Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Üçəmlər yemək və bez çətinliyi yaşayır


Üçəmlər
Üçəmlər
-
5 nəfərdən ibarət Səmədovlar ailəsi bir günün içində 3 nəfər daha artıb: Tükəzban Səmədlinin dünyaya 3 körpə gətirməsi ilə ailə tərkibi genişlənib.

Fatimə, Zeynəb və Zəhra onların sevincini üçqat artırsalar da, dünyaya gəlişləri ilə onsuz da çətinliklər yaşayan ailənin yükünü bir az da artırıb. Bu, «qız yükü, duz yükü» məsəli ilə bağlı deyil, adicə qida, geyim problemləridir.

KÖRPƏLƏRİ TAXTA İLƏ AYIRACAQLAR

Üçəmlərin nənəsi Nigar Səmədova şəraitsizliklərindən danışır:

«Bir azdan çarpayının aralarına taxta vuracam ki, uşaqlar bir-birinə toxunmasın. Əl-qol atırlar bir-birinə. Bu körpə uşaqları taxtanın arasına salarlar?».

Əhmədli qəsəbəsindəki yataqxanada 8 nəfərlik ailə 24 kv. m-lik 2 otağı paylaşır. Mənzil təzə təmirdən çıxsa da, divar kağızının altından nəmişliyin izləri gözdən yayınmırdı.

«YEMƏYİNİ ALIM, BEZİNİ ALIM?»

Gənc ana Tükəzban Səmədli körpələrinin ehtiyaclarını ödəməkdə çətinlik çəkdikləri üçün ən ucuza qaçırlar:

«Günə bir qutu yemək gedir. Fəhləliklə 10 manat pul qazanırlar. 10 manata mən bunların paltarını alım, yeməyini alım, bezini alım, ev-eşiyi dolandırsınlar? Çatdırmaq olmur».

Tükəzban Səmədli
Tükəzban Səmədli
40 günlük ana heç həkimin də məsləhətlərinə əməl edə bilmir:

ANA SÜDÜ ÜÇÜN NÖVBƏ...

- Həkim süd-zad tapşırıb. Onları almağa pul yoxdur ki, alım mən yeyim. Mal əti, toyuq əti, ağartı məhsulları lazımdır. Amma pul yoxdur. Boğazımızdan kəsib uşaqlara veririk.

- Uşaqların üçünə də südünüz çatır?

- Yox. Bir gün birinə, o biri gün o birinə, bir gün də o birinə verirəm süd.

Prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetinin iclasında deyib ki, Azərbaycan əhalisi daha da artmalıdır. Onun fikrincə, bunu Azərbaycanın iqtisadiyyatı və siyasi iradəsi diktə edir:

«Bu, nəinki Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq, - bu, ümumiyyətlə gələcək üçün lazımdır. Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır».

ƏHALİ NƏ VAXT ÇOXALAR?

İqtisadçı Natiq Cəfərli isə deyir ki, indi Azərbaycan əhalisinin dövlət tərəfindən heç bir stimullaşdırıcı proqramı yoxdur:

Natiq Cəfərli
Natiq Cəfərli
«Əhalinin sosial vəziyyəti yaxşılaşarsa, sosial tərəfdən problemlərin həll olunduğunu görərsə, sabit gəliri, sabit gəlir mənbəyi olarsa, təbii ki, insanlar özləri qərar verərək ailə sayının artırılmasına gedə bilərlər. Artım xatirinə, say xatirinə olmur bu işlər. Bunun arxasında ciddi şəkildə düşünülmüş sosial, iqtisadi, siyasi proqramlar ortaya qoyulmalıdır».

Natiq Cəfərli belə stimullaşdırıcı tədbir kimi, məsələn, Rusiyada 2025-ci ilə kimi demoqrafik inkişaf konsepsiyasını örnək göstərir. Konsepsiyada demoqrafik vəziyyətin sabitləşdirilməsi üçün doğum səviyyəsinin artırılması zərurəti də var. İqtisadçı deyir ki, Rusiyada ailənin hər ikinci uşağına 6500-7000 manat kompensasiya ödənilir. Üçüncü uşaq doğulduqda isə, sosial ipoteka verilir.

2006-cı il yanvarın 1-dən Azərbaycanda aztəminatlı ailələrdə böyüyən azyaşlı uşaqlara verilən uşaqpulu ləğv olunub. Bu qərar Ünvanlı sosial yardım haqqında Qanunun qüvvəyə minməsindən sonra verilib.

HÖKUMƏT NƏ TƏKLİF EDİR?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vahab Məmmədov deyir ki, uşaqpulu məsələsi Sovet dövründən qalma imtiyaz idi, indi başqa proqramlar həyata keçirilir:

«Ancaq indiki zamanda yeganə üsul məhz yoxsulları, kasıb olan ailəni müəyyən edib onlara ünvanlı yardım göstərməkdir. Səmədovlar ailəsi də müvafiq qaydada Sosial Müdafiəsi Mərkəzinə müraciət etsin, yardımı alacaq».
Rusiyada ailənin hər ikinci uşağına 6500-7000 manat kompensasiya ödənilir
Rusiyada ailənin hər ikinci uşağına 6500-7000 manat kompensasiya ödənilir

Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar 2004-cü ildə «Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində» Dövlət Proqramı qəbul olunub. Vahab Məmmədov deyir ki, hazırda Azərbaycan hökumətinin əsas hədəfi sərhəd zonalarda əhalinin sayının artırılmasıdır:

«Onların təkcə say baxımdan yox, eyni zamanda keyfiyyət artımını təmin etmək, müvafiq sosial xidmətlərin yaxşılaşdırılması, gənc ailələrə müvafiq şərait yaradılması, imtiyazlar verilməsi və digər istiqamətlər üzrə tədbirlər görülür».

Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinət 75 manat təşkil edir. İşləyən analar üçünsə analıq məzuniyyəti dövründə hər ay 20 manat müavinət nəzərdə tutulub.

«HEÇ OLMASA 50 FAİZ...»

Nigar Səmədova deyir ki, hələ «südpulu» dedikləri birdəfəlik müavinəti almayıblar. Onun fikrincə, heç bu məbləğ də imkansız ailənin problemlərinin həlli üçün kifayət deyil:

«Şərait yaratmalıdır hökumət. Vaxtlı-vaxtında uşaqpulu versinlər. Çoxuşaqlıları təmin etsinlər. «Pampers»dir, yeməkdir, heç olmasa, 50 faizinə kömək eləsələr, onda camaat da məcbur olar, əhalinin sayı çoxalar».
XS
SM
MD
LG