Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:56

«Dəyirmanın başında duranda gərək insaf olsun, bir də böyük ürək»


Şair Musa Yaqub
Şair Musa Yaqub
-
"Camaatda da bir az inadkarlıq olmalıdır, haqqını tələb etmək haqqı olmalıdır. Bu dəyirman daşı ağır şeydir. O dəyirman daşını da danışanların, etiraz edənlərin başına salırlar"


Şair Musa Yaqubun AzadlıqRadiosuna müsahibəsi.

- Musa müəllim, əvvəla sizi təbrik edirik. Bu günlərdə yeni kitabınızın – «Dövrün dəyirmanı»nın təqdimatı oldu. Nə deyir «Dövrün dəyirmanı»? Niyə «Dövrün dəyirmanı» adlandırdız?

- Bu kitabda poemalarımı yığmışam, bir də seçmə şeirlərimi. Bu şeirlər cəmiyyətlə, mühitlə, insanla, mənəviyyatla bağlıdır. Dəyirman həmişə mənim qəhrəmanlarımdan olub. Misal var, üstümü unlu görüb dəyirmançı çağırma. Kitaba köhnə poemamı – «Köhnə dəyirmana sözüm» poemamı da daxil etmişəm. Yəni bu dövrün dəyirmanıdır, elə hey fırlanır. Suyunu kəsirlər, dabanını qaldırırlar, başını döyəcləyirlər. Amma həmişə o dəyirman fırlanır və onu fırladanlardan çox şey asılıdır. Dəyirman dünyəvi bir məkandır, ona görə də adını «Dövrün dəyirmanı» qoymuşam.

- Azərbaycanı dəyirmana bənzətsəniz dövrün dəyirmanı nə göstərər?

- Bu dəyirman ədalətlə fırlanmalıdır.

- İndi ədalətsizmi fırlanır bu dəyirman?

- Ədalətsiz işlər çoxdur. «Ən böyük dərd budur ki, sünbül-sünbül tarladan bir dən sənin olmasın. Adın vətəndaş olsun, vətən sənin olmasın». Bu dəyirmanda hərənin öz payı var. Heyf ki, bu payı... «Allahdan paydır gələn, bu payı kimdir bölən? Bölgünü, haqqı bilən əllərə saxlamışıq biz». Yəni bu dəyirman fırlanırsa, dövrün hökmüdür. Amma kaş hərə ondan lazım qədər pay götürə bilsin. Yoxsa hamısını qamarlamaq olmaz, imkanı olanlar, nəfskarlar bu payın başının üstünü kəsdirməsin. Onda elə, camaata bir şey qalmayacaq. Bu mənada adam narazıdır bu dəyirmandan.

- Sizcə, bu dəyirmanın işini düzəltmək, tənzimləmək üçün nə dəyişməlidir?

- Əvvəla o dəyirmanın başında duranda insaf, mürüvvət və böyük ürək olmalıdır. Ürək!. Və camaatda da bir az inadkarlıq olmalıdır, haqqını tələb etmək haqqı olmalıdır. Bu dəyirman daşı ağır şeydir. O dəyirman daşını da danışanların, etiraz edənlərin başına salırlar, fırladır atırlar, heç sözlərinə qulaq asan yoxdur. Çox şey lazımdır. Aşkarlıq olmalıdır. Hər kəsin haqqı verilməlidir, bu torpaq, bu yer, bu dəyirman, dağ-daş hamınındır. Bir adamın, məmurların deyil. Aşağıdan tutmuş prezidentə kimi hamı haqqa qulluq etməlidir. Bunlar pozulanda əlbəttə dəyirmanda da nizam pozulur.

- Musa müəllim, dəyirmanla bağlı bir misal da var: dəyirman öz işindədir, çax-çax baş ağrıdır.

- O çax-çax olmasa şildandan dəyirmanın boğazına dən tökülmür. Gərək ora bir o qədər də dən tökülə. Amma o çax-çax bir növ xəbərdarlıqdır. O çax-çax bizə çox lazımdır. İndi deyirlər ki, söz azaddır, cəmiyyət azaddır. Amma sözü eşitmirlərsə, məhəl qoymurlarsa azad deyil!. Dəyirmanı yaşadan, səsini yayan o çax-çaxdır. Bizdə ağnağaz deyirlər. Yəni çax-çaxı qaldıranda dən tökülmür. Kimin ki, dəni azdır, imkanı yoxdur, təknəni doldura bilmir, gətirib tez bir ovuc çəkir, ağnağaz edir. Onda çax-çaxın səsi kəsilir, yavaşca bir ovuc, bir vedrə çəkib aparırlar. Yəni bizdə də çax-çaxın səsini kəsirlər, sən də bilmirsən bu dəyirman nə deyir. Bu bizim ən böyük dərdimizdir.

- Bu kitabın təqdimatını Rüstəm İbrahimbəyovun başçılıq etdiyi İbrus teatrında etdiz. Bununla Rüstəm İbrahimbəyova dəstək verdiz, yoxsa təqdimat üçün başqa yer olmadı?

- Mən həmişə Ziyalılar Forumunu dəstəkləmişəm, onun Məşvərət Şurasının da üzvüyəm. Bu bir. İkincisi də kitabın təqdimatını Yazıçılar İttifaqında da edə bilərdim. Təqdimatla bağlı təklifsə Ziyalılar Forumundan gəldi. Eyni zamanda, mənim orda olan ziyalılara böyük inamım, hörmətim və məhəbbətim var. Dövlətimizin də ağsaqqal sözünə qulaq asması vacibdir. Çox təəssüf ki, ağsaqqal sözünü də eşitmirlər. Rafiq Əliyevə, Rüstəm İbrahimbəyova qulaq asmaq lazımdır, işdən çıxarmaq, onların başçılıq etdiyi ittifaqa alternativ yaratmaq yox. Ona görə də kitabın təqdimatı burda oldu. Kinematoqrafçılar İttifaqı yaratdılar, zərər yoxdur, bilirəm, iqtidar həmişə belə metodlardan istifadə edir. İbrahimbəyov bizim məşhur yazıçımızdır, kinoçumuzdur, Oskar mükafatı laureatıdır. O Azərbaycanın adını ictimai baxımdan, sənət baxımdan qaldırıb. Onun qədrini bilmək lazımdır. O təkliflərini deyə bilməz cəmiyyətə? Neyləyəcək ki? Onun ittifaqına alternativ yaradırlar. Məni alternativ təşkilat yaratmaqları yandırmır.

Məni yandıran odur ki, Rüstəmin sənət dostları gəlib o cəmiyyətə üzv oldular. Dedilər ki, biz alternativ yaradırıq. Axı onlar sənət adamlarıdır. Gərək bunu biləydilər. Ayıbdır axı. Rüstəmə qarşı, kinoya qarşı durub, bir-birinin üzünə duraraq mübarizə aparırlar. Əgər bizim ziyalılar belə davranırlarsa, hələ cəmiyyətin durulması üçün çox işlər görməliyik. Nədir bu? İqtidar deyib biz də ora yüyürək?... Axı onların vaxtı deyil. Mən çox yanıb-tökülürəm cəmiyyətdə hörməti olan, müəyyən xidməti olan, artıq yaşı ötmüş adamlar da başlayırlar yaltaqlığa, öz simalarına yaraşmayan təriflər deyirlər iqtidara. Bu layiqli işlər deyil.
XS
SM
MD
LG