Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

Müəllim-direktor qarşıdurması birinin işini itirməsinə səbəb olub


Foto: Arxiv
Foto: Arxiv
-
Qobustanın Bədəlli kənd sakini Səxavət Binyətov «Qaynar xətt»ə şikayət edib ki, Qobustan şəhər, Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbindən saxta iddialarla işdən çıxarılıb.

Onun dediyinə görə, müəllim işlədiyi müddət ərzində məktəbin direktoru Nanə Qayıbovanın qanunsuz hərəkətlərinə qarşı çıxdığına görə rəhbərlə işçi arasında soyuq münasibət yaranıb. Sonra da intizam qaydalarını pozmasını səbəb gətirərək onu işdən çıxarıb.

Səxavət Binyətov:

«Həmin məktəbdə 2009-cu ilin sentyabr ayından musiqi müəllimi kimi nağara ixtisası üzrə dərslərin tədrisinə başladım. Direktor mənə konsertmeyster dərsi saatları da vermişdi. Nağara ixtisası üzrə cəmi bir şagirdim var idi. Dərs vaxtım 14:45-də bitirdi, həftənin bazar ertəsi günləri isə məktəbdən azad idim. Məktəbdə əsasən pul yığımlarına etiraz edirdim, direktorun qanunsuz hərəkətlərinə qarşı çıxırdım. Bir dəfə çağırdı, dedi ki, jurnalı niyə yazmamısan? Dedim, siz mənə jurnal yazdırmaq əvəzinə yaxşı olar ki, şagirdlər haqqında ümumi cədvəli düzəldəsiniz. Gərək, direktor o cədvəli düzəldəydi ki, o cədvəl əsasında da mən jurnalı yazaydım. Sonra bəhanə gətirdi ki, guya işdə olmamışam. İşdə olmamışdımsa, mənə necə məvacib yazıla bilərdi?».

Səxavət Binyətov deyir ki, 2010-cu ilin əvvəlində məzuniyyətə gedib, fevralın 2-də məzuniyyətdən qayıdanda, direktor ona işdən azad olunduğunu elan edib:

«Fevralın 2-də məni işdən çıxarsa da, əmrin surətini ala bilmirdim. Əmrin surətini alanda isə gördüm ki, işdən çıxarılma tarixim də saxtalaşdırılıb. Guya məni fevralın 22-də işdən çıxarıb. Bir daha deyirəm ki, məni işdən çıxarmasının əsas səbəbi qanunsuz hərəkətlərinə qarşı çıxmağım olub. Məndə müəllimlərdən yığılan pul siyahıları da var. O pulu da məktəbə təftişə gələnlərə vermək üçün yığırdı».

İŞƏ GƏLMİRDİ, DAVAMİYYƏTİ POZURDU, JURNALA QOL ÇƏKMİRDİ

Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin direktoru Nanə Qayıbova isə keçmiş müəllimin dedikləri ilə razılaşmır:

«O müəllim əmək intizamını pozmasına görə 2010-cu ildə işdən azad olunub. Jurnalda saxtakarlıqlara yol verdiyimi deməsinə gəlincə, o, mənim jurnaldakı fəaliyyətimi necə izləyə bilərdi axı? Müavinim deyildi, şöbə müdiri deyildi. İşə gəlmirdi, davamiyyəti pozurdu, jurnala qol çəkmirdi, Pedaqoji Şuranın iclaslarında iştirak etmirdi, rəhbərliyə itaətsizlik göstərirdi. Dəfələrlə xəbərdarlıqlar olundu, nəticə çıxarmadı».

Direktor məktəbdə müəllimlərdən pul yığılması ilə bağlı deyilənləri də təkzib edib:

«Bütün bunlar təftiş olunub, müəllimlərdən izahatlar da alınıb, fakt təsdiqini tapmayıb».

Səxavət Binyətov işə bərpa ilə bağlı Qobustan rayon Məhkəməsinə müraciət etsə də, nail ola bilməyib. Yuxarı instansiya məhkəmələri də onun məktəbə bərpa olunmasına qərar çıxarmayıb.
XS
SM
MD
LG