Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

Satıcıların yürüşü, «Paris evləri»nə görə evləri sökülənlər...


Mətbuat icmalı

Mətbuat icmalı

SATICILARIN PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞÜ

«Azadlıq» qəzeti yazır ki, 8-ci kilometrdə yerləşən bazarın 100-dən çox satıcısı Prezident Administrasiyasına yürüş edib. Səbəb isə bu ticarət mərkəzində satıcılardan 2 min manat tələb olunmasıdır. Satıcılar deyiblər ki, bazarın rəhbərliyi səbəbsiz-filansız onlardan 2 min manat tələb edir. Nizami rayon icra hakimiyyəti də bu məsələni həll edə bilməyib. Ona görə də məcbur olub Prezident Administrasiyasına üz tutublar. «Satıcı Fikrət Babayev deyir ki, piştaxta işlədənlərin əksəriyyəti məcburi köçkünlərdir. Bu qədər insanı niyə işsiz qoyurlar?»
Prezident Administrasiyasında qəbulda olan satıcılara deyiblər ki, şikayətinizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlayın.

ASAN XİDMƏT

«Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev iyulun 13-də «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi»nin yaradılması haqqına Fərman imzalayıb. Fərmana əsasən, qurumun yaradılması «dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması» zərurətindən irəli gəlir.

Prezident Administrasiyasının hüquq mühafizə-orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib ki, «ASAN xidmət», ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır.

«PARİS EVLƏRİ»NƏ GÖRƏ ONLARLA AİLƏNİ KÖÇÜRÜRLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, «Ağ şəhər»in tikintisinə görə gecəqonduların sökülməsinə başlanılıb.

Bu ərazidə yaşayan sakinlər qəzetə bildiriblər ki, onların evlərini tikilməkdə olan «Paris evləri» yaşayış kompleksinə görə sökürlər. «Bizə dedilər ki, dövlət əhəmiyyətli layihədir. Əgər mane olsanız həbs ediləcəksiniz».

Sahəsi 221 hektar olan bu ərazidə yaşayış, iş, istirahət və əyləncə üçün 10 universal kvartalın yaradılması nəzərdə tutulur.

«HEYDƏR ƏLİYEV» ADLI İKİCİLDLİK FUNDAMENTAL MONOQRAFİYA ÇAPA HAZIRLANIR

«Azərbaycan» qəzeti yazır ki, Milli Elmlər Akademiyasının Tarix İnstitutunda «Heydər Əliyev» adlı ikicildlik fundamental monoqrafiya çapa hazırlanır.

İyulun 17-də institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə monoqrafiyanın müəllif heyətinin toplantısı keçirilib. İclasda monoqrafiyanın hazırlanması ilə bağlı işin gedişi geniş müzakirə olunub. Qərara alınıb ki, bu fundamental əsər üzərində iş sürətləndirilməlidir.

«Heydər Əliyev» monoqrafiyasının yaxın bir il ərzində yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda nəşr olunması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG