Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:22

6 ayda media 91000 manat cərimə olunub


Foto: Arxiv
Foto: Arxiv
-
12 JURNALİST HƏLƏ DƏ HƏBSDƏDİR

«2012-ci ilin birinci yarısı statistik göstəricilər baxımından əvvəlki illərdən o qədər də fərqlənmir. Həbsdə yenə də xeyli jurnalist var. Mediaya qarşı defamasiya iddia və şikayətlərinin qaldırılmasında intensivlik müşahidə olunur».

Media Hüququ İnstitutunun (MHİ) iyulun 23-də açıqladığı yarımillik hesabatda belə deyilir.

Hesabatda son 6 ayda jurnalistlərə qarşı fiziki, psixoloji basqı və hədələmələrin də səngimədiyi bildirilir.

YARIM İLDƏ DEFAMASİYA İLƏ BAĞLI 17 İDDİA

Hesabata əsasən, 2012-ci ilin birinci yarısında defamasiya ilə bağlı 17 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. İddiaçı və şikayətçilər məmur və iri sahibkarlar olublar. 6 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 milyon 600 min manatdan artıq olub. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 91 min manat təzminat ödəmək vəzifəsi qoyulub.

JURNALİSTLƏRƏ QARŞI NARKOTİK İTTİHAMI

Sənəddə hazırda 12 jurnalistin hələ də həbsdə olduğu qeyd edilir.

Onlardan 5-ə qarşı narkotik vasitələrdən istifadə və ya saxlama ittihamları irəli sürülüb. Digər jurnalistlərsə dövlətə xəyanətdə, rüşvət tələb etməkdə, xuliqanlıqda, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Ancaq həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları onların həbs edilmələrinin əsas səbəbinin jurnalist fəaliyyəti olduğunu, onları susdurmaq üçün şərləndiklərini iddia edirlər.

6 AYDA 45 JURNALİSTƏ BASQI OLUB

Hesabatda qeyd olunur ki, son 6 ayda ən azı 35 jurnalist fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıb. Basqı hallarının sayı isə 45-dən çox olub. Basqıyla üzləşənlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilən jurnalistlərdir. Hüquq-mühafizə orqanları basqıların araşdırılması ilə əlaqədar jurnalistləri razı salan, günahkarları cəzalandıran qərarlar qəbul etməyiblər.

50 SORĞUDAN 17 CAVAB VERİLİB

Hesabatda məlumat əldə etmə sahəsində ciddi geriləmələrin müşahidə olunduğu bildirilir. Qeyd olunur ki, yarım ildə informasiya sahibi sayılan qurumlara göndərilmiş 50 sorğunun yalnız 17-ə cavab verilib. Həmin cavabların yalnız 3-ü istənilən bilgiləri tam əhatə edib. Ancaq həmin cavablar qanunvericilikdə nəzərdə tutulan 7 iş günü ərzində təqdim olunmayıb. Digər cavabların hamısı ya natamam olub, ya da informasiya sahibləri cavab verməkdən imtina ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG