Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Rusiya hamburqeri zərərli qida elan edir


Hamburqer
Hamburqer
-
Rusiyanın Baş sanitar müfəttişi Gennady Onishchenko iyulun 23-də vətəndaşları hamburqerdən uzaq durmağa çağırıb.

Bir qədər əvvəl Moskvada «McDonald's» restoranında «McChicken» alan qadın da onun içindən qurd tapdığını bildirib.

Onishchenko «Interfax» agentliyinə bildirib ki, həmin qadın rəsmən şikayət etsə, restorana müfəttişlər göndərə bilər.

«McChicken»in «hələ yeməyə oxşadığını» deyən Baş müfəttiş hamburqerdən qəzəbini bu sözlərlə ifadə edib:

«Mən bizim hörmətli vətəndaşlarımıza demək istəyirəm ki, hətta içində qurd olmasa belə, hamburqer Moskvada, ümumiyyətlə Rusiyada insanların yeyə biləcəkləri bir şey deyil. Bu, bizim mətbəxin məhsulu deyil».

«YARIYA QƏDƏRİNİ YEMİŞDİM Kİ…»

Bazar ertəsi «Kommersant FM» radiosu özünü Maria adlandıran bir Moskva sakinindən müsahibəni yayıb. Qadın radioya deyib ki, «McDonald's» restoranından aldığı «McChicken» sendviçindən qurd çıxıb:

«Biz maşınla restoranın yanından keçəndə, bir «McChicken» aldıq. Mən onun yarıya qədərini yemişdim ki, bir də gördüm içində qurd var. Onu verdikləri qutunu açanda, içərisində daha bir qurd gördüm».

Maria əlavə edir ki, «McDonald's» onun sendviçə verdiyi pulu geri qaytarıb.

Radionun əməkdaşları bildirirlər ki, dəfələrlə cəhd etsələr də, «McDonald's»dan bu qadının dedikləri ilə bağlı şərh ala bilməyiblər.

Gennady Onishchenko
Gennady Onishchenko
Rusiyanın Baş müfəttişi Onishchenko isə bu yay artıq ikinci dəfədir ki, vətəndaşları xarici mətbəxdən imtina edib, rus yeməkləri yeməyə çağırır. Keçən ay da o, vətəndaşları Yaponiya milli mətbəxinin məhsulu olan suşi yeməkdən çəkinməyə çağırmışdı.

«RIA-Novosti» agentliyinin məlumatına görə, ölkə boyu suşi verən restoranlarda yoxlamalar aparılıb və 100-dən çox qayda pozuntusu aşkar edilib. Müfəttişlər həmin restoranlara 694 000 rubl-dan çox (təxminən 17 000 manat) cərimə kəsiblər.

ONISHCHENKO'NUN XƏBƏRDARLIQLARI: GÜRCÜ ŞƏRABI VƏ BELARUS SÜDÜ İÇMƏ

Gennady Onishchenko bundan əvvəl də bir neçə dəfə Kremlin siyasi məqsədlərinə uyğun olaraq xaricdən gətirilən ərzağın və içkilərin sağlamlığa ziyan vurması barədə xəbərdarlıqlarla çıxış edib. Hətta keçən ilin dekabrında - ölkəni Vladimir Putinə qarşı etiraz aksiyaları bürüyən vaxt o, vətəndaşları soyuqdan qorunmaq üçün küçələrə çıxmamağa çağırırdı.

Onishchenko Moskvanın Tbilisi və Kişinyov ilə münasibətləri pisləşəndə, Gürcüstan və Moldova şərabını «rusların içməsi münasib olmayan» içki elan edərək onların Rusiyaya gətirilməsinə qadağa qoymuşdu.

Onishchenko, həmçinin, Kremlin Kiyevə qəzəbləndiyi dönəmlərdə Ukrayna pendirini, Minskə acıqlı vaxtlarında isə Belarus südünü zərərli elan etmişdi.

Amma onun hamburqeri niyə ziyanlı elan etməsinin konkret siyasi mahiyyəti hələlik aydın deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG