Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

Elnarə Akimova isə xalq yazıçısının romanını yüksək qiymətləndirir


Elnarə Akimova
Elnarə Akimova
-

"Romanın mütaliəsi, ritmi ilk oxunuşda yorucu təsir bağışlasa da, getdikcə üslubdakı bu usandırıcılıq təhkiyənin çevikliyi, nəql olunan hadisələrin dolğunluğu, təsvirlərin ahəngdarlığı ilə aradan qalxır, bütövlükdə bədii təcəssüm üzvi təsir bağışlayır".



Elnarə Akimova “Hərflərdən başlanan psevdotarix” adlı məqaləsi ilə yazıçı Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Tarix nəinki “müəllim olmaqdan qalır”(Alber Kamyu), əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş olur.

Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi yaşanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar edir.

Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək lazımdır.

M.Süleymanlının “Erməni adındakı hərfllər” romanı məhz, bu məramı - tarixin milli irsdə kodlaşan dəyərlərini yaddaşa ötürmək missiyasına xidmət etməyi təqib qılır, daha çox tarixi unutqanlığımıza ayna tutub bizə erməni şovinizminin xisləti haqqında ətraflı, geniş, təfərrüatlı məlumat çatdırır.

Roman İmirxanlı adlı tarixçi-jurnalistin xatırlamalarından, yanaşma, mülahizə və düşüncələrindən hasilə gəlir.

Bir növ, onun irəli sürdüyü millət konsepsiyasının vasitəsilə oxucuya tarix dərsi keçilir. Əsərdə erməni millətçiliyindən doğan eksponizm yaxından fiksə olunmuş, həmçinin tarixi müəyyənliyimiz, kimliyimiz güclü natural əyaniliklə təsvirini tapmışdır.

Yazıçını fərdi sosial və milli şüurun oyanışı problemi daha çox düşündürür və bu məqsədlə o, türk tarixinin, taleyinin gizli və açıq qatlarına nüfuz edir.

“Erməni adındakı hərflər” romanında bədii təsvirin mərkəzində əsasən, 1980-ci illərin sonlarında baş vermiş proseslər, yenicə qızışmağa başlayan münaqişənin ilkin zaman hüdudları dayanır.

Bu üzdən əsərdə müharibə görüntüləri, döyüş səhnələri yoxdur, çünki burada müharibə hələ başlamayıb, nəql olunan hadisələr ən son olaraq 1980-ci illərin axırlarında, xalq hərəkatının hərəkətə gələn nəhrinin təsviri ilə bitir.

Və ondan başlayır ki, erməni şovinistləri türk kəndinə doğru hərəkət edərək kütləvi deportasiya prosesinə start verirlər:

“İndi hər şey ayrı cürdü, yəni, evlərdə heç kəs yoxdu, dediyimiz kimi, bütün evlərin içi ölüb, daha doğrusu, kənd içindən ölüb, ermənilərin son gəlişi, son xəbərdarlığı da evlərin içinə son gülləni vurdu: “ Nə qədər qan tökülməyib kəndi boşaldın...”, yəni evləri. Ona görə də hamı bayırdadı...”

“Nə qədər ki, qan tökülməyib...” - əsər mövcud münaqişənin ilk baxışda, qan tökülməyən zaman kəsimlərini təsvirə çəkir.

Əslində, bu bir görüntüdür, müharibəyə qədər gedən hazırlıq prosesləri - təxribatlar, sui-qəsdlər, cinayətlər romanda dolğun təcəssümünü tapır. Bizim bura qədər təhlil etdiyimiz romanlar-“Dolu” (A.Abbas), “Haramı” (Ş.Ağayar), “Quqark” (S.Baycan) və “Qaraqovaq çölləri” (Əlabbas) - hər biri müharibə illərinin və müharibəsonrası zamanların insan həyatında açdığı yaraları göstərməyi təqib qılırdısa, “Erməni adındakı hərflər” romanı iki tərəf arasında alovlanan münaqişənin nəşət tapdığı məqamlar, səbəblər, zəminlər üzərində köklənir.

Müəllif bu uçurumu ən lokal şəkildə - ailə-məişət çərçivəsindən çıxarıb iki ölkə miqyasında yaranan münaqişə məqamlarına qədər aparıb çıxarır və dərinləşən ziddiyyətlərin kök, səbəblərini açmağa çalışır.

Bu münaqişə, düşmənçilik məqamı əsərdə bir neçə mərhələdə izlənsə də əsas süjet xətti daha çox səksəninci illərin sonlarına bağlanır.

Şaliko Samukyan arvadı Siranuş Samukyanın şagirdləri ilə şəkil çəkdirdiyi türkü aradan götürməyin planını cızırlar və hər axşam şəkildəki bir türkün öldürülməsi qarşıya məqsəd qoyulur. Bu gizli nifrətin, “mehriban” düşmənçiliyin müxtəlif vaxtlarda qabaran formaları isə daha çox təhkiyəçinin keçmişlə bağlı xatirələrində, anımlarında - retrospeksiya yolu ilə oxuculara çatdırılır.

Müəyyən fraqmentlər şəklində sərgilənən bu parçalarda əsas məqsəd hadisənin, problemin dolğun səciyyəsini vermək, erməni şovinizminin hiylələlərini müəyyən çəkilib qabarmalarla özünü göstərən düşmənçilik sindromunun səbəblərini aramaqdır.

Əsərdə çox təsirli, inandırıcı boyalarla təsvir olunan İmirxanlının qardaşı Uğurlunun, müəllim ağbilən İsmayılın ölüm səhnələri silsiləli davam edən erməni şovinizminin məkrli planlarının əyani təcəssümü olaraq gərəyincə motivlənmiş şəkildə əksini tapmışdır.

Hər biri dolğun hekayə təəssüratı bağışlayan bu hissələrdə -“ Ölümün şəkli” və “Atın gülməyi” adlanan bu yığcam süjetlərdə müəllif bir ailənin, bir insanın faciəsi timsalında erməni-Azərbaycan ziddiyyətinin dərin təcəssümünü verməyə nail olmuşdur.

M.Süleymanlının üslubu həmişə özünəməxsusluğunun qabarıqlığı ilə seçilmişdir. Belə ki, yazıçının əsərləri üçün biri digərini əvəz edən zaman və məkan dəyişmələri, gerçəkliyin qatı boyalarla təqdimi, təhkiyənin estetik çalarlarla zənginliyi səciyyəvidir.

M.Süleymanlıın əsərlərində zaman adətən, elastik, sərhədsiz təqdim olunur. Hələ “Köç” əsərindəki İmirin yuxularında zamanın oynaqlığı - geridönüm (retrospeksiya) və irəlisıçramalar (prospeksiya) vasitəsilə milli türk tariximizin səpələnmiş hadisələrindən ibarət modeli yaradılırdısa, “Erməni adındakı hərflər” romanında bu proses İmirxanlının təhkiyəsi nəticəsində realizə olunur və mətnin struktur-semantik qatlarına tətbiq edilir.

Əsərdə müəllif nitqi də, obrazların danışığı da təbii səslənir. Yalnız ona görə yox ki, əsərdəki obrazların nitqi onların öz dilində (türk, rus, erməni) tədqim olunur, eyni zamanda bu dildə həmin millətin ruhu, xarakterik olan mənəvi-psixoloji çalarları, iradi-
Mövlud Süleymanlı
Mövlud Süleymanlı
əxlaqi keyfiyyətləri təcəssümünü tapa bilir.

Bu bütövlük əsərin estetik siqlətini artırmaqla yanaşı, yazıçı düşüncəsindəki həqiqətə uyarlıqla qovuşduğundan romanın həyatiliyini də gücləndirir.

Bədiiliyə tələblarlığın azaldığı indiki vaxtda yazıçının dil-ifadə məsələsinə həssas yanaşması təqdir olunmalıdır.

Çünki hər bir əsərin uğurunu təmin edən əsas məqamlardan biri onun təhkiyə mədəniyyətidir.

“Erməni adındakı hərflər” romanında bu meyar qorunur. Burada ifadə olunan mətləblər – tarixi, sosial, əxlaqi, mənəvi-psixoloji planda olmağından asılı olmayaraq – milli dilin qatları üzərində kökləndiyindəndir ki, xalq ruhunun ifadəsi səviyyəsində ümumiləşə bilir.

Romanın mütaliəsi, ritmi ilk oxunuşda yorucu təsir bağışlasa da, getdikcə üslubdakı bu usandırıcılıq təhkiyənin çevikliyi, nəql olunan hadisələrin dolğunluğu, təsvirlərin ahəngdarlığı ilə aradan qalxır, bütövlükdə bədii təcəssüm üzvi təsir bağışlayır.

Əsərdə bir çox yer, məkan adlarının, onların etiologiyasının izahları verilir. Ümumən, bütün ruhu və qayəsi ilə türk toplumunun yaddaşına söykənən əsərdə bu məqamın olması təbiidir. Nədən ki, hər bir etnik-mədəni şüurun bütövlüyü, onun dünyaya münasibəti ilk öncə, məkan koordinatlarına söykənir.

Əsərdə adı çəkilən bir çox coğrafi məkan adları sadəcə, türkün məskəni olaraq qabardılmır, həm də daha çox türkün həyatında onların hər birinin oynadığı rol, əsrlər boyu tərəqqisinə rəvac verən genetik kod kimi mənalanır.

“...İstiyirsən, qayıdaq tarixlərə? Bil ki, tarixə qayıtsaq, sən gedib ancaq çobana çıxacaqsan. Elə deyil yoxsa?! Bəlkə səhv eləyirəm”.

Bu sözü İmirxanlıya Seda Sevortyan deyir və bütün əsər boyu müəllif sanki bu fikirlə dartışır, onu təkzib etməyə tarixi, etnoqtafik zəmində əsaslar gətirməyə çalışır:

“ –Çoban olmaq da əslində dövlət qurmaq kimi bir şeydi. Çoban olmaq o deməkdi ki, varın-dövlətin var...Yaxşı, erməni niyə qoyun otarammır, hıı, Dəmir kişi? Niyə çoban deyil? Çünki dövləti olmayıb, yazdığı yalançı tarixlərə baxma. Dövləti olsaydı, bu işləri də bilərdi...Gör bir, əti sevir, qoyunun özünü sevmir, bir yana baxanda da düz eliyir, elə... Dağı səni kimi başa düşmür ki, səni kimi ucalıq görəndə salavat çevirsin. Sən yağışın altında islanırsan, erməni qaçıb gizlənir.”

Hələ XX əsrin əvvəllərində Əlibəy Hüseynzadə yazırdı ki, “türk ruhunda islam işığı ona görə belə tez alışdı və gur yandı ki, doğmalıq və yaxınlıq türkün və ərəbin “bitdiyi”, yaşadığı səhranın özündə idi.”

M.Süleymanlının romanında səhra başlanğıcı türk ruhu və mənəviyyatının, iqtisadi tərəqqi və mədəni-tarixi bütövlüyünün zəmini, özülü kimi təqdim olunur.

Türk milləti əsərə öz folkloru, etnoqrafik cizgiləri, təbiət zənginlikləri, əxlaqi-mənəvi keyfiyyətləri, insani saflığı, məişət koloriti ilə daxil olur.

Papağın quzu olma səhnəsi, toyuqların ayağına patava geyindirilməsi, anasının oğlunun şalvarını geyinib onun gözləməsi inancı, türk Ayişənin türkəçarə ilə Siranuş Sumikyanı sağaltması, insanlarının saza, sözə həssaslıqları, halallıqları, yaşadıqları yerin dağına, daşına belə fitrətən bağlılıqları və s., və i. - roman daha çox məişət həyatının, detalın və peyzajın təbiiliyi, ruh-psixoloji təfsilatın doğruluğu ilə dəyərli görünür.

Bəs bütün bunların sonunda əsərin təlqin etdiyi ideya nədir? Erməni şovinizminin məkrini, xislətini yaxşı tanı(t)maqmı məramı, yoxsa ehtiva etdiyimiz dəyərləri diriltmək, yaddaşı silkələmək çabası?

“-Bilirsən onların itiylə niyə bacarmırsan?- Ulubabyan ayaq üstəydi.
-Bilmirəm, varjaped.
-Çünki erməninin özünün iti yoxdu, olmayıb heç, heç eşitmisənmi deyələr, erməni iti?!”

Bu nüans – müqayisə mexanizmi romanın bütün konsepsiyasına yeridilir. Amma müəllif yalnız buna çalışmır ki, əsərdə yalnız türkü əzəmətli, qüdrətli, düşməni isə heç nəyi olmayan tərəf kimi təqdim etsin.

Belə olsa idi, romanın Z.Balayanın 1984-cü ildə nəşr olunmuş, türkləri barbar, köçəri, heç bir şeyə qadır olmayan xalq kimi təhqir edən “Ocaq” kitabından fərqi olmazdı.

M.Süleymanlı türkün tarixini vəsf edərkən şanlı keçmişindən gəlir, etnoqrafiyasından, təbiətindən, inancı, türkəçarəsindən bol-bol faydalanır və bu cizgilər əsərə təravətli bir baxış əlavə edir.

Azərbaycanda Dağlıq Qarabağa olan iddialara qarşı hərəkat. 1988
Azərbaycanda Dağlıq Qarabağa olan iddialara qarşı hərəkat. 1988
Müəllif türk tarixinə, keçmişinə, təbiətinə bələdçi kimi oxucunu onun seyrinə çıxarır və bu qüdrətin tərənnümü üzərində qurulan fabula idraki, mənəvi, sosial-siyasi mənada genişlənir. Həm də düşündürür.

Niyə bu qədər şanlı və qüdrətli dəyərlərimizlə bu gün uduzan və məğlub tərəfik? Əsərdə bunun birbaşa cavabı var: tarixi təkcə yaratmaq yox, onu həm də təbliğ eləmək, öyrətmək lazım idi.

Bu sırada müəllif erməni şovinizminin xislətini qatı boyalarla açmağa nail olursa da, həmçinin analitik məqamlara diqqət yönəltməyə də yer qoyur. Əsərdə bu iki xətt bir-biri ilə bağlanıb, biri digərinin ümumi fonunun təsvirinə, xarakterlərin çözümünə şərait yaradırlar.

“Bilirsiz, xalqın gərək oxumuşları yarana, savadlı adamları əmələ gələ, yalançı savad yox; dünyanı tanıya, özünü dünyaya tanıda, əgər bu varsa, bu cür oxumuşları, savadlıları varsa deməli, millət yaranır.
Bunun da oxumuşları var, amma oxumuşlarını özünə oxşada bilmədi,- varjapedin birdən-birə üzü gülməyə başlamışdı.”

Bu qarşı tərəfin dilindən özümüzə edilən ironiyadır, zəif tərəflərimizin etirafı, keçmişdən uzaqlaşmağımıza edilən tənədir.

Erməninin düşüncə psixologiyası, illüziyaları və bu sırada, türk xalqının xarakteri, mövqeyi - sadəlövhlüyü, aldanış və eyforiyası ilə birlikdə təsvir olunurlar.

Əsərdə türk tarixi və bu tarixə münasibət-onu yazmaq, təbliğ etmək, öyrənmək və öyrətmək müəllifin əsas düşüncə predmetinə daxildir. Bütün əsər boyu İmirxanlının düşüncəsindən bu süzülür: “biz tarixi yaratdıq, amma lazımınca, gərəyincə öyrənmədik, təbliğ etmədik. Erməni isə ayaq basdığı yerlərin dağına, daşına öz adının hərflərini yazdı. Müəllimi (kimya müəllimi Siranuş Samukyan) erməni adındakı hərflərdən başlayaraq uşaqları türkə nifrət ruhunda yetişdirdi. Dərisatanı (Aped) alver elədiyi dükanın qarşısında erməni psevdotarixini ipə düzüb ağacdan asdı: “papaq alanlar, dəri gətirənlər əvvəcə gərək bu yazılara baxaydı, Apedin suallarına cavab verəydi, yalnız ondan sonra alver eləmək mümkündü... Apedin də alveri elə budu, təki erməni tarixini öyrənən olsun, Aped də beş qazanmasın bir qazansın, erməni öyrənməsə də olar, türk öyrənsin, türk”; vətəndaşı hər ay “Qrunk” təşkilatına pul göndərməyi təməl vəzifəsi kimi qarşısına qoydu.

Türklərsə bu məkr qarşısında yenə də saf və sadəlövh davranır, qarşındakının niyyətini bilə-bilə ona əl uzadıb süfrə açmağından qalmır, erməni qadınını xəstəliyin iti caynağından xilas edib sağaldır, erməni əhalisini qoruyan rus əsgərlərini yedizdirir, hətta əsər boyu bizə tarix dərsi keçən ziyalı obrazı-İmirxanlının özü belə bir erməni qadınının - “Qrunk”un Bakı təmsilçisinın qızı Sevortyan Sedanın yanında aciz görünür:

“İçim sökülür elə bil, özümün də xəbərim olmayıb, erməni qızına belə bağanmışam, birdən-birə bu hala düşməyimə məətəl qaldım.”

Qeyd edək ki, bütün əsər boyu türkçülük ideyasının amansız təbliğatçısı kimi çıxış edən, auditoriya azadlığında qatı millətçi çıxışları ilə seçilən, akademik Balacahunlu ilə türkün şanlı keçmişi, coğrafi əraziləri, yer adları ilə bağlı mübahisələrə girişən, kənd camaatını başına yığıb onlara alovlu tarix dərsləri keçən, erməni şovinizminin xislətinə hamıdan yaxşı bələd olan ziyalımız İmirxanlının bir erməni qızının əlində əsir-yesir qalması oxucunu rəncidə salır.

Nə olsun ki, bu ilişkidə də daim türk söhbəti qabardılır, hətta bu müzakirə-mübahisələr intim səhnələrinə qədər yeridilir, əvəzində oxucunu tarixlə bağlı bir ziyalıdan eşitdiklərinin cazibəsi nə qədər heyrətləndirirsə, bu heyrət İmirxanlının “axçi” aludəliyi önündə fiaskoya uğrayır:

“Oğlan (İmirxanlı-E.A.) alt paltarını əlində gül dəstəsi kimi tutmuşdu, bayaqdan
Özünü "Erməni Azadlıq Ordusu" adlanan hərbi qruplaşmanın üzvləri Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəddə keşik çəkir, 19 yanvar, 1990
Özünü "Erməni Azadlıq Ordusu" adlanan hərbi qruplaşmanın üzvləri Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəddə keşik çəkir, 19 yanvar, 1990
geyinmək istəyirdi, əlləri sözünə baxmırdı, bir də, bununla hirsi soyumayacaqdı ki. Elə ordan, məxmərli kreslonun üstündən, alt paltarı qarışıq əlini silkələyə- silkələyə:
- Bilirsən,- dedi,- dövlət qurub, dövlət görmüş xalq sizin kimi görməmiş olmur, cığal, gözləri özgə qapılarında...Çobanlıq da bir tarixi mərhələdi, siz onu da keçməmisiz, torpağınızın olmaması da, ac qalmağınız da çoban olmadığınıza görədi.”

Necə ki, ona güman bəsləyən həmkəndliləri bu sayaq küskünləşirlər:

“İmirxanlıdan yaxşı tarix yazmayacaqlar ki? Hanı bəs? Nə yazdığı ağlımızda qalıb, nə özü yanımızdadı...İndi də, deyir, bir erməni qızına uyub, nə kənd yadına düşür, nə anası.”

Bu həmən tanış “mif”dir, milli nəsrdə bizə məlum olan xəttin davamıdır. Əslində, yazıçının belə bir münasibəti simvolik olaraq təsvirə alması aydındır- “Əsli və Kərəm”, “Bahadır və Sona” (N.Nərimanov), “Sarı tağ” (S.Əhmədov), “Qarabağ şikəstəsi” (V.N. Sarıhüseynoğlu), “Quqark” (S.Baycan) əsərlərində erməni-azərbaycanlı münasibəti müxtəlif rakurslardan bədii təsvirin mərkəzinə çəkilirsə də nəhayətində milli xarakterin boşluqlarından nəşət tapırlar.

Bu əsərdə də boşluqlara işarə edilir, yenə də qarşı tərəfin dilindən: “Yad elli qızlara meyillidilər, pul sevəndilər”.

Düşünsək ki, söhbət 80-ci illər Bakısından gedir, burda hələ hər növ millətlər, hər çür münasibətlər qovuşmuş, qaynayib qarışmış haldadır, deməli başqa millət nümayəndəsinə aludə - “yad elli qızlara meyl etmək” mifinə hələ yer var. Gərəkirsə hələ erməni qızını yaşadığı Qələ kəndindən sağ-salamat çıxartmağa nail olub onu Ermənistana yola salan (erməni ilə bağladığı yeganə bağı qıran!) İmirxanlının türkün tarixini yazacağına inanmağa da...

Biz eyni hadisələri ona görə təkrar yaşadıq ki, tarixin dərslərindən ibrət götürmədik. Belə olduğu üçün torpaqdan əvvəl milli-mənəvi dəyərlərimizi və tarixi haqqımızı itirdik. Çünki ərazinin bütövlüyü yaddaşın bütövlüyündən, onu mühafizə etmək qüdrətindən asılıdır. “Erməni adındakı hərflər”də bu tarixi öyrətməyə və milli şüuru ayıq saxlamağa güclü potensial var.
XS
SM
MD
LG