Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:31

İldə 5 milyon insan «tənbəllikdən» ölür


Foto: Arxiv
Foto: Arxiv
-
«Lancet» həftəlik tibb jurnalı hər il 5.3 milyon insanın yetərincə fiziki hərəkətlər etməməsi səbəbindən öldüyünü yazır.

Araşdırmaya əsasən, ürək-damar sistemi xəstəliklərinin 6, diabetli şəkərin 7, döş və qalın bağırsaq xərçənginin 10 faizinə səbəb hərəkətsizlikdir.

Araşdırma müəlliflərinin fikrincə, hərəkətsizlik siqaret və piylənmənin yaratdığı təhlükəyə bərabərdir.

Tədqiqata görə, 15 yaşdan yuxarı hər 10 nəfərdən 3-ü yetərincə hərəkət etmir. 13-15 yaş arası uşaqların isə 4/5-i fiziki olaraq lazımi qədər aktiv deyil.

Jurnalda problemi çözmək üçün yeni yanaşmanın zəruriliyi qeyd olunur:

«İnsanlara hərəkət etməyin faydalarından danışmaq əvəzinə, hərəkət etməməyin təhlükələri barədə məlumat vermək lazımdır».

ƏN PİS VƏZİYYƏT İNGİLTƏRƏDƏDİR

Alimlər bildirir ki, hər yerə avtomobillə getmək, davamlı olaraq televiziya və ya kompyuter qarşısında oturmaqdansa, hər həftə 150 dəqiqəlik gəzinti, velosiped sürmə və ya bağ-bostan işləri daha faydalıdır.

Foto: Arxiv
Foto: Arxiv
Araşdırmada deyilir ki, ən az hərəkət edənlər yüksək gəlirli ölkələrdə yaşayanlardır. Onlar arasında ən pis vəziyyət isə İngiltərədədir. Burda böyüklərin 2/3-si yetərincə hərəkət etmir.

Araşdırma 9 ölkədə aparılıb. Bəlli olub ki, Bosniya-Herseqovinada ölümlərin 9, Xorvatiyada 6.3, İranda 9.9, İraqda 15.6, Qazaxıstanda 8.4, Pakistanda 10.8, Rusiyada 5.6, Serbiyada 18.2, Ukraynada isə 4.9 faizi hərəkətsizlikdən baş verir.

AZƏRBAYCANDA İNSANLAR AKTİV HƏYAT TƏRZİ KEÇİRİRLƏRMİ?

Tibb eksperti Adil Qeybullanın cavabı «xeyr»dir:

«Bizim millət də tənbəlliyə meyllidir. Biz qətiyyən bu məsələlərə diqqət etmirik. Ona görə bizdə də bu cür ürək-damar xəstəlikləri çoxdur, hərəkətsizliyə meyllilik çoxdur. Diqqət edin, şadlıq evlərində toylara. Saat 6-7-dən başlayır, saat 11-12-yə qədər həddən ziyadə yağlı yeməklər qəbul edirlər. Ondan sonra isə gəlib evdə uzanırlar, yatırlar. Kişilərin böyük əksəriyyətində qarın xeyli qabağa gəlib, sanki hamilədirlər. Bu qarın çox ciddi diskomfortdur. Bağırsaqlar asılı durumda qalırlar, sonra onların fəaliyyəti pisləşir. Köp nəticəsində ürək-damarın fəaliyyəti pisləşir. Diafraqma yüksəyə doğru qalxır. Bütün bunlar çox ciddi şəkildə millətin genofonduna neqativ təsir edən amillərdəndir».

XS
SM
MD
LG