Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Ekspertlərə görə, Azərbaycanda Baş nazirlik uğrunda mübarizə güclənə bilər...


Baş nazir Artur Rasi-zadə Əfqanıstanın Xarici İşlər nazirini qəbul edir, 2008
Baş nazir Artur Rasi-zadə Əfqanıstanın Xarici İşlər nazirini qəbul edir, 2008
-
«Baş nazir Artur Rasi-zadənin səhhəti qaydasındadır və o, iyulun 20-dən etibarən iş başındadır».

Bu açıqlamanı APA-ya Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli verib. O, Baş nazirinin səhhəti ilə bağlı yayılan məlumatların həqiqət olmadığını deyib:

«Baş nazir illik məzuniyyət haqqının yalnız bir həftəsindən istifadə edib. Bu müddət isə 9 iyul-16 iyul tarixlərinə təsadüf edib. Həmin müddət ərzində Baş nazirinin səlahiyyətlərini onun birinci müavini Yaqub Eyyubov yerinə yetirib. Buna görə də, müvafiq olaraq Yaqub Eyyubov həm qərarları imzalayıb, həm də iyulun 16-da Azərbaycanda səfərdə olan Monteneqro və Gürcüstanın Baş nazirlərini qəbul edib. Bu normal proseduradır. İyulun 20-dən etibarən isə Baş nazir işə çıxır və hazırda da iş başındadır. Onun səhhətində xüsusi bir geriləmə olmayıb və heç bir problem yoxdur».

Bir neçə gündür ki, bəzi qəzet və agentliklər Baş nazir Artur Rasi-zadənin səhhətində problemlər olduğu, onun müalicə üçün xaricə aparıldığını yazırlar.

Üstəlik, Azərbaycanda Baş nazir postunun nə dərəcədə işlək olması siyasi ekspertlərin müzakirəsindədir. Siyasi şərhçilər 77 yaşlı Artur Rasi-zadənin fəaliyyətinin o qədər də diqqət çəkmədiyi qənaətindədirlər.

«İDARƏETMƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ EHTİYAC VAR»

Əli Məsimov
Əli Məsimov
1993-cü ildə qısa müddətdə Baş nazir postunu tutmuş, hazırda Milli Məclisin deputatı Əli Məsimovun fikrincə, islahat yolu ilə bu postun hökumətin idarəetməsində önəmini artırmaq mümkündür:

«Böhran Avropa ölkələrində hələ də davam edir. Bunun ciddi səbəblərindən biri həm də idarəetmə sisteminin böhranıdır. Bütün dünyada, o cümlədən Azərbaycanda idarəetmə sisteminin əsaslı surətdə yenidən qurulmasına, yəni 21-ci əsrin çağırışlarına, təhlükələrinə, problemlərinə cavab verən səviyyədə qurulmasına ehtiyac var. Bu, Avropada da belədir, Amerikada da. Ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrində ciddi islahatlara, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsinə ehtiyac var».

«KİM O VƏZİFƏNİ TUTUR, ONDAN DA ASILIDIR»

Siyasi şərhçi Toğrul Cuvarlı isə hesab edir ki, Baş nazir postunun işlək olması o vəzifəni icra edən şəxsdən asılıdır:
Toğrul Cuvarlı
Toğrul Cuvarlı

«Kim o vəzifəni tutur, ondan da asılıdır. Aydındır ki, prezident üsuli-idarəsində həmişə Baş nazir ikinci, üçüncü dərəcəli fiqur kimi qəbul olunur. Amma bu, elə deyil. Bunu Rusiyanın timsalında da görürük. Artur Rasi-zadəyə gəlincə, yaşlı adamdır, aydındır ki, bu yaşda o vəzifədə fəal işləmək çətin məsələdir».

«İŞTAHLI ADAMLAR BU VƏZİFƏ UĞRUNDA MÜBARİZƏYƏ BAŞLAYACAQLAR»

«Formal idarəetməyə görə, Baş nazir mühüm vəzifədir, nəzəri olaraq böyük səlahiyyətləri var. Reallıqda isə qərarları Azərbaycanda gəlirli sahələri əllərində cəmləşdirmiş prezident və onun yaxın ətrafı verir».

Bunu isə politoloq Zərdüşt Əlizadə deyir.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Artur Rasi-zadənin vəzifədən getmək istəyi barədə media dəfələrlə yazıb. Zərdüşt Əlizadənin fikrincə, siyasi ambisiyaları olmayan Baş nazirin bu postda qalmasında maraqlı olanlar var:

«O, çox «yağlı» yerdir, ondan Artur Rasi-zadə istifadə etmir. Amma prezidentin ətrafındakı xeyli iştahlı adamlar bu vəzifə uğrunda mübarizəyə başlayacaqlar. Bu da bir az başağrısı gətirəcək. Kim də gəlsə, çalışacaq ki, oradakı nəzəri səlahiyyətləri əməli səlahiyyətlərə çevirsin. Yəni, gələn gəlirləri ələ keçirsinlər, qərarların qəbuluna öz təsirlərini artırsınlar. Bu da, görünür, yuxarıda oturan iki-üç nəfər üçün maraqlı deyil».

Baş nazir Artur Rasi-zadə 1935-ci ildə Gəncə şəhərində doğulub. İxtisasca mühəndis-mexanikdir. 16 ildir ki, Azərbaycanın Baş naziri vəzifəsindədir.

Azərbaycan konstitusiyasına əsasən, Baş nazir ölkədə prezidentdən sonra 2-ci şəxs sayılır.
XS
SM
MD
LG