Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Əmək müqaviləsi olmayan yerdə...


Arxiv foto
Arxiv foto
Bakı sakini Səxavət Əliyev «Qaynar xətt»ə şikayət edib ki, Türkandakı «Külüng» kooperativinə məxsus daş karxanalarından birində uzun müddət traktorçu işləyəndən sonra əmək haqqının böyük hissəsini ödəmədən onu işdən qovublar. Deməsinə görə, onu işə götürmüş Anar Abbasov adlı şəxsin ona azı 2500 manat borcu var. 3 ildən artıqdır ki, pulunu tələb etsə də, ala bilmir.

«2007-ci ilin avqust ayının 8-də onların özünün xahişi ilə mən ora traktorçu kimi işə düzəlmişəm. 2009-cu ilin iyul ayının 25-nə kimi işlədim. Bir gün də Anar Abbasov dedi ki, daha traktorçuya ehtiyac yoxdur, sabahdan işə gəlmə. Həmin vaxta qədər isə mənə 2600 manata qədər borcu yığılmışdı. O pulu ödəməkdən yaxa qurtarmaq üçün məni səbəbsiz işdən qovdu».

Səxavət Əliyev deyir ki, əmək haqqını gündəlik alırdı. Hər iş gününə görə ona 20 manat ödənilirdi. Ancaq son aylar karxana sahibi əmək haqqını növbəti günlər ödəyəcəyini vəd edirmiş. Günün üstünə gün gəldikcə karxana sahibinin traktorçuya borcu da üst-üstə yığılıb.

Arxiv foto:Daş karxanasında çalışan fəhlələr
Arxiv foto:Daş karxanasında çalışan fəhlələr
«Karyer işləmədiyi günlərdə də işə gedirdim. Anar Abbasovla əvvəldən danışığımız belə olmuşdu ki, iş olsa da, olmasa da mənim gündəlik haqqımı ödəyəcək. Ancaq indi yanına gedəndə deyir sən kimsən, mən səni tanımıram».

Səxavət Əliyevin sözlərinə görə, onunla karxana sahibi arasında əmək müqaviləsi olmayıb.

Anar Abbasov «Qaynar xətt»ə bildirib ki, Səxavət Əliyev adında nəinki işçisi olmayıb, ümumiyyətlə, belə bir adam tanımır:

«MƏN BELƏ ADAM TANIMIRAM»

«O, məndən polisə də yazıb, getmişəm, araşdırılıb, mən belə adam tanımıram. Harada yazılıb ki, mənim belə bir işçim olub?».

Səxavət Əliyev Daxili İşlər Nazirliyinə də şikayət edib. Onun ərizəsi araşdırılmaq üçün karxananın yerləşdiyi ərazi üzrə Xəzər rayon polis idarəsinin 1-ci polis bölməsinə göndərilib. Bölmənin əməliyyatçısı Asif Zeynalov deyir ki, araşdırma aparıb və işdə dələduzluq faktı olmadığına görə şikayətçiyə məhkəməyə müraciət etməsini tövsiyə edib:

«Mən Səxavət Əliyevə rəsmi məktub göndərmişəm ki, işdə cinayət tərkibi yoxdur, mülki işdir və mülki qaydaya Xəzər rayon Məhkəməsində karxana sahibinə qarşı iddia qaldırsın. Polis mülki işə baxmır».

ƏMƏK MÜQAVİLƏSİZ İŞLƏDİYİNƏ GÖRƏ...

Namizəd Səfərov
Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov deyir ki, əmək müqaviləsi olmadan işlədiyinə görə Səxavət Əliyevə məhkəmədə həmin karxanada işlədiyini sübut etmək çətin olacaq:

«Ona çoxlu əlavə sübutlar lazım olacaq. Məhkəmə ondan əlavə şahidlər istəyəcək, karxanada işlədiyini sübut edə biləcək video görüntü, ya foto görüntü və başqa sübutlar olmalıdır. Bunlar olmasa Səxavət Əliyevin məhkəməyə müraciəti perspektivsizdir».

Səxavət Əliyev məhkəməyə müraciət edəcəyini deyir. O, fakt, sübut məsələlərində isə onunla birlikdə karxanada işləmiş fəhlə yoldaşlarına arxayındır.
XS
SM
MD
LG