Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11
-
Yay olimpiya oyunları hələ başlanmazdan və idman yenilikləri, rekordlar qəzet səhifələrini doldurmazdan əvvəl, sülhü simvolizə edən bu idman tədbiri haqda Londondan gələn xəbərlər daha çox hərbi hesabatlara bənzəyir.

Belə təfərrüatlı hərbi xəbərlər, məsələn, Bosniya, İraq müharibələri ərəfəsini xatırladır. Sanki London böyük idman bayramına deyil, irimiqyaslı hərbi əməliyyata hazırlaşır.

Britaniyanın Mədəniyyət naziri Jeremy Hunt'dan gələn ən son xəbərlərdən biri də Olimpiya Oyunlarının mühafizəsi üçün əsgəri qüvvənin artırılması haqda idi.

Bundan bir qədər əvvəl Müdafiə naziri Philip Hammond gileylənmişdi ki, artıq bu məqsədlə 17000 əsgər və zabitin ordudan ayrılması ölkə silahlı qüvvələrinin təlim-məşq proqramlarına mənfi təsir göstərir.

Daha çox hərbi qüvvənin ayrılmasına səbəb Olimpiadanın rəsmi mühafizəçisi - G4S şirkətinin 10400 mühafizəçiyə ehtiyac duymasıdır.

G4S özəl təhlükəsizlik şirkətidir və öz xidmətləri müqabilində dövlətdən pul alır.

Cənab Hunt deyib ki, G4S-in belə bir böyük tədbirin mühafizəsi üçün daha çox canlı qüvvə istəməsi başadüşüləndir və hökumət lazımi qüvvəni ayıracaq.

Bununla belə, şirkətin rəhbəri Nick Buckles Olimpiadanın mühafizəsi üçün artıq aldığı 284 milyon funt sterlinqi (350 milyon manat) necə xərclədiyi barədə hökumətə hesabat verməli olacaq.

London yaxınlığında «Rapier» raket qurğusu

London yaxınlığında «Rapier» raket qurğusu

OLİMPİADANIN MÜDAFİƏSİ ELƏ VƏTƏNİN MÜDAFİƏSİDİR

Olimpiadanın su yarışlarını isə Britaniyanın hərbi-dəniz piyadaları qoruyacaqlar.
Bəzi ekspertlər Olimpiya Oyunları zamanı 11 saat növbə çəkəcək hərbçilərin elə G4S tərəfindən pulla mükafatlandırılmasını təklif edirlər. Lakin Müdafiə naziri bildirib ki, əsgərin vəzifəsi vətəni müdafiə etməkdir və burada idman yarışları istisna deyil.

Bu arada Olimpiada obyektləri üzərindən uçuşlar qadağan edilib. Hərbi-hava qüvvələri bildirib ki, bu qadağanı pozan istənilən uçan obyektə əvvəlcə xəbərdarlıq ediləcək, sonra lazer zərbəsi endiriləcək. Bundan sonra da əmrə itaətsizlik olarsa, obyekt vurulacaq. Demək lazımdır ki, 60000-dən çox şəxsi pilotu olan ölkə üçün bu məsələ son dərəcə aktualdır.

Ümumiyyətlə isə, London-2012-nin hərbi-hava qüvvələri «Typhoon» qırıcılarından, snayperlərin yerləşdiriləcəyi «Puma» vertolyotlarından, Londonun 6 nöqtəsində yerləşdirilmiş «Rapier» və «Starstreak» yer-hava tipli raket sistemlərindən, hərbi dəniz donanmasının «Sea King» vertolyotlarından ibarətdir.

Bundan əlavə donanmanın ən böyük gəmisi – vertolyotdaşıyan «Ocean» Kral Gəmisi Temza çayına daxil olub.
Londonda hərbçilər, 12 iyul 2012

Londonda hərbçilər, 12 iyul 2012


HEÇ ÇİNDƏ BELƏ ŞEY OLMAMIŞDI...

London Olimpiadasının mühafizəsinə ağır tanklar da çıxarılıb. Onlar əsasən «Hitrou» hava limanında yerləşdirilib.

Britaniya müxalifəti hökuməti tənqid edərək bildirir ki, hətta Çin belə təhlükəsizlik tədbirlərinə əl atmamışdı.

Bu arada şərqi Londonun sakinləri evlərinin damlarında raketlərin yerləşdirilməsindən şikayət etsələr də, məhkəmə onların şikayətini təmin etməyib.

Öz növbəsində, Britaniya ordusu londonluları sakitləşdirir ki, ən azı onların həyətyanı sahələrində tanklar olmayacaq, onlar öz güllərini və çiyələklərini rahatca sulaya biləcəklər. Hərçənd, buna indi o qədər də ehtiyac yoxdur. Artıq 3 aya yaxındır ki, Britaniyada şıdırğı yağışlar yağır və hökumət bağları şlanqla sulamaq qadağasını qaldırıb.

Bu leysanda Olimpiya Oyunları necə olacaq, bunu heç sinoptiklər də bilmirlər. Britaniya hava bürosu artıq aylıq proqnozlar vermir. Yəni, qalanı Allahın işidir.
XS
SM
MD
LG