirilməsini yersiz sayır. Hesab edir ki, hələ də bu mövzu aydın deyil. İlqar İbrahimoğlu deyir ki, ilk günlər bütün məscidlərə «vahid xütbə» mətinləri veriləcəyi kimi məlumatlar yayılsa da, sonradan bunun yalnız əlamətdar günlərdə (Xocalı faciəsi, 20 Yanvar və s.) veriləcək tövsiyələrdən ibarət olduğu açıqlandı:

«Yox, hər şey ümumi bir standarta uyğun olacaqsa, bu, həm dini etiqad azadlığının pozulması, həm də özünüifadənin birmənalı pozulmasıdır. Ruhani xütbə zamanı dinləyicilərə öz duyğularını çatdırır. Bundansa ölkədə islamla bağlı problemlər və akademik təhsilin artırılması haqqında düşünülməlidir».

Bəzi ekspertlərsə «vahid xütbə» məsələsini hökumətin narahatlığı ilə izah edirlər. «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, bununla hakimiyyət məscidlərdə gedən siyasi söhbətlərin qarşısını almaq istəyir. O, bu məsələnin ərəb ölkələrindəki inqilablardan sonra gündəliyə gəldiyini deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG