Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:58

Həsən bəy Zərdabi həmin qonaqlıqda niyə çox içmişdi?


Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi
-

Qəribsoltan xanım yazır ki, atası Həsən bəy həmin qonaqlarla həmişəkindən çox içib. Ümumiyyətlə, kiçik qız atasını belə şən ovqatda heç görməyibmiş.



(Zərdabinin qızı, atası haqqında xatirə yazmış
Qəribsoltan xanım Məlikovaya sayğılarla)



HƏSƏN BƏY VƏ ŞÖHRƏTLİ QONAQLARI...


«Atam haqqında xatirələr»də Qəribsultan xanım Bakıdakı evlərində baş tutan maraqlı bir görüşün tarixçəsini danışır.

Xanımın yazdığına görə, Zərdabi qonaq qəbul etməyi çox sevərmiş.

Bir dəfə ya 1896-cı, ya da 1897-ci ildə...

Söhbəti burda saxlayıb sizə bildirim ki, Həsən bəy o vaxt Stavropol və Zərdab sürgünündən sonra ikinci dəfə Bakıya qayıdıbmış.

Şəhərdə 6 otaqdan ibarət mənzil tutub ailəsi ilə yaşayırmış.

Amma qızının yazdığına görə, bu otaqlar hər vaxt kənar adamlarla dolu olarmış.

Qonaqlar və ya öz işi ilə bağlı Həsən bəyin yanına gələn kəndlilər orada yeyib-yatarlarmış.

Bundan əlavə, həmin mənzildə 10 kasıb oğlan uşağı yaşayırmış.

Həsən bəyin xanımı Hənifə xanım onları məktəbə hazırlayırmış.

Hə, belə bir zamanda «Kaspi» qəzetində çalışan Həsən bəy kuryeri evə göndərib Hənifə xanıma bildirir ki, onun yanına—redaksiyaya Rusiyadan əziz qonaqlar gəlib, onları yüksək ehtiramla qarşılamaq lazımdır.

Hənifə xanım bu xəbəri evdəkilərə də yetirir. Hazırlıqlar başlayır. Hamı əyninə təzə paltarlar geyinir.

Axşam qonaqlar Həsən bəylə birlikdə evə təşrif buyurur.

Hənifə xanım onları eyvanda qarşılayır.

Ev sahibəsinin rus dilində mükəmməl bilməsi gələnləri heyran edir.

Həsən bəy və Hənifə xanım
Həsən bəy və Hənifə xanım
Bir haşiyə çıxıb bildirim ki, Hənifə xanım Abayeva Tiflisdə Müqəddəs Nina Qızlar Məktəbini bitirmişdi. Məktəbin buraxılış məzunlarının şəklini «Qafqaz» qəzetində görən Zərdabi onların arasında bir müsəlman qızının olduğunu bilən kimi birbaşa Tiflisə yollanmışdı.

Məktəb müdirinin yanında onunla tanış olub evlənmək istədiyini bildirmişdi. Hənifə xanım da Həsən bəylə ideallarının üst-üstə düşdüyünü görüb bu evliliyə razı olmuşdu.

Və Həsən bəy Bakıya ilk təhsilli qadın olan (üzüaçıq!) həyat yoldaşıyla qayıtmışdı.

Hə, mətləbə qayıdaq.

Qonaqlar otururlar, yeyib-içirlər. Ta axşamdan xeyli keçənə qədər söhbətləşirlər.

Gələnlərdən biri hətta yaxşı oxuyurmuş da...

Qəribsoltan xanım yazır ki, atam bu qonaqlarla həmişəkindən çox içdi.

Ümumiyyətlə, kiçik qız atasını belə şən ovqatda heç görməyibmiş.

Amma qonaqlar hərdən ciddiləşirlərmiş də.

Ölkədə (Çar Rusiyası və müstəmləkə altına saldığı xalqlar—S.İ.) fəhlələrin ağır, acınacaqlı vəziyyətindən danışanda...

Gecə Hənifə xanım qonaqlara yataq hazırlayır, ancaq onlar təşəkkür edib mehmanxanadakı nömrələrinə qayıdırlar.

Uzun sürən qonaqlıqdan sonra Zərdabilər ailəsi yatır.

Ancaq səhər yuxudan oyanan Həsən bəy evdəkilərə deyir ki, gələn qonaqların biri yazıçı Maksim Qorki, o birisi isə müğənni Fyodor Şalyapin idi...
XS
SM
MD
LG