Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30
-
- Xurma neçəyədir?

- 1 manat 80 qəpik.

Bakı bazarlarında İran, Tunis, Mədinə, İsrail və digər yerlərdən gətirilmiş xurmalar almaq olar. Qiymətlər isə fərqlidir - 4 manatdan 15 manata kimi.

«İran Xurması 4 manat, Tunis xurması 4 manat 50 qəpik, Mədinə xurması 15 manat, «paçka» xurma isə 1 manat 80 qəpik». Alıcı qiymətləri eşidib əliboş geri qayıdır.

«ORUCLUQDAN ÖNCƏ 1 MANAT OLAN XURMA İNDİ 2 MANATDIR»

3-cü gündür Oruc tutan Bəhruz İsmayılzadə deyir ki, xüsusilə xurmanın qiyməti bahalaşıb:

«Orucluqda həmişəki kimi qiymətlər bahalaşıb. Bizim evdə anam və mən - ikimiz oruc tuturuq. Orucluqdan əvvəl xurmanı 1 manata alırdım. İndi xurma 2 manatdır. Elə yerlər var ki, 2 manat 50 qəpiyə də satılır. Az qala, qiymət iki dəfə qalxıb. Dünən iftar süfrəsinə anam aş, dolma bişirmişdi. Belə də ortabab kasıbın olanından, iftar süfrəsi açmağa ən azı 15 manatlıq bazarlıq elədim».

«BAHALAŞMAYA SƏBƏB ÖLKƏDƏ XURMA QITLIĞIDIR?»

Bakının «3-cü mikrorayon bazarı»nda söhbətləşdiyimiz satıcılar da son bir ayda xurmanın qiymətinin bahalaşdığını təsdiq edirlər. 20 ildir ticarətlə məşğul olan Elxan Məmmədov deyir ki, əsasən kiçik qutularda satılan xurmanın qiyməti son bir ayda 40-50 qəpik qalxıb:
Elxan Məmmədov

Elxan Məmmədov


«Xurmanın ən baha vaxtı indidir. 1 manat 50 qəpik -2 manat arasında. Xüsusilə «paçka xurma»lar bahalaşıb. Səbəb isə odur ki, ölkədə paçka xurma azdır».

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ: «QİYMƏT DƏYİŞİKLİYİ HALI QEYDƏ ALINMAYIB»

İstehlak bazarında qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Bu xidmət daimi monitorinq və araşdırmalar həyata keçirərək istehlak bazarına nəzarət edir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, orucluq ayı ərəfəsində hər hansı qiymət artımı halı aşkarlanmayıb:

«Şübhəsiz ki, bayramlarda, müəyyən əlamətdar günlərdə əhalinin bəzi mal və məhsullara tələbatı artır. Bu müddətlərdə Dövlət Xidməti istehlak bazarında həmin malların keyfiyyətinə, qiymət dəyişikliyinə daha ciddi diqqət yetirir. Apardığımız monitorinq zamanı hər hansı qiymət dəyişikliyi halı qeydə alınmayıb. İstehlak bazarlarında monitorinqlər davam etdirilir».

«QİYMƏT ARTIMININ İKİ SƏBƏBİ VAR...»

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirir ki, ölkədə qutu xurmaya daha çox tələbat varsa, bu məhsulun idxalını artırmaq lazımdır. Bunun üçün hökumət öncədən planlaşdırma aparmalı və problemlərin həlli yollarını axtarmalıdır:
Bakı bazarı

Bakı bazarı


«Bayramlar öncəsi əksər ölkələrdə endirimlər olur, qiymətlərin aşağı salınması üçün müəyyən kampaniyalar həyata keçirilir. Hökumət də müəyyən təşviq addımlar atır. Amma Azərbaycanda bunun əksi baş verir. Bayramqabağı və ya bayram ərəfəsində qiymətlər qalxır. Bununsa iki səbəbi ola bilər. Birincisi, bir çox məhsullarda olduğu kimi, burda da hər hansısa məmurun öz şəxsi maraqları var. Tələb artacaq deyə, qiymətləri də qaldırıb daha çox pul qazanmaq istəyir. Ya da hökumət ümumiyyətlə öz işini planlaşdıra bilmir. Problemləri öncədən təsbit edib, həlli yollarını təklif edə bilmir».

DÜNYADA 1.5 MİLYARD MÜSƏLMAN RAMAZAN BAYRAMI EDİR

İslam tarixçilərinin yazdığına görə, Məhəmməd Peyğəmbər (s.ə.s) orucunu daha çox xurma ilə açdığından, bir çox müsəlmanlar da orucluqda daha çox bu taamdan istifadə edir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə, 2012-ci ildə Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyulun 21-ə təsadüf edib. Bu il Ramazan bayramı avqustun 20-də qeyd olunacaq.

Müxtəlif statistik məlumatlara görə, Ramazan bayramını dünyada 1.5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

Şərhləri göstər

XS
SM
MD
LG