Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:07
-
«Ayda 200 manat pensiya alıram. Həm də işləyirəm. Birtəhər başımızı girləyirik də. Amma işləməsəm, o pensiya məni görməz. İşləməyən təqaüdçü övladının, qohumunun hesabına yaşayır. O yaşamaq deyil ey, sürünməkdi. Yəni, ölməmək üçün».

500-600 MANAT OLSA...

Bu, təqaüdçü Mövlud Musayevin dedikləridir. O, hesab edir ki, indiki şəraitdə minimum yaşayışı ən azı 500-600 manat təqaüd almaqla təmin etmək olar. Deyir, tək özün olsan nə var, ailə var, dava-dərman, xeyir-şər məclisləri var. İndiki təqaüdlə belə məsələləri həll etmək mümkün deyil.

Mövlud Musayevin bankda sovet dövründən qalma əmanəti də var. Özü də 8000 manat. Deyir, bunun müqabilində nə alacağı bəlli deyil. Artıq sənədləri banka verib. Deyiblər bir aydan sonra gəl.

Prezident İlham Əliyev iyulun 16-da Hacıqabulda, Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində çıxış edərkən deyib ki, indi Avropada hökm sürən iqtisadi və maliyyə böhranının ikinci dalğası başlanıb. Artıq böyük ölkələr də bu çətinliklərlə üzləşirlər – sosial ödəmələr, iş yerləri, büdcə xərcləri ixtisar edilir. Azərbaycanda isə bunun tam əksi müşahidə olunur. Belə böhranlı illərdə təqaüdlər artırılır, sovet dövründən qalan əmanətlərin kompensasiyasına başlanılıb:

SOSİAL PROQRAMLAR İXTİSAR EDİLMƏYİB

«Biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir – bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əməkhaqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində».

Foto: Arxiv

Foto: Arxiv

İlham Əliyevin fikrincə, Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməyib, əksinə, onları artırıb.

Bakı küçələrində keçirdiyimiz sorğuda isə sakinlərin sovet dövründən qalma əmanətlərin qaytarılmasına və təqaüdlərin artırılmasına münasibətləri birmənalı olmadı. Əmanətlərin aşağı indeksasiya ilə qaytarılmasından və təqaüdlərin azlığından gileylənənlər də oldu, «bundan da pis ola bilər» düşüncəsindən çıxış edib buna da şükür deyənlər də.

250 MANAT OLSA, TAM ÖDƏYƏR

Məsələn, Bakı sakini Əzizağa Məmmədov deyir ki, ölkədə hər şey yaxşıdır. İnsanların güzəranı da getdikcə yaxşılaşır. Dediyinə görə, pensiyası ona çatır. Sovet dövründən qalma əmanət kitabçasını isə hara atıbsa, hələ də uşaqları tapıb üzə çıxarda bilməyiblər.

Güldəstə Musayeva isə bankdakı əmanətini aldığını, amma onu qane etmədiyini bildirir. Deyir, sovet hökumətinin bankına qoyduğu əmanəti qaytardılar:

«Bəs 1992-ci ildən bu yana, yəni Azərbaycan dövlətinin bankına qoyduğumuz əmanəti kim qaytaracaq?».

Əlağa Dadaşov isə deyir ki, 165 manat pensiya alır. Ayı başa vurmağa çatmır. Amma bu da pis deyil:

«Amma 250 manat olsa, ayı tam ödəyər. Çünki dava-dərman da almaq lazım gəlir».

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə ölkədə aparılan siyasətin sosial yönümlü olması fikri ilə razılaşmır. Deyir, əvvəllər Azərbaycan hökuməti hər addımbaşı iqtisadi artım, büdcənin imkanlarının genişlənməsi ilə bağlı geniş məlumatlar verirdi. Məhəmməd Talıblı

Məhəmməd Talıblı

Ancaq son 2 ildə o cür pafoslu açıqlamalar-sosial xərclərin, sosial müavinətlərin, əmək haqlarının artması, yaşayış minimumunun yüksəlməsi ilə bağlı böyük rəqəmlərlə danışmaq mümkün olmur:

SOSİAL YÖNÜMLÜ BÜDCƏ NƏDİR?

«Ona görə ki, Azərbaycanda bir ildə yaşayış minimumu təxminən 8 manat 50 qəpik həcmində artır. Azərbaycanda əmanətlərin qaytarılması MDB məkanında ən aşağı məzənnə indeksasiyası ilə kompensə olunur və s. Yəni, bunlar onu göstərir ki, əslində Azərbaycanın büdcə gəlirləri artanda onlara uyğun olaraq sosial xərcləmələrdə də heç artımlar olmurdu. Əksinə, büdcənin imkanları artanda bu, daha çox investisiya xərclərinin artırılmasına gətirib çıxarırdı. Yəni, 100 manat xərclərimizin 35 manatı investisiya xərcləri üçün nəzərdə tutulurdu».

Məhəmməd Talıblı hesab edir ki, indiki halda Azərbaycanda büdcəni sosialyönümlü adlandırmaq üçün hansısa ciddi sosial layihədən danışmaq olmaz. Onun fikrincə, o büdcəni sosialyönümlü büdcə adlandırmaq olar ki, onun sosial xərclərinin payı 50 faizdən artıq olsun. Amma indiki halda işləyən əhali qrupları da bəzən ölkədə yaşayış minimumundan da aşağı əməkhaqqı, pensiya alırlar:

«Bu, ondan xəbər verir ki, əslində ölkədə həyata keçirilən sosial siyasət effektiv deyil. Sadəcə olaraq, əyalətlərdə yaşayan əhali də xərcləri yüksək olmadığı üçün bu və ya digər şəkildə bununla razılaşmaq məcburiyyətində qalır».

Ekspertin fikrincə, belə sosial siyasəti effektiv sosial siyasət adlandırmaq olmaz.

Şərhləri göstər

XS
SM
MD
LG